Cəmiyyət 

Bazarlarda meyvənin qiyməti “əl yandırır”

Bahalaşmanın bir səbəbi də ixracın artmasıdır

Payız mövsümünün gəlişi ilə bu dövrün sevimli meyvələrinin də bazarlara yolu açılıb. Payız alması, armudu, nar, heyva, naringi, feyxua, mandarin və sair meyvələrin əsl yeyilən, mürəbbə, kompot bişirilən vaxtıdır. Lakin bu il bazarda payız meyvələrinin qiymətində ciddi bahalaşma müşahidə olunur və bu, ucuz mövsüm meyvəsi gözləyən insanları xeyli məyus edir.

Xüsusilə bu aylarda həmişə bol və ucuz olan meyvələrin qiymətinin artması, həm də keyfiyyətli meyvələrin azlığı müşahidə olunmaqdadır. Modern.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ölkə ərazisində qida mallarının idxalında artım qeydə alınsa da, meyvə və tərəvəz ixracının yüksəlməsi daxili bazarda bahalaşmaya səbəb olub. Onun sözlərinə görə, paytaxt bazarlarında meyvələrin qiymətləri “əl yandıran” səviyyəyə qədər yüksəlib: “Payız aylarında adətən yerli məhsulların bolluğu fonunda ucuzlaşma gözlənilsə də, bu il əksinə, müəyyən bahalaşma tendensiyası müşahidə edilir. Əsas səbəblərdən biri təklifin məhdudlaşmasıdır. Hava şəraitinin qeyri-sabit keçməsi, məhsulun yetişmə dövrünün uzanması və logistika zəncirində yaranan çətinliklər bazara çıxarılan meyvə həcmini azaldıb. Bununla yanaşı, idxal və yerli istehsal arasındakı balansda və valyuta məzənnəsində olan dəyişikliklər də meyvə qiymətlərini təsir edə bilər”.

Qeyd edək ki, bu ilin ötən dövründə ölkədə kənd təsərrüfatı istehsalı demək olar ki, durğunluq yaşayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 359,8 milyon manat təşkil edib ki, onun da 5 milyard 408,0 milyon manatı heyvandarlıq, 5 milyard 951,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 0,7 faiz azalıb. Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3162,3 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz çox dənli və dənli paxlalı bitkilər, 1670,5 min ton (2,5 faiz az) tərəvəz, 874,8 min ton (2,0 faiz az) kartof, 802,3 min ton (1,0 faiz çox) meyvə və giləmeyvə, 458,9 min ton (6,3 faiz az) bostan məhsulları, 164,9 min ton (3,5 faiz az) üzüm, 146,6 min ton (70,2 faiz çox) şəkər çuğunduru, 28,8 min ton (3,6 faiz az) dən üçün günəbaxan, 21,1 min ton (7,1 faiz çox) pambıq, 6,1 min ton (48,7 faiz çox) tütün, 1119,9 ton (12,3 faiz çox) yaşıl çay yarpağı yığılıb.

AMB-nin oktyabr proqnozuna görə,  2025-ci ilin sonuna kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 7,9 faiz artacaq. İyulda gözlənti 6,9 faiz idi.  Bu artım ölkə üzrə ümumi inflyasiyaya 0,47 faiz bəndi artırıcı təsir göstərəcək.

2026-cı ilin sonuna kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 6,9 faiz artacaq. İyulda AMB bu göstəricini 4,8 faiz proqnozlaşdırmışdı. Artım inflyasiyaya 0,93 faiz artırıcı təsir göstərəcək.

Beləliklə, aydın olur ki, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin artması ümumi bahalaşmanı sürətləndirir. Məlumdur ki, istehsalçı qiymət artımı son məhsulda 2 aydan sonra hiss olunur.  Rəsmi statistikaya əsasən sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi aylıq ifadədə 2,1 faiz, illik ifadədə isə 8,9 faiz artıb. Bu isə meyvə qiymətlərində artımın davam edəcəyini göstərir.

Meyvə qiymətlərindəki bahalaşmanın bir səbəbi də ixracın artmasıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac icmalı”na əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8 faiz artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2 faiz artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.

İcmaldan həmçinin aydın olur ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycanın alma ixracında ciddi artım qeydə alınıb. Hesabat dövründə xaricə 50,2 milyon ABŞ dolları dəyərində alma ixrac olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9 milyon dollar və ya 46,4 faiz çoxdur. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədən 34,3 milyon dollar dəyərində alma ixrac edilmişdi.

Almanın 90 faizdən çoxu Rusiyaya ixrac olunur. Bu ölkədə son bir ildə alma qiymətlərində 30 faizdən yuxarı bahalaşma qeydə alınıb. Ölkədəki qıtlıq şəraitində Rusiya bütün mənbələrdən alma idxalını stimullaşdırır. Buna görə də Azərbaycandan almanın şimal qonşuya daşınmasında da belə ciddi artım var.

Quba-Xaçmaz regionundan Bakıya alma gətirib satmaqla məşğul olan kiçik ticarətçilərin “Yeni Müsavat”a dediklərinə görə, keyfiyyətli məhsulun hamısı Rusiyaya daşınır. Buna görə də Bakı bazarlarında qurd dəyməmiş alma görmək müşkül məsələyə çevrilib.

Daxildə qiymət bahalaşmasına gətirən daha bir amil idxaldır. Ötən il hədsiz yağıntılı havalar meyvə istehsalında ciddi azalmaya gətirib. Buna görə də bu il meyvə idxalında artım davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin 9 ayında xaricdən 218 milyon 491.19  min dollar dəyərində 270 782.06 ton meyvə-tərəvəz idxal edilib. Bu, ötən ilin  eyni dövründəkindən 5,51 faiz çoxdur. Ötən ilin yanvar-sentyabrında meyvə-tərəvəz idxalı 195 milyon 802.47 min dollar dəyərlə 256 644.99 ton təşkil etmişdi. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8 faiz  və 11,7 faiz artım demək idi. Rəqəmlərdən aydın olur ki, meyvə-tərəvəz idxalında artım keçən il daha yüksək olub. 

Xarici ticarət statistikasından aydın olur ki, Azərbaycan Cənubi Afrika Respublikasından armud, Rusiyadan, Türkiyədən, Gürcüstandan albalı, Özbəkistandan ərik, İrandan kivi və digər meyvə idxalını artırıb. Lakin ümumilikdə Türkiyədən meyvə idxalında azalma var. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 15,871 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6  faiz azdır. Bu azalma cari ildəki mövsümdə Türkiyədə meyvə-tərəvəz məhsulları istehsalının azalması ilə bağlıdır.

Qeyd edək ki, hazırda qiymətinin bahalaşması müşahidə edilən payız meyvələrindən çoxu yerli istehsaldır. Almanın bahalaşma səbəbi ixracın artımıdırsa, mandarin, naringi, feyxua kimi meyvələrdə problem başqadır. Bu, daha çox istehsal xərclərinin yüksəlməsi, eyni zamanda Bakı bazarlarına çıxışdakı problemlərdən qaynaqlanır. Cənub bölgəsindən aldığımız məlumata görə, mandarinin kilosu fermerlərdən 50-60 qəpiyə yığılır. Lakin Bakıda ən ucuz qiymət 1.2-1.3 manat arasında dəyişir. Cənub bölgəsindən Bakıya olan məsafənin qət olunması 3 saatdan artıq çəkməsə də, bu qısa yolda fermerdən alınan meyvə iki dəfə bahalaşır. Bu isə tək bir səbəbdəndir: Bakı şəhərində piştaxtalara gedən yolların inhisarçı qrupların əlində olması. Kəndlinin sahədə 15-20 qəpiyə satdığı soğanı, 50-60 qəpiyə satdığı mandarini Bakıda piştaxtaya 60 qəpiyə,  1,3 manata çıxaran məhz həmin inhisarçı qruplardır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər