Çay istehsalında ciddi azalma
İqtisadçı: “Azərbaycanda yığılan çay ümumi tələbatın heç 10 faizini təşkil etmir”
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 min 540,1 ton çay istehsal olunub. Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 988,2 ton və ya 8,5 faiz azdır. Ötən ilin müvafiq dövründə çay istehsalı 11 min 528,3 ton təşkil etmişdi. Rəsmi məlumatlara əsasən, noyabr ayının 1-nə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 94,0 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,32 faiz və ya 0,3 ton çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 93,7 ton təşkil edib.
Məlumdur ki, çayçılıq və sitrusçuluq heç də hər ölkədə yaradıla bilən istehsal sahələri deyil. Bundan ötrü əlverişli subtropik təbii iqlim xüsusiyyətlərinin, münbit becərmə şəraitinin olması vacibdir. Tanrının lütfü Azərbaycan torpağını məhz bu özəlliklə də şərəfləndirib.
Azərbaycan çayı dünyada məşhur və seçilən çaylardandır. Ancaq son zamanlar bu sahədə inkişaf deyil, əksi müşahidə edilir. Belə ki, çay plantasiyalarının sayı, həmçinin istehsal da azalıb. Təbii ki, vəziyyət belə olanda idxalın həcmi artır.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” imzalanıb. Proqramın hazırlanmasında məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.
Onu da qeyd edək ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.
2024-cü ildə Azərbaycanda çay plantasiyalarının sahəsi 947,8 hektar olub. Ümumi çay plantasiyalarının 853,9 hektarı və ya 90,1%-i bar verən yaşda olub. Ötən ilin nəticələrinə əsasən, ölkə üzrə çay plantasiyalarının 57,6%-i Lənkəran, 24,5%-i Astara, 11,5%-i Masallı, 6,3%-i isə Zaqatala rayonunun payına düşüb. İxrac göstəricilərinə gəldikdə, 2024-cü ildə Azərbaycandan xarici bazarlara 747 ton çay ixrac olunub. Azərbaycandan çay ixracının 44,0%-i Gürcüstanın, 32,4%-i Ukraynanın, 23,6%-i isə digər ölkələrin payına düşüb.
Azərbaycana çay idxalı isə əsasən Rusiya, Çin və Hindistandandır. Şri-Lanka, Keniya, Vyetnam, İran və Türkiyədən də çay idxal olunur.

Xalid Kərimli
İqtisadçı Xalid Kərimlinin fikrincə, Azərbaycan çay ölkəsi deyil. “Yeni Müsavat”a açıqlamasında ekspert qeyd etdi ki, 2025-ci ilin 10 ayında 11 min 592 ton çay idxal edilib: “11 aylıq statistikaya əsasən, yaşıl çay yarpağının yığımı 12,7 faiz artıb. İki fərqli statistikanı müqayisə etdikdə görürük ki, Azərbaycanda yığılan çay ümumi tələbatın heç 10 faizini təşkil etmir. Azərbaycanda istehsal olunan 10 min 540 ton çay dedikdə həm də xaricdən idxal olunan çayların qablaşdırılması və s. nəzərdə tutulur. İdxal keçən ilin 10 ayı ilə müqayisədə 5,5 faiz artıb. Çay istehsalının azalmasının əsas səbəbi idxalın azalmasıdır. Nəticədə çay istehsalı 8,5 faiz azdır. Bununla əlaqədar birinci ehtimal budur ki, ehtiyatlar hesabına yerli tələbatı və ixracı təmin ediblər. 4,3 faiz çay ixracı azalıb. Biz çayı alıb qablaşdırırıq. 596 ton çay ixrac etmişik. Bu isə keçən illə müqayisədə 4,3 faiz azdır. Nəticə etibarilə, çay istehsalı da, çay ehtiyatları da azalıb. Təəssüf ki, ehtiyatların həcmi gələn ilin yay aylarında bəlli olacaq. Üçüncü isə səbəb isə budur ki, ümumiyyətlə, tələbat azala bilər.
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salsaq, bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 min 458,8 ton çay istehsal edilib. İyulun 1-nə ölkədə 78,1 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 18,5 % azdır. Fed.az yazır ki, bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 57 qəpik olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 3 qəpik idi. Bu da illik müqayisədə 54 qəpik və ya 3,6% bahalaşma deməkdir. Bu il 11 ayında ümumi ixracın 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,19%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,02% və 0,19% olmuşdu.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

