Cəmiyyət 

Narkotiklərə dair qanunları yumşaltmaq çağırışı

Hüquqşünas deyir ki, narkotikə görə cəza yox, müalicə mexanizmi olmalıdır

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası hökumətə bir sıra təkliflərlə çıxış edib. Təkliflər sırasında  hökumətə xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına yenidən baxmağa, eləcə də  ölkəmizdə humanizmi və milli  birliyimizi gücləndirəcək geniş amnistiya aktı qəbul etməyə çağırış da var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq deyərkən ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.  

Belə ki, sözügedən əməlləri törədən şəxslər 1000 manatdan 3 min manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın  məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin əgər xuliqanlıq əməlləri bir qrup şəxs tərəfindən törədilərsə və ya eyni şəxs və ya şəxslər tərəfindən təkrar  törədilərsə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya  ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilərsə, bu hallarda qanunvericilik iki  ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın  məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutur.

Xuliqanlığın daha ağır şəkildə həyata keçirilməsi hallarında, yəni silahdan və ya silah qismində istifadə  olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə  müşayiət olunduqda şəxsə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza verilir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi isə narkotik istifadə etməyə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması  və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ehtimal ki, ƏHD bu maddələrlə həbsxanada xeyli sayda məhkum olduğunu nəzərə alaraq bu maddələrin sanksiyalarının yumşaldılmasını təklif edir.

Tağı İbrahimov Çovdarov kimi həbsdən buraxıla bilər

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ƏHD Partiyasının xuliqanlıq və narkotiklərlə bağlı maddələrin yumşaldılması təşəbbüsü əslində ölkədə cinayət siyasətinin humanistləşdirilməsi ilə bağlı uzun illərdir müzakirə olunan məsələnin növbəti dalğasıdır: “Bu çağırışın adekvat qiymətləndirilməsi üçün ilk növbədə mövcud maddələrin məzmununa, tətbiq təcrübəsinə və ən əsası onların real kriminal vəziyyətə uyğunluğuna nəzər salmaq lazımdır. Cinayət Məcəlləsinin 221-ci maddəsi nəzəri baxımdan ictimai qaydanın açıq pozulmasını hədəf alır. Lakin praktika göstərir ki, xuliqanlıq maddəsi çox hallarda  – polis bölməsindən küçə insidentlərinə qədər ən müxtəlif situasiyalarda tətbiq oluna bilir. Nəticədə, maddənin hüquqi çərçivəsi geniş, tətbiqi isə bəzən selektiv xarakter daşıyır”.

Natiq Ələsgərov deyib ki, əslində CM-in 221-ci maddəsi orta ictimai təhlükəlilik səviyyəli əməlləri hədəfləyir: “Lakin bu maddəyə görə şəxsin bir ilədək azadlıqdan məhrum olunması, xüsusilə də ilk dəfə törədilən inzibati xarakterli davranışlara görə belə sərt cəzalar, artıq həm hüquq nəzəriyyəsinə, həm də beynəlxalq standartlara zidd hesab olunur. Avropa məhkəmə təcrübəsi də göstərir ki, ictimai qayda pozuntuları üçün azadlıqdan məhrum etmə cəzası istisna hal kimi tətbiq olunmalıdır. Başqa sözlə, maddə ağır hadisələr üçün nəzərdə tutulub, amma praktikada ən xırda davaya belə tətbiq edilir”.

Natiq Ələsgərov deyib ki, narkotikə görə cəza yox, müalicə mexanizmi olmalıdır: “CM-in 234.1-ci maddəsi illərdir ki, müzakirə mövzusudur. Çünki bu maddə narkotik vasitələrdən istifadəni faktiki olaraq cinayət məsuliyyətinə çevirir. Bu isə modern cinayət siyasətinə tam ziddir. Dünyanın əksər ölkələrinin təcrübəsi göstərir ki, istifadəçilərlə mübarizə effekt vermir. Onların həbsxanaya salınması nə narkomaniyanı azaldır, nə də təhlükəni aradan qaldırır. Əksinə, istifadəçi daha da kriminal mühitə inteqrasiya olunur. Məhz buna görə humanist yanaşma narkotik istifadəçilərinin müalicə və reabilitasiya proqramlarına cəlb edilməsini prioritet sayır. Bu maddənin yumşaldılmasına yönəlik təklif, real vəziyyəti nəzərə alanda, hüquqi baxımdan tam əsaslıdır. Çünki Azərbaycan həbsxanalarında 234.1 üzrə olan məhkumların sayının kifayət qədər çox olduğu müxtəlif illik hesabatlarda da qeyd edilir. Bu, penitensiar sistemə əlavə yük yaratmaqla yanaşı, sosial nəticələri də ağırlaşdırır”.

Natiq Ələsgərov deyib ki, irəli sürülən amnistiya təşəbbüsü də bu kontekstdə qiymətləndirilməlidir: “Azərbaycan hüquq sistemi uzun illərdir ki, əhali sayına nisbətdə yüksək həbs göstəriciləri ilə seçilir. Yəni bizdə cəza siyasətinin sərtliyi faktiki olaraq kriminal davranışın təbiətinə uyğun deyil. Dünyada tendensiya belədir ki, yüngül və orta ağır cinayətlərdə azadlıqdan məhrumetmənin minimuma endirilməsi, alternativ cəza vətəndaşın sosial inteqrasiyasının qorunması və ən əsası dövlətin cəza siyasətinin reabilitasiyayönümlü qurulmasıdır. İrəli sürülən təkliflər cəmiyyətə təhlükə törətməyən şəxslərin həbsxanaya doldurulmasının nə hüquqi, nə iqtisadi, nə də sosial baxımdan rasional olmadığından yaranıb. Problem təkcə maddələrin sərtliyi deyil, həm də tətbiq mexanizmlərindədir. Bu baxımdan qanunların yumşaldılması vacibdir, amma qanunvericilikdən daha çox tətbiqedici orqanların davranış mexanizmləri dəyişməlidir. Çünki cinayət işləri çox zaman formal yanaşma ilə aparılır, ekspertiza, ifadə, şikayət mexanizmlərində problemlər qalır, məhkəmələrdə ittiham hökmü üstünlük təşkil edir, alternativ tədbirlər sistemli şəkildə tətbiq olunmur. Belə şəraitdə qanunun yumşaldılması müəyyən təsir göstərəcək, lakin ümumi problemi həll etməyəcək”.

Natiq Ələsgərov hesab edir ki, bu sahədə islahatlara ehtiyac var: “Qanunvericiliyin liberallaşdırılması, yəni maddələrin yüngülləşdirilməsi zərurəti var. Eyni zamanda tətbiq mexanizmlərinin demokratikləşdirilməsi – məhkəmə və istintaq sisteminin şəffaflaşdırılması da həyata keçirilməlidir. İrəli sürülən təkliflər hüquqi və sosial reallıqlara əsaslanan çağırışdır. Xuliqanlıq və narkotik maddələr üzrə cəza siyasətinin yumşaldılması penitensiar sistemə düşən yükü azaldacaq, məhkəmə sistemində formal işlərin sayını aşağı salacaq, insanları kriminal mühitdən uzaq tutmağa kömək edəcək, daha rasional dövlət siyasəti formalaşdıracaq. Ən vacibi isə insanı cəzalandırmaq yox, cəmiyyətə geri qaytarmaq hüquq sisteminin əsas prioriteti olmalıdır. Bu isə həm hüquqi dövlət prinsiplərinə, həm də sosial dövlət modelinə uyğundur”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Daha çox xəbərlər