Putin Rusiya vətəndaşlığı üçün şərtləri sərtləşdirdi
Rusiya prezidenti Vladimir Putin ölkədə vətəndaşlıq və yaşayış icazəsinin verilməsi qaydalarını ciddi şəkildə dəyişdirən yeni fərman imzalayıb.
Musavat.com xəbər verir ki, sərəncama görə, 18–65 yaş arası kişilər yalnız Müdafiə Nazirliyi ilə hərbi kontrakt imzaladıqdan sonra Rusiya vətəndaşlığına və ya yaşama icazəsinə (VNH) müraciət edə biləcəklər.
Qayda bununla da məhdudlaşmır. Sənədə əsasən, Ukrayna, Qazaxıstan və Moldova vətəndaşları olan qadınlar da vətəndaşlıq üçün müraciət etməzdən əvvəl Müdafiə Nazirliyi ilə rəsmi müqavilə bağlamağa məcbur edilirlər.
Beləliklə, Rusiya hakimiyyəti miqrasiya prosesində hərbi komponenti daha da sərtləşdirir və ölkənin şəxsi heyət ehtiyatının artırılması məqsədini açıq şəkildə ortaya qoyur.
Ekspertlər bildirirlər ki, bu qərar Ukrayna müharibəsi fonunda Rusiya ordusunun canlı qüvvə çatışmazlığı ilə bağlı narahatlıqların davam etdiyini göstərir. Yeni qaydalar xüsusilə Orta Asiya və Qafqaz ölkələrindən Rusiyaya işləməyə və məskunlaşmağa gələn şəxsləri birbaşa təsirləndirəcək.
Sənəd qüvvəyə minib və tətbiq olunmağa başlayıb.

