Dünya 

Ermənistanda seçki savaşı: Paşinyan qazanacaq, yoxsa Ambarsumyan sürprizi olacaq?

Ermənistanda siyasi mübarizə yenidən qızışır. Ölkədə keçiriləcək növbəti parlament seçkiləri öncəsi müxalifət düşərgəsi baş nazir Nikol Paşinyana qarşı yeni namizəd irəli sürüb. Ermənistan Respublika Partiyasının üzvü, deputat Ayk Mamicanyan parlamentdə çıxışı zamanı “Şərəfim var” blokunun baş nazir postuna namizədinin Masis şəhərinin meri David Ambarsumyan olduğunu açıqlayıb. Onun sözlərinə görə, müxalifət bu dəfə seçkilərə əvvəlkindən daha sistemli və birləşmiş şəkildə qatılmaq niyyətindədir.

“Bu gün biz Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından baş nazir postuna namizəd olan David Ambarsumyanı İrəvan beynəlxalq hava limanı Zvartnotsda qarşılayacağıq. Mən bilmirəm hazırkı hakimiyyətin müxalif fikirləri susdurmaq üçün yönəltdiyi hüquq-mühafizə sistemi bu dəfə necə davranacaq”,- deyə Mamicanyan bildirib.

Jurnalistlərin “Şərəfim var” blokunun gələcəkdə baş nazir postuna öz namizədini dəyişib-dəyişməyəcəyi” ilə bağlı sualına isə Mamicanyan belə cavab verib:

“İmpiçment prosesi zamanı bizim üçün heç nə dəyişməyəcək. Eyni qüvvə və eyni məntiq ilə irəliləməyə davam edəcəyik”.

Erməni mətbuatı yazır ki, Masis şəhərinin meri David Ambarsumyan Ermənistan siyasətində hələlik geniş tanınan sima olmasa da, son illərdə Paşinyanın siyasətini açıq şəkildə tənqid edən azsaylı merlərdən biridir. O, xüsusilə Qarabağ məsələsində hökumətin “təslimçi mövqeyini” sərt tənqid edib və müxalifət dairələrində “qətiyyətli” siyasətçi kimi təqdim olunur.

Siyasi ekspertlərə görə, Ambarsumyanın namizədliyi Ermənistan müxalifətinin yeni fiqurlar axtarışının göstəricisidir. Bu, həm də ölkədə köhnə siyasi elitalara olan ictimai etimadsızlığı yumşaltmaq cəhdi kimi dəyərləndirilir.

Onu da qeyd esək ki, Nikol Paşinyan son aylarda həm daxildə, həm də beynəlxalq müstəvidə artan təzyiqlərlə üz-üzədir. Qarabağ ermənilərinin köçü, Rusiya ilə münasibətlərdə yaranan dərin gərginlik, Qərbə yaxınlaşma siyasəti və Ermənistan ordusundakı narazılıqlar onun reytinqinə ciddi təsir göstərib.

Bəs David Ambarsumyanın namizədliyi Paşinyan üçün real təhlükədirmi?Paşinyanın mövqeyini zəiflədən əsas amil daxili narazılıqlardır, yoxsa Moskva ilə gərgin münasibətlər? Əgər müxalifət seçkilərdə uğur qazansa, Ermənistanın xarici siyasət kursu tam dəyişə bilərmi? Qərb ölkələri Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləyəcək, yoxsa yeni siyasi fiqurlara açıq mesaj verəcək?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edir ki, hazırda Nikol Paşinyan rəqiblərini zəiflətməklə məşğuldur:

“Zatən onların bir qismi onsuz da zəifdir. Məsələn, Qarabağ klanının üzvləri; Karapetyan artıq həbs altındadır və onun da elə bir nüfuzu yoxdur. Partiya qurmaq istəyirdi, amma hələ ki alınmır. Paşinyan həmçinin kilsəni parçalamağa çalışır. Çünki kilsənin erməni cəmiyyətində radikal müxalifətdən fərqli olaraq müəyyən nüfuzu var, Paşinyan isə həmin nüfuzu azaltmaqla məşğuldur.

Bu arada yeni siyasətçilər ortaya çıxır və onlar Paşinyana alternativ ola bilərlər, amma alternativ olmaq istəyənlər də erməni cəmiyyətində nüfuz qazana bilmirlər və heç bir real vəd verə bilmirlər. Azərbaycanda razılaşmanı pisləyənlər Paşinyana müxalifdirlər. Amma alternativ nədir, bunu izah edə bilmirlər. Alternativ müharibədir: əgər sülh təklifi etmirlərsə, deməli müharibə istəyirlər. Paşinyan isə erməni cəmiyyətinə sülh mesajı verir. Sülh quruculuğu davam edir.

Azərbaycan da müəyyən addımlar atır, jestlər edir. Qazaxıstan taxılı Azərbaycandan Ermənistana çatdırır. Rusiyanın da Ermənistana yük daşınmasında Azərbaycan ərazisindən istifadə etməsi məsələsi var, Azərbaycan buna razılıq verib. Bu, əslində Paşinyanın mövqeyini gücləndirir: erməni cəmiyyətinə deyir ki, baxın, sülh quruculuğu nəticə verir. İldə yarımdan çoxdur sərhəddə sakitlikdir – atışma yoxdur, ölən-yaralanan yoxdur. Bu, bəhrə verir”.

Politoloq qeyd edib ki, əslində bu, Azərbaycanın da xeyrinədir ki, Paşinyanın seçki qabağı əli güclənsin və seçkidə qələbə qazansın:

“Ona görə mən böyük təhlükə görmürəm. Amma başqa bir məsələ var: Paşinyana qarşı təxribat, sui-qəsd halları ola bilər. Bunu nəzərə alaraq Paşinyan yəqin ki, təhlükəsizliyini gücləndirib. Amerikalılar da Paşinyanı ciddi şəkildə qoruyur. Qeyri-adi bir hadisə baş verməzsə, tez-tez peyda olan rəqiblərin Paşinyana qarşı qələbə çalacağını ehtimal etmirəm”.

 

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər