Gündəm 

“Odlar yurdu” adı polemikası

 

Dini ekspert: “Adam ərəbə öz ölkəsi haqqında “od ölkəsi” deyərmi?”

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb. 

Bildirilir ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb.

Bu tədbirlə bağlı Yaxın Şərq siyasəti üzrə araşdırmaçı-yazar Kənan Rövşənoğlu özünün sosial media hesabında yazıb ki, Birləşmiş Ərəb Əmirliklərinin bayramında Qarabağ atlarının nümayiş etdirilməsi videosuna baxıb və diqqətini bir detal cəlb edib. Onun sözlərinə görə, kadrlarda aparıcı deyir ki, “Land of Fire”, yəni “od ölkəsi Azərbaycan”.

“İndi biz alışmışıq, amma ərəbə də adam öz ölkəsi haqqında “od ölkəsi” deyər? Ərəblərdə od, yəni nar, həm də cəhənnəm mənasındadır. Yəqin ki, nar ölkəsinin atları eşidəndə körfəz ərəbləri möhkəm qorxublar. Ümumiyyətlə, Azərbaycanın odlar ölkəsi olması söhbəti haradan yarandı? Yerdən qaz çıxdığı üçün? Ona qalsa, bizim regionda yerdən neft-qaz çıxmayan ölkə yoxdur. O zaman niyə biz od ölkəsi olaq, Azərbaycan dağlar, yaşıl dərələr, meşələr, bərəkətli torpaqlar ölkəsi olsun, od niyə? Rövnəq Abdullayevin uğursuz şüarından imtina etmək lazımdır”, – deyə dini ekspert yazıb. 

Qeyd edək ki, Azərbaycanda atəşpərəstlik olub. Bu gün də insanlar atəşə, işığa, od-ocağa and içirlər. Bu mənada təkcə ölkənin enerji resurslarına malik olmasına görə deyil, zərdüştilikdən gələn bir ənənəyə uyğun olaraq “odlar yurdu” adlandırıldığını deyənlər də var.

Azər Hüseynov

Tarixçi yazar, İstanbul Zaim Universitetinin Tarix və mədəniyyət bölümü doktorantı Azər Hüseynov “Yeni Müsavat”da məsələyə belə aydınlıq gətirdi: “Ümumiyyətlə, tarixi mənbələrə əsasən, söhbət türklərdən gedirsə, onların heç vaxt atəşə ibadət etməsi haqqında məlumat yoxdur. Türk dini tarixində “atəşpərəstlik” anlayışı mövcud olmayıb. Türk tayfaları daha çox tenqriçi düşüncəyə malik olmuş, ibtidai olsa belə, tək tanrı inancına sahib olublar. Doğrudur, bu təkallahlıq sonrakı dövrlərdəki tövhid inancı kimi mükəmməl deyildi, lakin yenə də türk düşüncə sisteminin əsasını təşkil edirdi. Məhz buna görə tədqiqatçılar, o cümlədən Ziya Bünyadov türklərin İslamı qəbul prosesinin rahat və daha tez baş verdiyini qeyd edirlər. Bu isə onların atəşpərəst olması ilə bağlı deyil. Türklərin tarixi dinlərində atəşə ibadət edilməsi barədə heç bir fakt yoxdur. “Od yurdu” kimi ifadələrin yaranması dini mənşədə deyil, Azərbaycanın bəzi bölgələrində yeraltı qazların sızması nəticəsində təbii şəkildə alovların əmələ gəlməsi və səyyahların bunu qeydə alması ilə bağlıdır. Qədim mənbələrdə “Odlar yurdu” ifadəsi bu formada işlənməsə də, bu adın ideya əsası çox qədim təsvirlərə dayanır. Qədim yunan mənbələrində Abşeron yarımadasında “sönməyən təbii odlar”ın mövcud olduğu qeyd olunur. Orta əsr ərəb coğrafiyaşünasları – əl-İstəxri, əl-Müqəddəsi və başqaları Bakı ətrafında daim yanan odlardan bəhs edirlər”.

Müsahibimiz deyib ki, müasir “Odlar yurdu” ifadəsinə ən yaxın formalar isə XIX əsr Avropa səyyahlarının yazılarında görünür: “Onlar Azərbaycanı “Land of Fire” (Odlar ölkəsi) kimi təsvir etmiş, bu ifadə sonradan Azərbaycan mətbuatına və ədəbiyyatına keçərək “Odlar yurdu” şəklində sabitləşmişdir. Yəni bu ad atəşpərəstliklə əlaqəli deyil, məhz təbii-coğrafi hadisələrdən qaynaqlanır.

Azərbaycanda atəşpərəstliyin yayılması isə əsasən Sasani dövrünün dini ideologiyasının təsiri ilə bağlıdır. Bu, regionun özünəməxsus yerli dini deyil, Sasani dövlətinin rəsmi dini olan zərdüştiliyin idarəetmə vasitəsi kimi tətbiqi nəticəsində formalaşmış bir mərhələ idi. Azərbaycanı ərəb ölkələrində təqdim edərkən həmin ölkələrin ictimai-siyasi, dini və mədəni reallıqları nəzərə alınmalıdır. Ölkə daxilində öz aramızda səsləndirdiyimiz bəzi fikirlər beynəlxalq auditoriya, xüsusilə də ərəb dünyası üçün aktual olmaya bilər. Azərbaycanı müsəlman aləmində təqdim edərkən ölkəmizin tarixi, dini və mədəni irsini düzgün və kontekstə uyğun şəkildə təqdim etmək daha məqsədəuyğundur. Beləliklə, “Odlar yurdu” ifadəsi tarixi baxımdan atəşpərəstliklə deyil, qədim yunan mənbələrində və orta əsr ərəb coğrafiyaşünaslarının təsvir etdiyi təbii yanan odlarla bağlıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər