Zəfər Günü – Azərbaycan xalqının qürur və şərəf salnaməsi
Azərbaycan xalqı tarixinin ən qürurlu səhifələrindən birini 2020-ci ilin 8 noyabrında yazdı. Bu gün – Zəfər Günü, təkcə bir torpağın azad olunmasının deyil, bütöv bir xalqın milli iradəsinin, dövlətçilik əzminin və birlik ruhunun təntənəsidir. Bu Zəfərin kökündə xalqın birliyi, ordumuzun qəhrəmanlığı və ən əsası, müdrik rəhbərliyə malik olmağımız dayanır.
Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ordu quruculuğu və gənc nəsildə vətənpərvərlik hissinin formalaşması üçün möhkəm təməl yaratmışdı. Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bu gün hər bir vətəndaşın, xüsusilə gənclərin həyat devizinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi milli inkişaf strategiyası müasir Azərbaycanın bütün uğurlarının bünövrəsidir. O dövrdə yaradılmış güclü dövlət idarəçiliyi, milli ordu quruculuğu və sabitlik siyasəti 2020-ci ilin Zəfərinə aparan yolun başlanğıcı idi.
Bu gün müstəqil Azərbaycanın tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı Zəfərlə bir sırada çəkilir. Onun uzaqgörən siyasəti, diplomatik çevikliyi və xalqla birliyi nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Prezident İlham Əliyev təkcə müharibə dövründə deyil, sülh dövründə də ölkənin gələcəyini təmin edən əsas istiqamətləri müəyyən edib – ordu quruculuğu, iqtisadi inkişaf, elm və təhsilin gücləndirilməsi. Onun rəhbərliyi ilə aparılan təhsil islahatları Azərbaycan məktəblərini yeni inkişaf mərhələsinə yüksəldib. Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələr – müasir məktəblərin tikilməsi, müəllim əməyinin stimullaşdırılması, rəqəmsal təhsilin genişləndirilməsi, beynəlxalq proqramlara inteqrasiya – gələcək Zəfərlərin təminatıdır. Təhsil sahəsinə göstərilən dövlət qayğısı, xüsusilə gənc nəsilin milli ruhda, vətənpərvər tərbiyə alması, Vətənə sədaqətli və savadlı vətəndaş kimi yetişməsi Azərbaycanın gələcəyini daha da möhkəmləndirir.
Bu gün hər bir təhsil müəssisəsində Zəfər Gününün əzəməti hiss olunur. Məktəblərdə, liseylərdə, ali təhsil ocaqlarında keçirilən tədbirlər, vətənpərvərlik dərsləri və layihələr gənc nəslin yaddaşında bu tarixi əbədi yaşadır. Təhsil işçiləri olaraq bizlər üçün Zəfər Günü sadəcə bayram deyil – o, bir tərbiyə mənbəyidir. Şagirdlərə, tələbələrə bu qələbənin necə böyük əzm, birlik və dövlət sevgisi ilə əldə olunduğunu anlatmaq, onları Vətənə sevgi ruhunda yetişdirmək bizim borcumuzdur.
Azərbaycan bu gün regionun ən güclü dövlətlərindən biridir. Bu gücün mənbəyi xalqın birliyində, dövlət başçısının qətiyyətində və təhsilli, milli ruhlu gənclikdədir. Zəfər Günü bizə öyrədir ki, xalq öz liderinə, dövlətinə və ordusuna inandıqda heç bir qüvvə onun qarşısında dura bilməz. Bu inamla, biz təhsil işçiləri olaraq, gələcəyin Zəfər Sahiblərini – savadlı, milli düşüncəli və vətənpərvər gəncləri yetişdirməyə davam edirik.
Zəfər Günü — Azərbaycan xalqının mübarizliyinin, dövlət başçısının uzaqgörən siyasətinin və Ulu Öndərin ideyalarının təntənəsidir. Bu gün həm də bizim, təhsil işçilərinin məsuliyyət günüdür — çünki Zəfəri qorumağın ən güclü yolu onu nəsildən-nəsilə ötürməkdir.
Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru,
Gülnarə Qamboy qızı Əliyeva

