Azərbaycanın qlobal kapitala açılan qapısı – ANALİTİKA
Azərbaycan son illərdə regionun iqtisadi və siyasi həyatında mühüm oyunçu kimi, etibarlı tərəfdaş mövqeyini möhkəmləndirərək, sabitlik və etimad mənbəyinə çevrilib. Cənubi Qafqazın ən iri iqtisadiyyatı olan ölkə enerji resursları ilə yanaşı, həm də strateji coğrafi mövqeyi, regional nəqliyyat-logistika təşəbbüslərində aparıcı rolu və dayanıqlı inkişaf gündəliyi ilə beynəlxalq diqqəti öz üzərinə cəlb edir. Azərbaycanın xarici siyasəti iqtisadi diplomatiya ilə vəhdət təşkil edir: ölkə həm Şərq, həm də Qərb bazarları üçün etibarlı tərəfdaş, tranzit qovşağı və sərmayə üçün əlverişli məkan kimi mövqeyini möhkəmləndirir.
Sabit siyasi mühit, müasir infrastruktur layihələri, biznes fəaliyyətinin asanlaşdırılması və şəffaf investisiya mühiti – bütün bunlar ölkənin nüfuzunu artırır, xarici investorların diqqətini bura yönəldir. İqtisadiyyatın şaxələndirilməsi, “yaşıl enerji”, innovasiya və yüksək texnologiyalar sahəsində həyata keçirilən islahatlar isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda strateji oyunçu statusunu gücləndirir.
Bu inkişaf yolunun mühüm dayaqlarından biri də Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlər və beynəlxalq əməkdaşlığa verdiyi xüsusi önəmdir. Son illərdə dövlət başçısının həm ikitərəfli, həm də çoxtərəfli formatda apardığı müzakirələr Azərbaycanın iqtisadi diplomatiyasını gücləndirməklə yanaşı, ölkənin etibarlı tərəfdaş imicini də möhkəmləndirir. Bu görüşlər Azərbaycanın adını həm enerji və nəqliyyat xəritəsində, həm də qlobal maliyyə xəritəsində ön sıralara çıxarır.
Enerji, nəqliyyat, “yaşıl iqtisadiyyat” və sənaye sahələrində imzalanan sazişlər bir daha göstərir ki, Azərbaycan təkcə region daxilində deyil, beynəlxalq miqyasda da iqtisadi güc mərkəzinə çevrilməkdədir. Prezidentin xarici investorlarla birbaşa təmasları, strateji layihələrdə şəffaflıq və qarşılıqlı faydalılıq prinsiplərinin önə çəkilməsi isə ölkəyə yönələn investisiya axınını daha da sürətləndirir. Təsadüfi deyil ki, 2004–2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 344,4 milyard ABŞ dolları həcmində sərmayə cəlb olunub və bunun 213,2 milyard dolları məhz qeyri-neft sektorunun inkişafına yönəlib ki, bu da diversifikasiyanın artıq real nəticələr verdiyini göstərir.
Məhz bu fon üzərində Prezident İlham Əliyevin ABŞ-də dünyanın alternativ investisiya bazarının liderləri – “Blackstone”, “Brookfield Asset Management” və “Neuberger Berman” şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın beynəlxalq maliyyə sistemində yüksələn statusunun təsdiqi kimi qiymətləndirilməlidir. Daha da önəmlisi isə, bu görüşlərin təşəbbüskarının qarşı tərəf olmasıdır – bu fakt ölkəmizin iqtisadi imkanlarının və geosiyasi çəkisinin qlobal kapital bazarlarında yaratdığı marağı parlaq şəkildə ortaya qoyur.
Əslində, bu marağın kökləri aydındır. Azərbaycanın artan iqtisadi sabitliyi, enerji və nəqliyyat mərkəzi kimi qlobal əhəmiyyəti, eləcə də dayanıqlı inkişaf və diversifikasiya kursu dünyanın ən böyük sərmayəçilərinin diqqətini buraya yönəldir.
Dünyanın alternativ investisiya nəhəngləri
Hazırda sözügedən üç şirkət birlikdə təxminən 2,8 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Bu rəqəm bəzi böyük dövlətlərin illik ÜDM-dən də yüksəkdir. Onların idarəçiliyinə milyonlarla fiziki şəxs, yüzlərlə pensiya və suveren fond, həmçinin dünyanın aparıcı universitetləri etibar edir. Bu səbəbdən Azərbaycanın bu maliyyə nəhəngləri ilə tərəfdaşlığı yalnız kapital axını ilə məhdudlaşmır. Burada söhbət həm də qlobal biliklərin, qabaqcıl texnologiyaların və strateji idarəetmə təcrübəsinin ölkəyə transferindən gedir.
Gəlin indi qısa bir arayışla həmin şirkətlərin fəaliyyətinə nəzər salaq – çünki onların miqyası və nüfuzu Azərbaycanın qarşısında açılan yeni perspektivlərin ölçüsünü daha aydın göstərir.
“Blackstone”: daşınmaz əmlakdan süni intellektə qədər
1985-ci ildə əsası qoyulan “Blackstone” bu gün 1,2 trilyon dollarlıq aktiv portfeli ilə dünyanın alternativ investisiya bazarında ən böyük oyunçuya çevrilib. Şirkət daşınmaz əmlakdan infrastruktur layihələrinə, səhiyyədən süni intellektə qədər geniş spektrdə fəaliyyət göstərir.
Məsələn, “Blackstone Real Estate Partners X” fondu 30,4 milyard dollar cəlb edərək tarixdə ən böyük daşınmaz əmlak fondu olub. Yaxud “QTS Data Centers” platforması 2 qiqavatlıq elektrik tutumu ilə San-Fransiskonun enerji istehlakına bərabər gücə malikdir. Dünyaca məşhur “Hilton” hotellər şəbəkəsi, maliyyə nəhəngi “Refinitiv” və biotexnologiya üzrə ixtisaslaşmış “BioMed Realty” də şirkətin uğurlu layihələri sırasındadır.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) artıq 2015-ci ildən “Blackstone” ilə əməkdaşlıq edir və müxtəlif fondlara 1 milyard dollardan çox sərmayə yatırıb. Bu əməkdaşlıq maliyyə gəlirləri ilə yanaşı, həm də ölkə üçün rəqəmsal infrastruktur, “yaşıl enerji”, tibbi araşdırmalar və logistika sahələrində yeni imkanlar deməkdir.
“Brookfield”: qlobal enerji və infrastruktur lideri
Əgər “Blackstone” daha çox maliyyə və daşınmaz əmlak dünyasının simvoludursa, “Brookfield Asset Management” bəşəriyyətin enerji və infrastruktur gələcəyinin ünvanıdır. 125 illik tarixə malik bu şirkət bu gün 1 trilyon dollarlıq aktiv portfeli ilə dünyanın ən iri alternativ investisiya menecerlərindən biri hesab edilir.
Onun portfeli ABŞ-dan Avropaya, Asiyadan Cənubi Amerikaya qədər uzanır və yüz milyardlarla dollar dəyərində strateji aktivləri əhatə edir. Xüsusilə diqqətçəkən sahə isə bərpa olunan enerji və nüvə texnologiyalarıdır. Hazırda “Brookfield”in 43 qiqavat işlək enerji gücü var – bu, Hindistanın ümumi elektrik istehsalından belə çoxdur. Şirkət “Microsoft” və “Google” ilə “yaşıl enerji” sazişləri imzalayıb, eyni zamanda nüvə texnologiyalarında dünyaca məşhur “Westinghouse Electric Company”nin sahibidir.
ARDNF 2019-cu ildən “Brookfield” ilə əməkdaşlıq edir və 660 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Bu tərəfdaşlıq Azərbaycana bərpa olunan enerji, telekommunikasiya, data mərkəzləri, logistika və təhsil sahələrində strateji layihələr üçün yeni nəfəs gətirə bilər.
“Neuberger Berman”: texnologiya və təhsil fokusunda
Dünyanın alternativ sərmayə nəhənglərinin üçlüyünü tamamlayan “Neuberger Berman” isə texnologiya və təhsil yönümlü strategiyası ilə seçilir. 1939-cu ildən fəaliyyət göstərən şirkət bu gün 538 milyard dollarlıq aktiv idarə edir ki, bunun 140 milyard dolları alternativ investisiyalara yönəlib.
Portfeli informasiya texnologiyaları, səhiyyə, istehlak və sənaye sahələrində mühüm trendləri əhatə edir. Uğurlu investisiyalar arasında “Nord Anglia Education” (30 ölkədə 100-ə yaxın məktəb şəbəkəsi) və “Solenis” (160 ölkədə sənaye kimyəvi məhsulları istehsal edən qlobal şirkət) xüsusi yer tutur.
ARDNF ilə əməkdaşlıq 2016-cı ildən başlayıb və bu çərçivədə təxminən 600 milyon ABŞ dolları sərmayə yatırılıb. Bu tərəfdaşlıq isə Azərbaycanın təhsil, səhiyyə və texnologiya sektorları üçün yeni səhifələr açır – bilik transferindən tutmuş innovasiya mərkəzlərinin yaradılmasına qədər.
Bakı İnvestisiya Forumu – 10 milyard dollarlıq yeni mərhələ
Sentyabrın 22-23-də Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkənin qlobal kapital bazarlarına inteqrasiyasının strateji mərhələsini təsdiqlədi. Forum beynəlxalq investorları bir araya gətirərək Azərbaycanın formalaşan yeni iqtisadi kimliyinin təqdimatına çevrildi.
Təkcə iki gün ərzində ümumi dəyəri 10 milyard dollardan çox olan layihələr üzrə sazişlər imzalandı. Bunun 7 milyard dollardan artıq hissəsi xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəridir, bu da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin artıq praktik reallığa çevrildiyini göstərir. Əldə olunmuş tərəfdaşlıqlar maliyyə vəsaitlərinin ölkəyə axını ilə yanaşı, həm də qlobal biliklərin, qabaqcıl texnologiyaların və innovativ idarəetmənin transferini təmin edir.
İnvestisiya forumunun nəticələri ilə yanaşı, ABŞ-da keçirilən görüşlərdə xüsusi diqqət çəkən məqam Azərbaycanın dünyanın üç aparıcı maliyyə nəhəngi – “Blackstone”, “Brookfield” və “Neuberger Berman” ilə əməkdaşlığının formalaşdırdığı strateji üstünlüklər oldu.
Bu əməkdaşlıq, ilk növbədə, kapital axını və dayanıqlılığın təmininə xidmət edir: dünyanın ən iri fondlarının vəsaitlərinin cəlbi maliyyə bazarlarında sabitliyi artırır. Bununla yanaşı, süni intellekt, rəqəmsal infrastruktur, bərpa olunan enerji və səhiyyə kimi sahələrdə qabaqcıl təcrübənin ölkəyə gətirilməsi texnologiya transferini sürətləndirir. Qeyri-neft sektorunda həyata keçirilən iri layihələr iqtisadi təhlükəsizliyi möhkəmləndirərək diversifikasiya siyasətini real nəticələrə çevirir. Nəhayət, Azərbaycanın regional liderliyi daha da güclənir: Bakı artıq təkcə enerji ixracçısı kimi deyil, həm də qlobal kapital və innovasiya mərkəzi kimi mövqeyini təsdiqləyir.
Beləliklə, bu proses sadəcə yeni investisiya sazişlərinin imzalanması ilə məhdudlaşmır, əksinə Azərbaycanın gələcək iqtisadi kimliyini müəyyənləşdirir.
Azərbaycanın yeni iqtisadi portreti
Bütün bu proseslərin fonunda Azərbaycan əsrlər boyu neft ölkəsi kimi tanınmışdısa, indi artıq bilik, innovasiya və kapital mərkəzi kimi də mövqeyini möhkəmləndirir. Strateji coğrafi mövqe, enerji və logistika imkanları, açıq investisiya siyasəti və dövlət başçısının məqsədyönlü diplomatiyası ölkəmizi qlobal kapital üçün cəlbedici ünvan halına gətirib.
Necə ki, buradan Avropaya da, Asiyaya da yollar uzanır, indi dünyanın ən iri maliyyə nəhənglərinin kapitalı da məhz Bakıya istiqamətlənir. Bu, Azərbaycanın gələcəyini müəyyən edən yeni bir mərhələdir – sabitliyin, dayanıqlılığın və qlobal liderliyə doğru inamlı addımların mərhələsi.