Azərbaycan turizm məkanına çevrilir
2035-ci ilə kimi bu sektordan ölkə büdçəsinə 17 milyard manatdan çox vəsaitin daxil olması gözlənilir
Azərbaycanın səyahət və turizm sektoru 2025-ci ili əhəmiyyətli artımla başa vuracaq. Bu barədə Dünya Səyahət və Turizm Şurasının məlumatında bildirilib. Proqnoza görə, sektorun ölkə iqtisadiyyatına verdiyi töhfə milyardlarla manat təşkil edəcək. Yəni, il ərzində turizm və səyahət sektorunda qazanılan ümumi daxili məhsulun (ÜDM) həcmi ölkə üzrə ümumi ÜDM-in 8,2 faizini təşkil edəcək. Eyni zamanda, beynəlxalq turistlərin xərcləri 5,5 milyard manata çatacaq ki, bu da pandemiyadan sonrakı dövrün tam bərpası deməkdir. Daxili turist xərcləri isə 3,8 milyard manata çatacaq və bununla da yeni bir rekord səviyyəyə yüksələcək.
Şuranın hesablamalarına görə, 2035-ci ilə qədər Azərbaycanın əyahət və turizm sektoru ölkə iqtisadiyyatına 17 milyard manatdan çox töhfə verəcək ki, bu da ÜDM-in təxminən 11 faizini təşkil edəcək. Həmçinin bu sahə təxminən 670 min nəfərin məşğulluğunu təmin edəcək. Bu isə qarşıdakı on il ərzində təxminən 200 min yeni iş yerinin yaradılması deməkdir. Yaxın 10 ildə beynəlxalq turistlərin xərcləri təxminən 9,5 milyard manata çatacaq, daxili turist xərcləri isə 6,3 milyard manata yüksələk.
İqtisadçılar bu rəqəmlərə rəğmən bildirirlər ki, Azərbaycanın turizm sahəsində potensial imkanları genişdir. Yəni, zəngin təbii sərvətləri, rəngarəng iqlimi, qədim və zəngin tarixi-mədəni irsi olan ölkəmizə turist axını yaratmaq üçün geniş resurslar mövcuddur. Məhz buna görə də Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Xüsusilə Prezident İlham Əliyevin sosial siyasətində turizmin inkişafı mühüm yer tutur. Ölkəmizin başçısı çıxışlarında bildirir ki, turizm artıq ölkəmizə valyuta gətirən bir sahə kimi inkişaf edir. Son 20 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən Dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.
Məlumdur ki, turizm bir çox ölkələrin gəlir sahəsi kimi inkişaf edərək dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır. Məsələn, Avropa ölkələri hər il bu sahədən təqribən 100 milyard dollar gəlir əldə edirlər. Qardaş Türkiyənin də bu istiqamətdə böyük uğurları var. Belə ki, Türkiyə 2024-cü ildə ziyarətçi sayında illik 9,8 faiz artım əldə edərək 62.269.890 turistə ev sahibliyi edib. Bu rəqəm pandemiyadan əvvəlki il olan 2019-cu illə müqayisədə 20,3 faizlik artımı ifadə edir. Bununla da Türkiyə 2024-cü ilin əvvəlində elan etdiyi 60 milyon və ötən oktyabrda yenilədiyi 61 milyon turist hədəflərini də geridə qoyub. Bundan əlavə, Türkiyə turizmdən 61,1 milyard ABŞ dolları gəlir əldə edərək 2023-cü illə müqayisədə 8,3 faizdən daha çox gəlir qazanıb. Ümumilikdə, 2024- cü il Türkiyənin turizm sahəsində ən uğurlu ili olub.
Əslində, turizm qazanc mənbəyi olmaqla bərabər, həm də ölkənin tanıdılması, onun müasir dünyaya çıxışını sürətləndirən faktordur. Məhz həyata keçirilən tədbirlər Azərbaycanı turizm həvəskarları üçün cəlbedici məkana çevirib. Xüsusən, Vətən müharibəsindəki tarixi Zəfərmizdən sonra Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və burada aparılan tikinti-quruculuq işləri ölkəmizə yeni turist axını yaradıb. Dünyada ən təmiz havasına və əsrarəngiz coğrafi mövqeyinə görə tanınan Şuşaya dünyada böyük maraq var. Artıq Şuşanı nəinki xarici diplomatlar, tanımış şəxslər, o cümlədən sadə turistlər də ziyarət etməyə başlayıblar. Ümumiyyətlə, Şuşada tikilən ən müasir 5 ulduzlu otellər buranı ziyarət edənləri heyran qoyur. Eyni zamanda, belə otellər hazırda Xankəndidə, Ağdamda tikilməkdədir. Məhz ölkəmizə gələn turistilər yaxşı xidmətdən və gəzintidən razı qaldıqları üçün yenidən Azərbaycana gəlmək arzusunda olurlar.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında ölkəmizə dünyanın 182 ölkəsindən 1477,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən – 1,7 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 42,9 faiz, Qırğızıstandan – 36,0 faiz, İordaniyadan – 28,7 faiz, Qazaxıstandan – 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan – 16,1 faiz, Kanadadan – 15,8 faiz, ABŞ-dan – 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan – 10,9 faiz, Cənubi Koreyadan – 10,8 faiz artmışdır. Bu rəqəmlər təsdiq edir ki, son 5 ildə Azərbaycana turist axını artıb. Sözügedən artım Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici məkanlardan birinə çevrildiyini və turizm sahəsində həyata keçirilən strategiyaların uğurla nəticələndiyini göstərir.
Elçin Zaman, «İki sahil»