Region Xəbərləri 

Elmin dövlət siyasətində tutduğu strateji yeri

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir.

 

Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Bir sözlə, müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Elm bu gün təkcə laboratoriya və ya universitet mühiti deyil – dövlətin intellektual suverenliyinin əsas təminatçısıdır. Prezident İlham Əliyev bu fikri illərdir davamlı şəkildə vurğulayır: milli maraqları qorumaq üçün, müasir texnoloji, informasiya və geosiyasi müstəvidə güclü olmaq zəruridir. AMEA-nın 80 illiyi münasibətilə səslənən çıxışda bu mesaj bir daha strateji səviyyədə ifadə olundu.

 

Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycanın gələcək inkişafı yalnız elmin milli məfkurə ilə sintezindən doğacaq. Bu, həm siyasi kursun intellektual təməlinin, həm də yeni dövrün dövlət ideologiyasının mahiyyətidir. Təbii ki, hər dövrün öz tələbləri vardır. Bu baxımdan təhsil hər bir ölkənin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində əsas amillərdən biridir. Son 22 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması istiqamətində biri-birindən önəmli addımlar atır. Prezident İlham Əliyevin çıxışlarında, gənclərlə görüşlərində hər bir ölkənin bu günü və gələcəyinin təhsillə bilavasitə bağlı olduğu önə çəkilərək ölkəmizdə təhsilin və elmin inkişafı istiqamətində atılan addımlardan bəhs edilməklə yanaşı, hədəflər də açıqlanır.

 

Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, dövlət strukturları Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.

 

AMEA-nın 80 illik yubileyindəki çıxış cənab Prezident İlham Əliyevin siyasi doktrinasının mühüm hissəsini açıq şəkildə nümayiş etdirdi. Müstəqil dövlətin gələcəyi elmdə, bilikdə və milli intellektdədir. Bu çıxış təkcə elmi hadisə deyil, həm də siyasi manifestdir – dövlətin uzunmüddətli ideoloji istiqamətinin, intellektual inkişaf xəttinin konturlarını müəyyən edən bir baxışdır. Cənab Prezident İlham Əliyevin elmi siyasəti, əslində, Azərbaycanın müasir siyasi kimliyini müəyyənləşdirən əsas sütunlardan biridir. Çünki bu siyasətin mərkəzində bir həqiqət dayanır: Elm – dövlətin beyni, siyasətin dərinliyidir; bilik – müstəqilliyin ən ali formasıdır.

 

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər