Siyasət 

Putinin açıqlamalarının şifrələri – “Rusiyanın daha böyük müharibəyə hazırlaşması…”

Dünya artıq NATO-Rusiya müharibəsi ehtimallarından danışır. Buna səbəb Kremlin sahibi Vladimir Putinin ən böyük hərbi-siyasi bloka sahib olan qurum haqqında səsləndirdiyi fikirlərdir. Prezident həm ölkəsini sülh tərəfdən göstərməyə çalışdı, həm də şübhəsiz ki, NATO-ya meydan oxudu, yəni “hodri meydan” dedi…

Hər kəs Putinin son açıqlamalarının şifrələrini müzakirə edir. Rusiya rəhbəri ölkəsinin Avropa ilə heç vaxt müharibə etmək fikrində olmadığını deyir, eyni zamanda əks tərəf müharibəyə başlasa, dərhal hazır olacaqlarını bəyan edir…

SEXAVET.jpg (111 KB)

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında Vladimir Putinin daxilə və xaricə eyni anda mesajlar ünvanladığını bildirib:

“Bir tərəfdən Putin beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, Rusiya qarşıdurma axtarmır, lakin Qərbdən təzyiqlər davam edərsə, hərbi cavab verməkdən çəkinməyəcək. Bu, həm sülhə açıq olduqlarını, həm də güclərindən əmin olduqlarını göstərmək üçün düşünülmüş balanslı ritorikadır. Putinin son bəyanatında həm xarici, həm də daxili auditoriyaya ünvanlanmış paralel mesajlar var.

Rusiya prezidenti Vladimir Putinin son açıqlaması beynəlxalq gündəmi bir daha hərbi-siyasi gərginliklə üz-üzə qoydu. Putin bildirir ki, əgər Avropa Rusiya ilə döyüşə başlayarsa, Moskvanın “danışıqlar aparacağı tərəf qalmaya bilər”.

Maraqlı məsələ ondan ibarətdir ki, Putin bir neçə gün əvvəl sənəd üzərində də Avropaya hücum etməyəcəklərini təsdiq edə biləcəklərini vurğulaşmışdı. O, rus ictimaiyyətinə göstərmək istəyir ki, Rusiya təcrid edilməyib, zəif deyil və Qərb qarşısında öz maraqlarını qoruya bilir. Bu da milli həmrəyliyi gücləndirmək və ictimai dəstəyi artırmaq məqsədi daşıyır.

Ümumilikdə, bu açıqlama Rusiyanın diplomatik ritorikasında güc balansı və qorxu strategiyasının bir nümunəsidir. Moskva açıq müharibə istəmir, ancaq müharibə başlasa, onu sona qədər aparacaq gücə sahib olduğunu vurğulamaqla Qərbə mesajlar verir.

Yeri gəlmişkən, Qərbdəki beyin mərkəzlərinin yaydığı hesabatlarda Rusiyanın Ukrayna müharibəsi ilə paralel olaraq daha böyük müharibəyə hazırlaşdığı qeyd olunur. Hazırda Avropa ölkələri də hərbi gücünü artırır. Hətta bunu müharibə hazırlığı kimi də qiymətləndirirlər. Əgər Avropa ilə Rusiya arasında müharibə olacaqsa, bu, səngər müharibəsi yox, İsrail-İran toqquşması kimi kontaktsız ola bilər. Tərəflər bir-birinə raketlərlə, aviasiya vasitələri və dronlarla zərbələr endirməyə cəhd edəcək. Çünki səngər müharibəsi, tərəflərdən hansısa birinin ərazisinə müdaxilə nüvə silahını da işə sala bilər. Ona görə də həm Rusiya, həm də Avropa ölkələri bir növ müharibə etməmək üçün bəhanə axtarırlar”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər