Gündəm 

Azərbaycana milyardlar yatırılacaq – Qarabağ və Şərqi Zəngəzur “güzəştlər vadisi” nə çevrilir

Azərbaycan iqtisadiyyatında investisiya cəlb edə biləcək 60-dan çox istiqamət var; ölkəmizə ən çox birbaşa investisiya yönəldən ölkə Birləşmiş Krallıq olub

“Vaxtilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti indi öz bəhrəsini verməkdədir”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Müzakirələr bir daha göstərdi ki, ilk növbədə 2026-cı il dövlət büdcəsi neftdən asılılığı azaldır. İkincisi regionların dövlət büdcəsindən asılılığı da tədricən azalır. Bu isə qarşıya qoyduğumuz məqsədlərə çatmağımız deməkdir”, – deyə o bildirib.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda uzun illərdir hökm sürən ictimai-siyasi sabitlik və ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizi xarici investorlar üçün daha da cəlbedici edib. “Növbəti illərdə milyardlarla manat vəsait Azərbaycana investisiya ediləcək”, – deyə Ə.Hüseynli bildirib.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a geniş şərhində bildirdi ki, Azərbaycan iqtisadiyyatına nə qədər investisiyanın cəlb edilməsi  ilə bağlı konkret rəqəmlər açıqlanmasa da, iqtisadi nəzəriyyədə investisiyanı cəlb etmək potensialı adətən 3 parametrlə hesablanır: ÜDM; kapitalın yenilənməsi və gen işlənmə ehtiyacı; sektorların əlavə sərmayəni mənimsəmə etmə səviyyəsi. Onun sözlərinə görə, bu üç istiqamət üzrə dəqiq rəqəm söyləmək çətin olsa da, 50 milyard manatdan çox vəsaitdən söhbət gedə bilər: “Təbii ki, bu vəsaitin cəlb edilməsi üçün mütləq şəkildə qlobal investorların maraqlarını təmin edəcək mühit yaradılmalıdır. Təkcə, qlobal investorlar deyil, dövlət sərmayələri, o cümlədən yerli sahibkarların sərmayələri də mümkündür. Təbii ki, birbaşa xarici investisiyalar da mümkündür. Bir ildən çoxdur ki, Azərbaycan iqtisadiyyatına investisiya imkanları, xarici investorlar üçün iqtisadiyyatımızın cəlbedici tərəflərinə dair araşdırmalar aparıram. Hazırda üzərində işlədiyim kitabda bütün sahələr üzrə potensialın sistemləşdirilməsini edirəm. Analizlərim dərinləşdikcə görürəm ki, Azərbaycan iqtisadiyyatında investisiya cəlb edəcək biləcək 60-dan çox istiqamət var. Bunlardan bəzilərini ölkəmiz prioritet elan edib. Bəziləri ilə bağlı orta və aşağı indekslər üzrə gəlirlilik olsa da, faktiki olaraq, 60-dan çox istiqamətdə investisiya cəlb etmək üçün imkanlar mövcuddur: qeyri-neft və sənaye yönümlü sahələrimiz kifayət qədərdir – mədənçıxarma, emal sənayesi, kimya, tikinti materialları, tullantıların emalı, yüksək əlavə dəyər yaradan sənaye və digər alt sahələr, aqrar və aqrar emal sahələri – bitkiçilik, südçülük, innovativ kənd təsərrüfatı texnologiyaları, logistika ilə inteqrasiya olunmuş ərzaq dəyər zənciri formalaşdırmaq mümkündür, turizm sektoru özündə bir çox imkanlar daşıyır, rəqəmsal iqtisadiyyat və texnologiya istiqaməti-data mərkəzləri, bulud xidməti, süni intellekt, startap ekosisteminə dair investisiya potensialı, bərpaolunan enerji və s. Bu siyahını yetərincə uzada bilərik. İşğaldan azad edilən ərazilər isə investisiya cəlbediciliyi baxımından daha çox imkan vəd edir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan imkanlar bu əraziləri ”güzəştlər vadisi” adlandırmağa imkan verir”.

Xalid Kərimli: “Büdcə xərcləri artdıqca qiymətlər də qalxır” - FOTO - Oxu.az

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, regionlar inkişaf etmiş olsa idi, ölkə iqtisadiyyatının 80 faizi Bakıdan asılı olmazdı: “Azərbaycanda adambaşına düşən qeyri-neft ixracı Ermənistan və Gürcüstandan aşağıdır. Ölkəmizdə ÜDM də, orta aylıq əməkhaqqı da qonşu dövlətlərdən daha aşağı səviyyədədir. Birbaşa xarici investisiyaların həcmində azalma var. Demək olar ki, hər il əvvəlki ilə nəzərən azalma müşahidə olunur”.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat və yaxud 2023-cü illə müqayisədə 0,7 % az investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ildə neft-qaz sektoruna investisiyalar 10,2 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 % artıb.

Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 641,3 milyon manatı və yaxud 49,6 %-i məhsul istehsalı sahələrinə, 8 milyard 221,1 milyon manatı və yaxud 38,4 %-i xidmət sahələrinə, 2 milyard 572,7 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 18 milyard 145,7 milyon manatını və yaxud 84,7 %-ni daxili investisiyalar təşkil edib, 15 milyard 524,9 milyon manatı və yaxud 72,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi sürətlə artır.

Belə ki, son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 milyard 303 milyon 112 min 477 dollar) birbaşa xarici investisiya cəlb olunub.

Rəsmi rəqəmlərə əsasən, son 5 ilin ən yüksək göstəricisi 2024-cü ildə qeydə alınıb. 2024-cü ildə ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın həcmi 7,05 milyard dollar (7 milyard 46 milyon 217 min 257 dollar) təşkil edib. Bu da əvvəlki ilə nisbətən 5,8 faiz və ya 0,39 milyard dollar (388 milyon 149 min 253 dollar) daha çox deməkdir. 2023-cü ildə isə bu məbləğ 6,66 milyard dollara (6 milyard 658 milyon 68 min 3 dollar) bərabər olub.

Son 5 ilin hər birində ölkəmizə ən çox birbaşa investisiya yönəldən ölkə Birləşmiş Krallıq olub. 2020-2024-cü illərdə Birləşmiş Krallıqdan ölkə iqtisadiyyatına 8 milyard 633 milyon 344 min 791 dollar (8,63 milyard dollar) birbaşa xarici investisiya cəlb olunub. İkinci sıranı 5 milyard 26 milyon 799 min 828 dollar (5,03 milyard dollar) ilə Türkiyə tutub. Üçüncü sırada isə digər Şimali Kipr yer alıb. Son 5 ildə Şimali Kiprdən ölkəmizə 2 milyard 909 milyon 175 min 95 dollar (2,91 milyard dollar) həcmində birbaşa xarici investisiya cəlb olunub. Ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 milyard 303 milyon 112 min 477 dollar) birbaşa xarici investisiya cəlb olunub ki, bu məbləğin 88,3 faizi cədvəldə də göründüyü kimi 10 ölkənin payına düşür. Ötən ilin göstəricilərinə gəldikdə isə, 2024-cü ildə Birləşmiş Krallıq ölkəmizə 1 milyard 748 milyon 821 min 566 dollar (1,75 milyard dollar) investisiya yatırıb ki, bu da həmin ildə cəlb olunan bütün birbaşa xarici investisiyaların 24,8 faizini təşkil edib.

Ötən il 1 milyard 219 milyon 14 min 750 dollar (1,22 milyard dollar) həcmində birbaşa investisiya ilə qardaş ölkə Türkiyə ikinci sırada yer alıb. 2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına yönləndirdiyi birbaşa investisiyanın həcmi ümumi birbaşa xarici investisiya həcminin 17,3 faizini təşkil edib.

Macarıstan 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 1 milyard 18 milyon 647 min 576 dollar (1,02 milyard dollar) birbaşa investisiya yönəltməklə üçüncü olub. Xatırladaq ki, Macarıstandan ölkəmizə yönləndirilən ən böyük birbaşa investisiya 2023-cü ildə 197 milyon 451 min 991 dollar (197,5 milyon dollar) həcmində olub.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların əsas hissəsi- 90,2 faizi son 5 ilin göstəricilərində qeyd olunan 10 ölkənin payına düşüb. Bu ölkələrin Azərbaycana yönləndirdiyi birbaşa investisiyanın həcmi 6 milyard 357 milyon 273 min 92 dollar (6,36 milyard dollar) təşkil edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Gürcüstan Dövlət Statistika Komitələrinin rəsmi məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi Gürcüstanla müqayisədə çox olub.

Ötən il Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmi 2023-cü ilə nisbətən artsa da, qonşu ölkədə kəskin azalma qeydə alınıb.

Rəqəmlərlə ifadə etsək, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 2023-cü ilə nisbətən 5,8 faiz artaraq 7,05 milyard dollar (7 milyard 46 milyon 217 min 257 dollar), Gürcüstanda isə 30 faiz azalaraq 1,33 milyard dollar (1 milyard 333 milyon 818 min 169 dollar) təşkil edib.

Əlavə məlumat üçün bildirək ki, 2024-cü ildə hər iki ölkəyə ən çox birbaşa investisiya yönləndirən ölkə Birləşmiş Krallıq olub. Faiz etibarilə Azərbaycan iqtisadiyyatına yönləndirilən birbaşa investisiyaların 24,8 faizi, Gürcüstan iqtisadiyyatına yönləndirilən birbaşa investisiyaların isə 33,6 faizi bu ölkə tərəfindən ayrılıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Daha çox xəbərlər