“50 manatdan aşağı bilet yoxdur” – VİDEO
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq rekord səviyyədədir.
Musavat.com xəbər verir ki, biletlər satışa çıxarıldığı andan bir neçə saniyə ərzində tükənib. Bundan sonra biletlər “qara bazar”da 2–3 dəfə baha qiymətə təklif olunmağa başlayıb.
Azarkeşlərin sözlərinə görə, 10 manatlıq biletlər hazırda 35–50 manat aralığında satılır və oyun tarixi yaxınlaşdıqca qiymətlər daha da yüksəlir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün polis tərəfindən tədbirlər görülür.
Xatırladaq ki, “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev daha əvvəl qeyd etmişdi ki, qanunsuz bilet satışı klubun və hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Qarşılaşma noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

                                    