Cəmiyyət 

Azərbaycanda yeni sığorta növü yaradılır: Bu şəxslər istifadə edə biləcəklər

Azərbaycanda kənd təsərrüfatı sektorunda quraqlıq risklərinin sığortalanması istiqamətində yeni mexanizm hazırlanır. Aqrar Sığorta Fondunun müşaviri Rəvan Səmədlinin sözlərinə görə, fermerlərin ən çox üzləşdiyi və təsərrüfata ciddi zərər vuran əsas təhlükələrdən biri məhz quraqlıqdır. Onun sözlərinə görə, məsələ ilə bağlı Fonda artıq çoxsaylı müraciətlər daxil olur və sahədə xüsusi sığorta mexanizminə ehtiyacın yüksək olduğu müşahidə edilir.

Maraqlıdır, hazırlanan yeni quraqlıq sığortası fermerlərin gözləntilərini hansı səviyyədə qarşılaya biləcək?

Məsələ ilə bağlı News24.az-a danışan sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hazırda Aqrar Sığorta Fondu əkinçiliklə bağlı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, şaxta və donvurma kimi hadisələrə görə ödənişlər təklif edir:

“Bu sıraya quraqlıq riskinin də daxil edilməsi xüsusilə su çatışmazlığının daha kəskin hiss olunduğu bölgələrdə təsərrüfatla məşğul olan fermerlər üçün ciddi dəstək olacaq. Aqrar Sığortanın nəzərdə tutduğu quraqlıq sığortası bitkilərin yağıntının normadan az olması, yüksək temperatur və torpaqda nəmlik çatışmazlığı səbəbindən məhsulun azalması və ya tam itirilməsi hallarını əhatə edir”.

Ekspert bildirib ki, əgər hava şəraiti quru keçərsə və nəticədə məhsul məhv olarsa, yeni sığorta modeli bu zərərin ödənilməsini nəzərdə tutur:

“Beynəlxalq təcrübədə quraqlıq sığortasının iki əsas mexanizmi mövcuddur. Bunlardan ən çox tətbiq ediləni indeks əsaslı sığorta modelidir. Bu üsulda zərər hər bir fermerin sahəsinə ayrıca baxılmaqla deyil, bütövlükdə region üzrə aparılan təhlillərlə müəyyən edilir. Məsələn, yağıntının miqdarı ən aşağı həddə düşdükdə və ya torpağın rütubət göstəricisi normanı aşırı dərəcədə altlayanda, sığorta avtomatik ödəniş həyata keçirir. Yəni zərərin ölçülməsi üçün əraziyə ekspert göndərilməsinə ehtiyac qalmır”.

Vüsal Bədəlov əlavə edib ki, ikinci model isə klassik sığorta mexanizmidir. Bu halda zərər birbaşa sahədə qiymətləndirilir:

“Əgər bitkilər yanıbsa və ya məhsul tamamilə məhv olubsa, sığorta ekspertizasının nəticələri əsasında fermerə kompensasiya verilir. Bu model daha detallı baxış tələb edir, lakin fərdi təsərrüfatlarda zərərin real ölçüsünü daha dəqiq müəyyənləşdirməyə imkan yaradır. Quraqlıq sığortasının tətbiqi kənd təsərrüfatı istehsalçılarının risklərini əhəmiyyətli dərəcədə azaldacaq və su stressinin getdikcə artdığı iqlim şəraitində fermerlərin maliyyə dayanıqlığını gücləndirəcək”.

Daha çox xəbərlər