Tehran Bakıya mesaj verdi: İlham Əliyevin İrana tarixi səfəri gündəmdə
“Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini gözləyirik”.
Modern.az-ın xəbərinə görə bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Bu səfərin baş tutması ehtimalı və real perspektivlər hansılardır? Əgər səfər baş tutarsa, qısa müddətdə hansı sahələrdə real nəticələrin ortaya çıxacağı gözlənilir?
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:
“Son vaxtlar sevindirici haldır ki, İranla Azərbaycan arasındakı münasibətlər pozitiv istiqamətdə inkişaf etməkdədir. Azərbaycan bütün qonşu dövlətlərlə normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bərqərar olmasının tərəfdarıdır və bu istiqamətdə hər zaman İranla da xoş, konstruktiv əlaqələrin qurulmasını istəyib. Lakin uzun illər ərzində qarşı tərəfdən bu yanaşmaya adekvat, yetərincə pozitiv cavab alınmırdı.
Bununla belə, son illərdə, xüsusilə də Masud Pezeşkianın prezident seçildikdən sonra İranın Azərbaycana münasibətində xeyli dərəcədə isti yanaşma, diqqət və siyasi iradə müşahidə olunmağa başlayıb. SEPAH-ın bir sıra generalları, eləcə də radikal fars millətçi çevrələri uzun illərdir İran-Azərbaycan əlaqələrinin genişlənməsinin əleyhinə olublar və bu mövqelərini hazırda da tam dəyişmiş deyillər. Lakin Pezeşkian fərqli bir strateji xətt müəyyən edib: bütün qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasına böyük ehtiyac olduğunu açıq şəkildə vurğulayıb və bu istiqamətdə ardıcıl addımlar atmağa başlayıb.
Pezeşkianın Bakıya səfəri həm siyasi, həm psixoloji, həm də ictimai müstəvidə çox yaxşı rezonans yaratdı. O, Azərbaycandan xoş təəssüratlarla geri döndü. Bundan əvvəlki İran prezidenti də Azərbaycan sərhədinə gəlmiş, dövlət başçısı İlham Əliyevlə birlikdə su bəndinin açılış mərasimində iştirak etmişdi. İndi isə münasibətlər daha geniş miqyasda inkişaf edir.
Bu inkişafın ən mühüm istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu dəmir yolu xətti Azərbaycan Astarasından İran Astarasına, oradan isə Bəndər-Abbas limanına qədər uzanmalıdır. Bu, dünyada ən böyük və strateji əhəmiyyət daşıyan dəmir yolu qovşaqlarından birinə çevriləcək. Layihə həm Rusiyanın, həm də İranın Azərbaycan dəmir yolları vasitəsilə Avropaya və Türkiyəyə çıxış imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq, ticarət əlaqələrinin yeni mərhələyə keçməsinə xidmət edəcək.
Hazırda İranın xarici işlər naziri Abbas Əraqçi Bakıda səfərdədir. Tərəflər ikitərəfli münasibətlərə dair geniş və əhatəli müzakirələr aparıblar. Həm İran, həm də Azərbaycan tərəfinin bəyanatlarından görünür ki, görüş çox yüksək səviyyədə və müsbət ovqatda keçib. Bu fonda Azərbaycan Prezidentinin Tehrana cavab səfərinin gözlənilməsi tamamilə realdır”.
Politoloq qeyd edib ki, gözlənilən bu səfər zamanı bir sıra mühüm sənədlərin imzalanacağı ehtimal olunur:
“Söhbət qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsindən, Azərbaycanla İran arasında sənaye və xüsusilə ağır sənaye yönümlü müştərək müəssisələrin yaradılmasından, eləcə də iki ölkə vətəndaşlarının gediş-gəlişinin daha da artmasına imkan verəcək humanitar və texniki razılaşmalardan gedir.
Böyük ehtimalla, səfər çərçivəsində Azərbaycan Prezidenti İranda azərbaycanlı tələbələrin ölkəmizdə təhsil almaları üçün daha əlverişli mexanizmlərin yaradılması, təqaüd proqramlarının genişləndirilməsi və təhsil əməkdaşlığının institusional səviyyədə gücləndirilməsi məsələlərini də gündəmə gətirəcək. Bu istiqamətdə də müsbət nəticə əldə olunacağı gözlənilir”.

