Siyasət 

Naxçıvan yoluna nəzarətihansı şirkət ələ keçirir?

Şübhə yoxdur ki, qurulacaq ortaq şirkət “TRIPP Company” Paşinyan hökumətinin birbaşa nəzarətində olacaq 

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün Ermənistanda “TRIPP Company” adlı Ermənistan-ABŞ birgə müəssisəsi qeydiyyatdan keçəcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada səfərdə olarkən bildirib.

N.Paşinyanın sözlərinə görə, birgə müəssisə dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək. Ermənistanın baş naziri əlavə edib ki, layihənin praktiki icrası və tikintisi gələn ildən başlayacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “Tramp Marşrutu” üzrə danışıqlar aparıb. Görüşlərdə Orta dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də “TRIPP” layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bir müddət əvvəl Türkiyə şirkətinin “Tramp Marşrutu” layihəsində iştirak edə biləcəyi haqda iddialar var idi. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan isə deyib ki, bütün qərarlar və şirkət seçimi tərəflərin maraqlarına uyğun olmalıdır. Lakin ilk növbədə, erməni-amerikan şirkəti yaradılmalıdır.

Heç şübhə yoxdur ki, qurulacaq ortaq şirkət Paşinyanın birbaşa nəzarətində olacaq. Maraqlıdır ki, Paşinyan dəhlizin icarə müddəti ilə bağlı da danışmayıb. Bundan əvvəl Paşinyan bildirib ki, dəhlizin layihəsi üçün iki mümkün model müzakirə olunur: marşrutun 49 il və ya 99 illik icarəyə verilməsi. Onun sözlərinə görə, bu model “tikinti hüququ”nu nəzərdə tutur. Yəni investor (ABŞ və ya ABŞ ilə əlaqəli konsorsium) marşrutun tikintisi, inkişafı və idarə olunması üçün uzunmüddətli hüquqa malik ola, amma torpaq “daşınmaz əmlak” kimi Ermənistanın suverenliyi altında qala bilər. N.Paşinyan vurğulayıb ki, Ermənistanın suverenliyi zərbə almamalıdır: “İcarə” sözü burada suverenliyin tam itirilməsi mənasında deyil, daha çox texniki-iqtisadi model kimi istifadə edilir. Paşinyan deyir ki, bu cür uzunmüddətli razılaşmalar Ermənistanda əvvəllər də olub – hava limanları, su təchizatı kimi sahələrdə.

Bəzi mənbələrə görə, razılaşmada “99 illik icarə” ifadəsi “inkişaf hüququ” mənasını daşıyır. Yəni ABŞ konsorsiumu marşrutu 99 il müddətinə inşa edə, yeniləyə və idarə edə bilər. Ağ Evdə 2025-ci il avqustun 8-də imzalanan üçtərəfli Bəyannamədə Tramp və tərəflər “99 il” sözünü istifadə ediblər, amma bu, daha çox “inkişaf və idarəetmə hüququ” kimi təqdim olunur, tam mülkiyyət və ya suveren ərazi verilməsi kimi deyil. Trampın özü bildirib ki, marşrut “ABŞ-nin xüsusi şirkətinə icarəyə verilib”, yəni kommersiya və strateji layihə olaraq planlaşdırılır. Şübhəsiz, bizim üçün indiki halda bu müddət ciddi əhəmiyyət kəsb etmir. Azərbaycandan Azərbaycana keçid prioritet məsələdir və Ermənistan öhdəliyini yerinə yetirməlidir. Buna qədər isə yolun ABŞ şirkətinə 49, yoxsa 99 il müddətinə icarəyə verilməsi artıq tərəflərin öz işidir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan öz üzərinə düşəni edib: “Şərqi Zəngəzurda yol tikintisi işləri sürətlə davam edir. Dəhlizin Azərbaycan hissəsinin tikintisi gələn ilin ortalarına qədər tamamlanacaq, dəmir yolu və avtomobil yolu Ermənistan sərhədinə çatdırılacaq. Naxçıvanda və Türkiyədə də çalışmalara başlanılıb. Yeganə Ermənistanda tikinti işlərinə hələ başlanılmayıb. Ermənistan ABŞ-nin tikintini maliyyələşdirməsini gözləyir. Maliyyənin bir hissəsi ayrılıb. İrəvan maliyyənin ikinci hissəsini gözləyir. Baş nazir Nikol Paşinyan tikintiyə pul xərcləmək istəmir. Ermənistanın gələnilki büdcəsində tikintiyə maliyyə ayrılacağı barədə bənd yoxdur. Nikol Paşinyanın tikintiyə pul ayırmamasının digər səbəbi dəhlizin işləməsinə görə bütün məsuliyyəti ABŞ-nin üzərinə yükləməkdir. Çünki ABŞ həm maliyyələşməni, həm də tikintini həyata keçirərsə, dəhlizin idarəetməsinə də cavabdehlik daşıyacaq”.

E.Şahinoğlunun fikrincə, Paşinyan bununla Rusiya və İranın təzyiqlərini neytrallaşdırmağı düşünür: “Çünki dəhliz Ermənistanın nəzarətində olacağı halda, Paşinyan Rusiya və İranın müdaxilələrindən çəkinir. Dəhliz ABŞ-nin nəzarətində olduğu halda isə Moskva və Tehran ABŞ-yə mane ola bilməyəcəklər. ABŞ-nin tikintini bu işdə təcrübəsi olan Türkiyə şirkətlərindən birinə həvalə etməsi də mümkündür”. Politoloq bu məqamda maraqlı bir təklifini də səsləndirdi: “ABŞ-nin Ermənistanla birgə konsorsium təsis edib vaxt itkisinə yol verməsindənsə, hazır Türkiyə şirkətlərindən biri ilə müqavilə bağlayıb, tikinti işlərinə başlaması ümumi işin xeyrinə olar. Buna baş nazir Nikol Paşinyanın necə qərar verəcəyini yaxın aylar göstərəcək. Şərqi Zəngəzurda da yol infrastrukturunun əsas hissəsini Türkiyə şirkətləri həyata keçirirlər”. E.Şahinoğlu qeyd etdi ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikintinin necə həyata keçiriləcəyinin Azərbaycana dəxli yoxdur: “Bizi sadəcə zaman maraqlandırır ki, iş uzanmasın. Azərbaycanın əsas tələbi vətəndaşlarımızın Zəngəzur dəhlizində xüsusi yoxlamadan keçmədən Naxçıvan və Türkiyəyə keçid imkanı əldə etməsidir. Dəhlizin Ermənistan hissəsinin tikintisi 2026-cı ilin ortalarında başlasa, bu, iki il çəkəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son çıxışlarının birində Orta dəhlizin Cənubi Qafqazdan keçməklə tam gücü ilə 2028-ci ildən fəaliyyətə başlayacağını bildirib. Ermənistanda dəhlizin tikintisi gələn ilin ortalarından başlasa, Azərbaycan Prezidentinin söylədiyi kimi, uzaqbaşı 2028-ci ilin sonuna yekunlaşacaq”.

Qafar Çaxmaqlı: “Yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə  taleyüklü hadisə kimi baxırlar”

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı öncə xatırlatdı ki, avqustun 8-də Vaşinqtonda imzalanmış Bəyannamədə və üçtərəfli razılaşmada Zəngəzurdan keçəcək marşrutun bir Amerika şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilib: “Təbii ki, bununla bağlı konsorsiumun yaradılması da nəzərdə tutulub. İndi Ermənistanın ABŞ ilə məlum layihənin həyata keçirilməsini önə sürməsi və bu məsələdə həlledici rola sahib olması qəbul edilə bilməz. Bəli, biz də ərazinin Ermənistana aid olduğunu qəbul edirik və marşrutun işləyəcəyi ərazinin icarəyə verilməsi nəzərdə tutulur. Fərqi yoxdur, neçə illiyinə. İcarəyə verilən ərazidə konkret halda Amerika istədiyi fəaliyyəti həyata keçirməkdə sərbəstdir, Ermənistan buna qarışa bilməz. Çünki müəyyən müddətə, 99 illiyinə və ya 49 illiyinə bu ərazidən istifadə etmək haqqı onu icarəyə götürən şirkətə aid olacaq. Paşinyan avqust razılaşmasından sonra erməni cəmiyyətini burada görüləcək işlərin nəzarətinin Ermənistan dövlətinin qanunları ilə olacağına inandırmışdı. İndi bu sözündən geri durmamaq üçün beynəlxalq prinsiplərə uyğun olmayan bəyanatlar səsləndirir. Çünki qarşıda seçkilər var və onların dediyinə görə, “sülh kəsişməsi” önəmli rol oynayacaq”.

Q.Çaxmaqlı bu məqamda xüsusi qeydlərini də bölüşdü: “Əlbəttə, Azərbaycanı daha çox Qərb bölgələrimizdən Naxçıvana maneəsiz koridorun bu danışıqlar çərçivəsində həyata keçirilməsi maraqlandırır. Ermənistanın bu bölgəsində investisiyaların nə dərəcədə reallaşacağı çox da maraqlı deyil. Azərbaycan da, Türkiyə də bu koridorun yaxın zamanda işləməsi üçün bütün tikinti tədbirlərini görüb. Ermənistan isə buna tələsmir. Üzərinə götürdüyü öhdəliyi ləngitməmək üçün Ermənistana təzyiqlər edilməlidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Daha çox xəbərlər