Siyasət 

İşğalçı ordunun “qabığını” dəyişmək niyyəti

Ermənistanın baş naziri və müdafiə nazirindən ordu ilə bağlı təzadlı açıqlamalar – hansı yalan demir…  

“Ermənistan ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda heç bir missiyası yoxdur”.  Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“Biz gündəlik iş söhbətlərində “döyüşə hazır ordu” anlayışının dəyişdirilməsini və “müdafiə oluna bilən ordu” kimi yenidən formalaşdırılmasını çox vacib hesab edirik. “Döyüşə hazır ordu” dedikdə, potensial döyüşün harada baş verə biləcəyini qeyd etmirik. Bu konteksti vurğulamaq bizim üçün çox vacibdir: Ermənistan ordusu müdafiə oluna bilən olmalıdır, yəni o, Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini müdafiə edə bilməlidir”, – deyə baş nazir bildirib.

Nikol Paşinyan vurğulayıb ki, beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlət öz vətəndaşlarının təhlükəsizliyini, o cümlədən mümkün kənar müdaxilələrdən təmin etməyə borcludur. Paşinyanın açıqlamasından o məna çıxır ki, baş nazir Ermənistan ordusunun işğalçı damğasını  təmizləmək niyyətindədir.   

Fəqət Ermənistanın müdafiə naziri Suren Papikyanın son açıqlaması tam fərqli mesajdır. Nazir bildirib ki, ölkəsi yalnız yeni nəsil silahlar alır və bu istiqamətdə ciddi maliyyə və sənaye layihələri həyata keçirilir. Nazir deyib ki, İrəvan artıq silah tədarükünün diversifikasiyasını tam təmin edib, yəni bir ölkədən deyil, müxtəlif mənbələrdən silah almağa başlayıb. Papikyan əlavə edib ki, Ermənistan öz hərbi-sənaye kompleksini də fəal şəkildə inkişaf etdirir və yerli istehsal nümunələri artıq ordunun arsenalında mühüm yer tutur: “Erməni silah sistemləri xarici bazarlarda rəqabətə davamlı olmalıdır. Bunun üçün yeni investisiyalar lazımdır. Əks halda, müasir silahlara sahib olmaq mümkün deyil”.

Ermənistanın müdafiə naziri Suren Papikyanın açıqlaması təkcə texniki yenilənmədən ibarət deyil – bu, siyasi mesajdır. Papikyanın açıqlaması, əslində, bölgədə sülh prosesinə zərbə kimi qiymətləndirilir. Ermənistanın baş nazirinin dediklərinə, yoxsa müdafiə nazirinin açıqlamasına inanaq?

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ | Modern.az

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, erməni cəmiyyəti və dövlətinə Azərbaycan ictimaiyyətində heç zaman inam olmayıb: “Ermənilər dəfələrlə götürdükləri öhdəlikləri pozublar. Çar Rusiyası və sovetlər dönəmində, eləcə də, ötən əsrin 80-cı illərinin sonlarından etibarən dəfələrlə danışıqlar olub, amma götürdükləri öhdəliklərə sadiq qalmayıblar. Amma indi məcburən buna gedirlər. Çünki güclü Azərbaycan dövləti və ordusu var. Ermənistanın arxasında duran Rusiya və İran, həmçinin Qərb dairələri əvvəlki güclərində deyillər. İndi artıq Türk dünyasının böyük gücü ortaya çıxıb. Azərbaycanı istəyən dost ölkələr də kifayət qədər çoxdur. Xalqımız hər şeyi bilir. Paşinyan o adam idi ki, oğlu Qarabağda xidmət etmişdi, “Qarabağ Ermənistandır!” deyirdi. Amma indi artıq erməni baş nazir fikirlərini dəyişdiyini bəyan edir. Artıq başqa yol da görmür. Ermənistan Türkiyə və Azərbaycan arasında nə edə bilər? Ordusu iki qardaş ölkədən hansına qarşı döyüşəcək? Yaxşı olardı ki, kiçik həcmli ordu saxlasın, yaxud daxili qoşun tipli birləşmələr daxili sabitliyi qorumaq üçün saxlasın. Bir də sərhədlərini rəmzi olaraq qoruyar. Ermənistanın sərhədlərini Rusiya qoruyurdu. İndi istəmirik ki, Fransa və ya digər qüvvələr qorusun. Azərbaycan regionda yalnız və yalnız sabitlik, təhlükəsizlik istəyir. Ermənistan Müdafiə Nazirliyinin açıqlamaları boş açıqlamalardır. Ermənistanın əvvəlki nazirləri cinayətkar qatillər idi. “Ohanyan xətti” müəyyən etmişdilər. Nə oldu? Darmadağın oldu. İndi Ermənistan düşünür ki, nəsə edə bilər. Bu ancaq ziyanlarına işləyər. Dövlətlərinin mövcudluğu sual altına düşə bilər. Yaranmış kövrək münasibətləri Ermənistan bundan sonra da davam etdirməlidir. Türkiyənin bütün şərtlərini qəbul etməli, nəhayət, bölgədə normal bir ölkə olmalıdır. Əks halda, əvvəlki münasibətləri davam etdirsələr, sonda dövlət kimi yox olacaqlar. Azərbaycan xalqı onların hansı siyasət yürütdüklərini və xislətlərini yaxşı bilir. Tarixin müxtəlif vaxtlarında Rusiya, İran və Qərb dairələrinin əlində Türkiyə və Azərbaycana qarşı alət olublar. İndi sülhə doğru addım atsalar, bölgədə əməkdaşlıq üçün real imkanlar yaranacaq. Başqalarının vassalı olmaqdansa, elə Azərbaycanın vassallığını qəbul etsinlər. Başqa alternativ yolları da yoxdur. Əslində şans yaranıb. Azərbaycan dövləti onlara şərait yaradıb ki, tarixdə heç olmasa bir kərə müstəqil dövlət kimi yaşaya bilsinlər. Bunu dəyərləndirməlidirlər. Əks halda, aqibətlərinin necə olacağı bəllidir”.

Əli Zülfüqaroğlu: “Azərbaycanın təbliğatı dövlətçiliyimizin inkişafı üçün  töhfədir” | KONKRET

Əli Zülfüqaroğlu

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə görə, Ermənistan baş nazirinin son zamanlar yürütdüyü siyasətin sülh prosesinə adekvat olduğunu söyləmək mümkündür: “Paşinyan başa düşür ki, Azərbaycanla sülhün alternativi yoxdur. Əks proseslər Ermənistan üçün geridönüşü mümkün olmayan fəlakətlərə yol aça bilər. Ona görə də mütəmadi olaraq, kilsə tərəfindən zəhərlənmiş Ermənistan cəmiyyətinə gerçəkləri anlatmağa ehtiyac duyur. Orta məktəb şagirdlərinin Ağrı dağının Ermənistanda olmadığını bilməməsi ilə bağlı Paşinyanın açıqlamaları onun “real Ermənistan” konsepsiyası ilə bağlı prinsipiallıq nümayiş etdirəcəyinə işarə edir”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, kilsə tərəfindən formalaşan “böyük Ermənistan” ideologiyası tam çökməyənə qədər bölgədə risklər davam edəcək: “Bunun üçün də Ermənistanda şər yuvası olan kilsə tam olaraq neytrallaşdırılmalı, kilsəyə verilən konstitusion hüquqlar alınmalıdır. Və Ermənistan siyasi səhnədən silinməlidir. Hesab edirəm ki, hazırda Paşinyan məhz bu prosesi aparır. Ona görə də, Azərbaycanın şərtlərinin Ermənistan tərəfindən qəbul edildiyini nəzərə alsaq, İrəvanda baş verənləri sülhün dayaqlarının möhkləmləndirilmə prosesi kimi dəyərləndirə bilərik. Faktiki olaraq bölgədə sülh abı-havası var və yekun sülh sazişi də mümkün qədər tezləşdirilməlidir ki, pozucu meyllər üçün zəmin yaranmasın”.

Ə.Zülfüqaroğlu həmçinin qeyd edib ki, istənilən halda Ermənistan heç bir istiqamətdə, o cümlədən hərbi və müdafiə sənayesində Azərbaycanla müqayisə oluna bilməz: “İki ölkənin potensialı arasında o qədər fərq var ki, Ermənistanın heç bir zaman balans yarada bilməyəcəyini söyləmək mümkündür. Təbii ki, Azərbaycan prosesləri yaxından izləyir və atılan addımlara adekvat siyasət yürüdür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər