Gürcüstan Azərbaycan neftini Ermənistana pulsuz tranzit edəcək
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycandan Ermənistana neftin bir dəfəlik və tamamilə pulsuz tranzitinə razılıq verildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, tərəfdaş ölkələrdən gələn rəsmi müraciət artıq qeydə alınıb və qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin göstərişi əsasında qəbul olunub.
Məlumatda qeyd olunur ki, Azərbaycan və Ermənistan tərəfləri Gürcüstan hökumətinin qərarı barədə rəsmən məlumatlandırılıb. Tranzitin hansı marşrutla və hansı həcmdə həyata keçiriləcəyi barədə detallara isə yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir.
Bu qərar ictimaiyyətdə geniş müzakirələr doğurub. Çünki daha əvvəl bir sıra KİV Gürcüstanın tranzit üçün ton başına 92 dollar tələb etdiyi barədə məlumat yaymışdı. Rəsmi Tiflisin bu dəfə tranziti tam ödənişsiz həyata keçirməsi Gürcüstanın regional siyasətində yeni yumşalma siqnalı kimi qiymətləndirilir.

