DSMF-nin büdcəsi təsdiqləndi – sonuncu oxunuş
Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri cari ildəkindən 9,3%, xərcləri 10,5% çox nəzərdə tutulur ki, bu da gələn ilə gözlənilən infilyasiya göstəricisini 2 dəfə üstələyir.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdəki müzakirələr zamanı deyib.
Komitə rəhbəri əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş DSMF 2026- cı il büdcəsinin layihəsi ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir və gələn il şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaq:
““İşsizlikdən Sığorta Fondunun” büdcə layihəsi 2026-cı ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.
Son olaraq DSMF və İSF- nun büdcəsinin hazırlanmasında, müzakirəsində əməyi olan hər kəsə, o cümlədən büdcə layihəsinə dair geniş və ətraflı təhlilə əsaslan rəy vermiş Hesablama Palatasına minnətdarlığımızı bildiririk. İki oxunuşdan sonra qanun layihələrinin mətnində dəyişiklik yoxdur”.
Layihə səsə qoyularaq qəbul edilib.

