Region Xəbərləri 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya qərarının humanizm aspektləri

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm ideoloji və hüquqi mərhələdir.
Bu il çərçivəsində Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü isə yalnız hüquqi akt olmaqla kifayətlənmir, eyni zamanda dövlətin humanizmə, sosial ədalətə və insan amilinə verdiyi dəyərin bariz nümunəsi kimi çıxış edir.
Amnistiya qərarının əsas humanist cəhətlərindən biri insan mərkəzli dövlət idarəçiliyi prinsipinin ön plana çəkilməsidir. Müasir hüquqi dövlət anlayışına görə cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də insanın islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına şərait yaratmaqdır. Bu baxımdan amnistiya səhv etmiş, lakin islah olunmaq potensialı olan şəxslərə ikinci şans verilməsini nəzərdə tutur.
Qərarın mühüm humanizm istiqamətlərindən biri də sosial həssas qruplara göstərilən xüsusi diqqətdir. Qadınlar, yaşlılar, səhhətində ciddi problemlər olan şəxslər, ilk dəfə cinayət törədənlər və azyaşlı övladı olan məhkumların amnistiya çərçivəsində nəzərə alınması dövlətin mərhəmət və sosial ədalət prinsipinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma cəmiyyətin zəif təbəqələrinin qorunmasına xidmət edir.
Amnistiya minlərlə ailənin yenidən birləşməsinə imkan yaratmaqla ailə institutunun möhkəmləndirilməsinə də töhfə verir.
Amnistiya əsasən kimlər üçün nəzərdə tutulur?
Amnistiyanın əhatə dairəsi olduqca genişdir, amma bir sıra xüsusi kateqoriyalar nəzərdə tutulub:
-Döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxınları;
-Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər;
-Qadınlar, 60 yaşdan yuxarı şəxslər və cinayəti törətdiyi zaman yetkinlik yaşına çatmayanlar;
-Əvvələr azadlıqdan məhrumetmə cəzası olmayan məhkumlar;
Və başqa şəxslər amnistiyaya daxil ola bilər. Bu sadəcə “xüsusi” hallarla məhdudlaşmır və geniş spektri əhatə edir.
Amnistiya qərarı eyni zamanda konstitusion dəyərlərin praktik tətbiqi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquqlarının qorunması, ləyaqətin aliliyi və ədalət prinsipləri bu təşəbbüsdə real məzmun qazanır. Dövlət öz gücünü yalnız sərt cəza mexanizmləri ilə deyil, humanist yanaşma ilə də nümayiş etdirir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü humanizmi dövlət siyasətinin ayrılmaz hissəsi kimi təqdim edir. Bu qərar cəmiyyətə açıq mesaj verir: Azərbaycan dövləti güclüdür, çünki ədalətli olmaqla yanaşı, mərhəmət göstərməyi və insana dəyər verməyi də bacarır.
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Bərdə rayon E.Əsədov adına tam orta ümumtəhsil məktəbinin direktoru: Nərgiz Həsənova

Daha çox xəbərlər