Bakı-Moskva xətdində “sülh dili” – Emosiyalar yox, diplomatiya qalib gəldi
Azərbaycanla Rusiya arasında son aylarda müşahidə olunan gərginlik Düşənbədə keçirilən Vladimir Putin və İlham Əliyev görüşündən sonra arxada qalıb. Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, AZAL təyyarəsinin qəzaya uğramasından sonra yaranan emosional fon aradan qalxıb və münasibətlər “normal məcraya” qayıdıb:
“İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır.
Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik.
İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, – əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, – raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub. Həmçinin ona təklif olunub ki, – bu da “qara qutular”da var, yaxşı eşidilir, – Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır.
Faciənin səbəblərini indi Sizə təqdim etdim. Bütün bunlar baş verənlərin texniki xarakteristikasının dəqiq analizindən və “qara qutular”ın nəticələrinin saniyəbəsaniyə yoxlanılmasından sonra sənədlərdə öz əksini tapıb.
Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, -deyə Putin İlham Əliyevlə görüşündə bildirib.
Putinin sözlərinə görə, istintaq demək olar ki, yekunlaşıb, hadisənin səbəbləri aydınlaşıb, faciə ətrafında anlaşılmazlıq doğuran bütün detallar artıq sənədləşdirilir. O, Prezident İlham Əliyevlə danışıqlardan sonra “pis səhifənin bağlandığını” vurğulayıb:
“Ümid edirəm ki, bu səhifəni çevirdik və irəliyə doğru gedəcəyik. Heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcək və böyük planlarımızı həyata keçirəcəyik”
Əslində, bu sözlər həm də iki ölkə arasında aparılan intensiv, amma sakit diplomatik təmasların nəticəsidir. Son dövrlər tərəflər emosiyadan uzaq, soyuqqanlı şəkildə münasibətləri normallaşdırmağa çalışırdılar və görünür, bu səylər nəticə verib. Putinin sözləri də bunu təsdiq edir. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və əməkdaşlıq dinamikası davam edir, emosiyalar isə iki ölkə münasibətlərinin inkişafına mane olmamalıdır.
“Düşünürəm ki, bütün bu çətinliklər artıq keçmişdə qalıb. Bu, emosiyaların böhranı idi, ancaq biz onu arxada qoyduq”.
Azərbaycan–Rusiya münasibətlərinin normallaşması təkcə iki dövlətin yox, bütün regionun maraqlarına cavab verir. Qafqazda yeni qarşıdurma ocağının yaranması heç kimin marağında deyil. Lakin Qərbdəki bəzi dairələr və Rusiyanın öz daxilindəki ermənipərəst, revanşist qruplaşmalar məhz bunu arzulayırdılar. Onlar Bakı ilə Moskva arasında süni şəkildə gərginlik yaradaraq, sanki “ikinci cəbhə” açmaq, Azərbaycanı təzyiq meydanına çevirmək istəyirdilər.
Bu plan baş tutmadı. Çünki hər iki paytaxtda emosiyalar yox, dövlətçilik məntiqi üstün gəldi. İlham Əliyev və Vladimir Putin məsuliyyətli liderlər kimi situasiyanı nəzarətdən çıxarmağa imkan vermədilər.
Prezident İlham Əliyev Düşənbədəki görüşdə Rusiya tərəfinin istintaqa şəffaf yanaşmasını və şəxsi nəzarəti xüsusi qeyd etdi:
“Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir.”, – deyə İlham Əliyev vurğulayıb.
Azərbaycan liderinin sözləri həm diplomatik təmkinin, həm də qarşılıqlı etimadın ifadəsidir. Bu ton həm də rəsmi Bakının emosiyalara deyil, dövlət maraqlarına və konkret nəticələrə əhəmiyyət verdiyini göstərir.
Düşənbə görüşü dərhal praktiki nəticələrə də yol açdı. Rəhbərliklər arasında razılaşmaların ardınca “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxıldı. Bu isə həm rəsmi təşəbbüslərin, həm də arxa planda gedən razılaşmaların olduğunu göstərir. Bunlar qarşılıqlı addımların və razılaşmaların icrası istiqamətində atılan ilkin, amma vacib göstəricilərdir.
Münasibətlərin bərpası ilə bağlı ən vacib növbəti addım Rusiyada yaşayan azərbaycanlılara qarşı son aylarda müşahidə olunan təzyiqlərin dayandırılması olmalıdır. Bu məsələ həm humanitar, həm də siyasi əhəmiyyət daşıyır. Bu cür təzyiqlərin ən ağır formasını azərbaycanlılar bu ilin iyun ayında xüsusi iləYekatrinburq hadisəsi zamanı gördülər.
Prezidentlərin görüşündən sonra artıq Rusiya hüquq-mühafizə orqanlarının bu istiqamətdə lazımi impulslar aldığı ehtimal olunur. Çünki iki ölkə arasında “sülh dili” bərpa olunduqca anti-Azərbaycan kampaniyaları üçün zəmin daralır.
Düşənbə görüşü bir daha göstərdi ki, Azərbaycanla Rusiya arasında münasibətlərin bərpası hər iki tərəfin qalibiyyətidir. Bu, nə kiminsə güzəştə getməsi, nə də kiminsə təzyiqlərə boyun əyməsi deyil.
Bu, sivil və praqmatik diplomatiyanın qələbəsidir – emosiyaların yox, dövlət maraqlarının üstün gəldiyi bir mərhələdir.
İndi əsas məsələ bu müsbət dinamikanı qorumaq və qarşılıqlı inamın yenidən siyasi və iqtisadi əməkdaşlığa çevrilməsini təmin etməkdir.
Şahanə Rəhimli
Musavat.com