Mina terroru davam edir – ŞƏRH
Ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı rəsmi Bakı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlasa da, Ermənistan beynəlxalq humanitar hüququn normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən hələ də boyun qaçırır. Hətta bundan təzyiq və manipulyasiya aləti kimi istifadə etməyə çalışır. Halbuki rəsmi Bakı problemi yalnız özünü təhlükəsizlik məsələsi kimi təqdim etmir, həm də regional və beynəlxalq təhdid məsələsi olduğunu bildirir.
Minalar səbəbindən əksəriyyəti mülki şəxslər olmaqla yüzlərlə insan həyatını itirib və ya ciddi xəsarətlər alıb. Məlumat üçün qeyd edək ki, 1991-ci ildən indiyədək 3400 nəfərdən çox soydaşımız minalardan zərər çəkib. Təkcə 2020-ci ildən etibarən 409 şəxs minaya düşərək həyatını itirib və ya xəsarət alıb. Onlardan 71-i həyatını itirib, 338-i isə xəsarətlər alıb. Bu insanların əksəriyyəti mülki şəxslərdir.
Son dövrlər baş verən hadisələr bu təhlükənin miqyasını və ciddiliyini bir daha ortaya qoyur. Yəni, Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış həmin minalar, partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir. Nəticədə Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədirlər.
Belə ki, noyabrın 16-da daha bir soydaşımız – Bərdə rayonunun Kələntərli kənd sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb. Minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində yaralanan şəxs Bərdə Şəhər Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib. Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində onun müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Onu da qeyd edək ki, ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin oktyabrına olan məlumata görə, 233 000 hektardan çox ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il vaxt lazımdır. Həm də mina təhlükəsindən tamamilə qurtulmaq üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur. Bir məsələni də vurğulayaq ki, minalarla çirklənmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, otuz il müddətində hüquqları pozulmuş bir milyona yaxın keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesini də ciddi şəkildə gecikdirir.
Vəziyyətin belə gedişatı həm də bölgədə sülh və təhlükəsizliyə ciddi təhdiddir. Hakbuki ərazilərinin otuz ilə yaxın işğaldan azad edilməsindən sonra Azərbaycan Ermənistanla beynəlxalq hüquq normalarına əsaslanan beş əsas prinsip əsasında münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib və sülh müqaviləsi təklifini gündəmə gətirib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin mətninin paraflanması da baş tutub.
Qvami Məhəbbətoğlu, “İki sahil”

