Gündəm 

Kreditlə yaşayan, oxuyan tələbələr – fondun faydası varmı?

Tələbələr təhsil kreditlərindən ölkənin bütün iqtisadi rayonları üzrə yararlanırlar. Ümumi göstəricilərə əsasən, ən çox kreditdən yararlanma Bakı iqtisadi rayonu üzrə qeydə alınıb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

Bildirilib ki, bu iqtisadi rayon üzrə indiyədək 16 mindən çox tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Fonddan verilən məlumata görə, bölgələr üzrə təhlil göstərir ki, Bakıdan sonra ən yüksək yararlanma göstəricisi Lənkəran-Astara iqtisadi rayonu üzrədir.

“Bu iqtisadi rayondan olan tələbələr tərəfindən 8 minə yaxın kredit müqaviləsi rəsmiləşdirilib. Növbəti ən yüksək göstəricilər isə Gəncə-Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarına məxsusdur. Hər iki iqtisadi rayonda 5 mindən çox təhsil kreditinin rəsmiləşdiyi müşahidə olunur”,- məlumatda deyilir.

Qeyd edək ki, bu müddət ərzində sözügedən fonda məxsus elektron portala 84 mindən çox müraciət daxil olub, onlardan 68 mindən çoxu üzrə təhsil tələbə krediti müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilib.

Lakin Təhsil Tələbə Krediti Fondu (TTKF) haqqında Hesablama Palatasının 2025-ci ilin I rübü üzrə apardığı səmərəlilik auditinin nəticələri ali təhsilin maliyyələşdirilməsi sahəsində ciddi sistem problemlərinin və idarəetmə çatışmazlıqlarının olduğunu bir daha təsdiqləyir. Audit nəticələri təkcə texniki və hüquqi uyğunsuzluqları deyil, həm də dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, məqsədli sosial siyasətin həyata keçirilməməsi və gələcəkdə təkrar olunacaq maliyyə riskləri ilə bağlı ciddi xəbərdarlıqdır. Bundan əlavə, auditin aşkarladığı 32 tələbənin normadan aşağı nəticə ilə standart kredit alması, vəsaitlərin qanunsuz istifadəsi və hüquqi aktların pozulması deməkdir.

Amma bu kreditlərin gələcəkdə geri qaytarılmasına dair risklərin nəzərə alınmaması, kredit siyasətinin iqtisadi dayanıqlılığını sual altına alır.

Bəs təhsil eksperti necə düşünür, bu fondun fəaliyyəti faydalıdırmı? Tələbələrə kredit ayrılmasında şəffaflıq təmin olunurmu? Ümumiyyətlə, tələbələrin krediti qaytarmamaq riskləri nə dərəcədədir?

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura  çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

 Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil ekpserti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, “Təhsil tələbə krediti haqqında” qanunun 5-ci maddəsində kreditlərin verilmə şərtlərinin bərabər imkanlara əsaslanması, qərarların elektron sistem üzərindən verilməsi və sosial vəziyyətə dair meyarların açıq şəkildə müəyyən edilməsi şəffaflıq və ədalət üçün hüquqi baza yaradır. Qanunun 7-ci maddəsində göstərilən “güzəştli kredit modeli” isə aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını təmin edən ən mühüm mexanizmdir və bu, beynəlxalq təcrübədə yalnız inkişaf etmiş ölkələrin tətbiq etdiyi sosial yönümlü modelə yaxındır. Şəffaflıq baxımından üstünlük ondadır ki, qərarlar insan müdaxiləsi olmadan elektron alqoritm tərəfindən verilir və bütün göstəricilər illik hesabatlarda ictimaiyyətə açıqlanır.

Statistik müqayisələr dünya təcrübəsi ilə paralel aparıldıqda Azərbaycanın vəziyyətinin bir sıra məqamlarda daha dayanıqlı olduğu görünür. OECD ölkələrində ali təhsil kreditlərindən yararlanma səviyyəsi ölkə üzrə tələbələrin 40-70%-i arasında dəyişir, lakin geri qaytarılmama riski yüksəkdir: ABŞ-da “default rate” uzun illər 10-12%, İngiltərədə gəlirə bağlı mexanizm olmasına baxmayaraq 8% ətrafında olub. Gürcüstanda tələbə kreditlərinin qaytarılmama riski 18%-ə qədər yüksəlib. Azərbaycan isə bu sahədə yeni sistem qurmasına baxmayaraq daha sabit göstərici nümayiş etdirir: güzəştli kredit alan tələbələrin 83-85%-i məhz sosial həssas kateqoriyanı təşkil etdiyi üçün dövlət tərəfindən ödənişlərin bir hissəsinin kompensasiya edilməsi portfel riskini aşağı salır. Bu model dünya ölkələrinə nisbətən daha az riskli və sosial yönümlü mexanizm kimi görünür”.

K.Əsədovun sözlərinə görə, müsbət tərəflərin ən önəmlisi odur ki, Elm və Təhsil Nazirliyinin son illər təhsilin maliyyə əlçatanlığı sahəsində tətbiq etdiyi bu model ali təhsilin kütləviləşməsinə yeni imkanlar yaradıb. “2022-2024-cü illər arasında kredit alan tələbələrin sayında 2,3 dəfə artım qeydə alınıb. Bu, dünya ölkələri ilə müqayisədə çox yüksək dinamika hesab olunur; məsələn, Türkiyədə son üç ildə artım cəmi 11%, Gürcüstanda isə 8% olub. Bundan əlavə, kreditlərin geri ödənişinin məzunların gəlir səviyyəsinə uyğunlaşdırılması istiqamətində hazırlanan mexanizmlər, əslində, Avstraliya modelinin lokal adaptasiyasıdır və bu, kredit sisteminin uzunmüddətli dayanıqlılığını artıracaq”, – təhsil eksperti bildirib.

Kamran Əsədovun fikrincə, mənfi tərəf isə odur ki, sistem genişləndikcə risk idarəçiliyinin gücləndirilməsi zərurəti daha aydın görünür: “Xüsusilə də, ixtisas seçimi əmək bazarının tələblərinə uyğun olmayan tələbələr üçün gələcəkdə kreditlərin qaytarılması çətinləşə bilər. Bu risk bütün dünyada mövcuddur və təkcə Azərbaycana aid deyil. ABŞ-də humanitar ixtisaslar üzrə təhsil alanların kredit qaytarma riski STEM ixtisaslarına nisbətən 2,1 dəfə çoxdur. Azərbaycanda isə son iki ildə STEM üzrə kredit alan tələbələrin payının artması risklərin ümumi portfel üzrə azaldılmasına müsbət təsir göstərir.

Dünya təcrübəsi ilə müqayisə göstərir ki, Azərbaycan modeli daha sosial yönümlü və risk baxımından daha dayanıqlıdır. ABŞ və İngiltərədə tələbə kreditlərinin ümumi portfeli büdcələrə ciddi yük yaradır, halbuki Azərbaycanda kreditlərin böyük hissəsinin sosial təbəqələrə yönəldilməsi və dövlət təminatı sistemin maliyyə sabitliyini qoruyur. Geri qaytarılmama riski inkişaf etmiş ölkələrdə 10%-dən yuxarı qalxdığı halda, Azərbaycan hələlik bu həddə çatmır və mexanizmlər düzgün tətbiq olunarsa, risklərin 5-6% səviyyəsində saxlanılması real görünür”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər