Siyasət 

Yekun sülh sazişinə aylar qalıb? – Bayramovdan MÜHÜM AÇIQLAMA

Xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib.

Nazir bu barədə İTV-yə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib:

“2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik”.

Ceyhun Bayramov hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinqton razılaşmalarının əldə olunması tarixi dövr baxımından çox kiçik müddətdir:

“Belə bir qısa müddətdə qalib dövlətlə məğlub olmuş dövlət arasında normallaşma prosesinin belə sürətlə getməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kəs 100 faizlik zəmanət verməsə də, sülh sazişinin imzalanmasına nikbin baxıram”.

Onun sözlərinə görə, Ermənistanda hazırda gedən ictimai diskurs, erməni cəmiyyətində qonşularla normallaşmanın vacibliyi barədə müzakirələr bunu deməyə əsas verir.

kenan.jpg (34 KB)

Politoloq Kənan Novruzov məsələni Musavat.com-a belə şərh edib:

“Məlum olduğu kimi, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror əməliyyatlarından sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Ərazilərini işğaldan azad etmiş Azərbaycan bu yeni reallıqların müəllifidir. Yeni reallıqlar isə bölgə üçün sülhü gündəmə gətirir. 30 il diplomatik həll üçün üçün çalışan Azərbaycan müharibədən dərhal sonra da sülh təşəbbüsü ilə çıxış etdi.

Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda əldə olunan razılaşmalarla bölgəyə faktiki olaraq sülh gəldi. Bunu həm rəsmi Bakı, həm də İrəvan təsdiq edir.

Yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın bir neçə haqlı və məntiqli tələbi var. Bunlardan birincisi – ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələ, demək olar, həllini tapıb.

İkinci məqam Ermənistan konstitusiyasının dəyişdirilməsi, sənəddən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Ermənistan da başa düşür ki, bu olmadıqca, sülh sazişi imzalanmayacaq. Fikrimcə, rəsmi İrəvan buna da razıdır. Sadəcə olaraq baş nazir Nikol Paşinyan gələn il keçiriləcək parlament seçkilərinin nəticəsini gözləyir. Çünki indiki məqamda konstitusiya dəyişikliyinə getmək müxalifətin əlini gücləndirə və daxildə xaos yarada bilər. Beləliklə, hazırkı iqtidarın şansları xeyli azalmış olacaq. Paşinyan bunu başa düşür. Düşünürəm ki, o, seçkilərə qədər xalqı bu prosesə hazırlamağa çalıcaq.

Zənnimcə, Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində qalib gəlsə, konstitusiya dəyişikliyinə gedəcək. Bundan sonra isə sülh sazişi üçün heç bir əngəl qalmayacaq. Bu mənada gələn il sülh sazişinin imzalanması üçün real imkanlar var”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər