Cəmiyyət 

Azərbaycanda atalıq məzuniyyəti- kişilər 14 gün evdə qala biləcək

Azərbaycanda yeni ata olanlar ödənişli məzuniyyətə çıxa biləcək. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Mütəxəssislər bildirir ki, uşağın doğulması ilə bağlı kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi istiqamətində qanunvericilikdə təklif olunan dəyişiklik həm sosial, həm psixoloji, həm də institusional baxımdan son dərəcə doğru və zamanın tələbinə uyğun addımdır. Bu qərar ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin daha ədalətli şəkildə bölüşdürülməsi və ailədaxili harmoniyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müasir ailə modelində uşağın dünyaya gəlməsi təkcə ananın deyil, hər iki valideynin ortaq məsuliyyəti kimi qəbul olunur. Kişiyə məzuniyyətin verilməsi həm onun yeni doğulmuş körpəsi ilə emosional bağ qurmasına imkan yaradır, həm də ananın doğuşdan sonrakı bərpa dövründə ciddi sosial və psixoloji dəstək təmin edir.

Amma bir sual yaranır ki, Azərbaycanda kişilər həqiqətən bu məzuniyyətə çıxacaqmı? Bəziləri hesab edir ki, Azərbaycan kişilərinin böyük qismi hələ də bu addımı atmağa çəkinəcək. Çünki buna təsir edən başlıca səbəblər var. Məsələn, “kişi evdə uşaq saxlamaz” kimi köhnəlmiş təsəvvürlər, atalıq məzuniyyətinə çıxmağın “qeyri-ciddi görünməsi” kimi yanlış fikirlər, kişinin evdə olmasının ailə büdcəsinə təsir edəcəyi qorxusu və sairə.

Bundan başqa, araşdırmalar göstərir ki, atalıq məzuniyyəti dünyanın hər yerində ilk illərdə çətin qəbul olunub. Məsələn, Türkiyədə ilk illərdə yalnız 10-15 faiz kişi bu məzuniyyətdən yararlanırdı. Skandinaviya ölkələrində qanun sərtləşdiriləndən sonra istifadə faizi 80 faizə qalxıb.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a bildirib ki, Əmək Məcəlləsinə görə kişilərə məzuniyyət əvvəl də var idi, sadəcə olaraq bu, ödənişsiz məzuniyyət kimi nəzərdə tutulurdu:

“İndi isə bunun ödənişli əsaslarla verilməsi təklif olunur və bu baxımdan kişilərin bu məzuniyyətdən real istifadə etməsi üçün daha əlçatan imkan yaranır. Bu, qadınlar üçün də çox böyük üstünlükdür. Çünki doğuşdan sonra həm ev işlərində, həm məişət qayğılarında, həm də uşağa baxmaqda kişilərin dəstəyi böyük rahatlıq gətirəcək. Yəni həmin hüquq əvvəllər də mövcud idi, sadəcə olaraq ödənişsiz idi, indi isə kişilər üçün ödənişli hüquq kimi tanınır.

Əlbəttə ki, biz ənənəvi cəmiyyətik və uzun illər belə bir fikir dominant olub ki, “qadın ev üçündür, kişi isə çöl işlərini görür, ailəni kişi təmin edir”. Ona görə də kişilər daha çox işə fokuslanır, qadınlar isə evdə olurdu. Məhz bu səbəbdən əvvəlki illərdə bu məzuniyyət Azərbaycan cəmiyyəti üçün o qədər də aktual görünmürdü. Lakin indi vəziyyət dəyişib: demokratik dövlət quruluşumuz formalaşır, qadınların məşğulluq səviyyəsi artıq 47 faizdən çoxdur. Bu, əslində çox böyük rəqəmdir və göstərir ki, ailə modelində rollar dəyişməkdədir. Bu baxımdan bu addım son dərəcə müsbət və vaxtında atılmış qərardır.

Əlbəttə ki, bəzi stereotip yanaşmalar yenə də qalacaq. Əvvəllər belə məzuniyyətlərə, ümumiyyətlə, kişilərin evdə qalmasına yaxşı yanaşılmırdı. Çünki biz kişi-mərkəzli bir cəmiyyətdən gəlirik. Lakin indi insanların düşüncəsi dəyişib, yeni nəsil daha fərqli baxışa malikdir. Əgər söhbət məhz gənc nəsildən gedirsə, çox böyük ehtimalla onlar bu imkandan aktiv şəkildə istifadə edəcəklər”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər