Cəmiyyət 

Elektron siqaretlərlə bağlı qadağalar-komitə sədri detalları açıqladı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirə olunaraq qəbul edilib.

Komitə sədri Tahir Rzayev çıxış etdikdən sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihəni təqdim etdi.

Bildirdi ki, qanun layihəsinin əsas məqsədi və mahiyyəti barədə komitə sədri, hörmətli həmkarımiz Tahir Rzayev ətraflı məlumat verdi:

“Biz də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq elektron siqaretlərin və onların komponentlərinin idxalını, ixracını, istehsalını, saxlanılmasını, topdan və pərakəndə satışını və istifadəsini qadağan edən  qanun  layihəsini və bununla bağlı hörmətli həmkarımız Fazil Mustafanın qanunvericilik təşəbbüsünü birmənalı şəkildə dəstəkləyirik və bununla bağlı qərarımızı təqdim etmişik.

Layihənin məzmunundan göründüyü kimi, elektron siqaretlərə münasibətdə sərt qadağa rejiminin tətbiqi hər şeydən əvvəl vətəndaşlarımızın, xüsusilə də gənclərin və yeniyetmələrin sağlamlığının qorunmasına hədəflənib.

Qanun layihəsində komitənin profili üzrə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur. Qadağa rejiminin tətbiqi ilə əlaqədar “birdəfəlik istifadə üçün elektron siqaret” və “elektron siqaretlər üçün maye” aksiz vergisinin obyekti kimi Vergi Məcəlləsindən tamamilə çıxarılır. Belə ki, dövriyyəsi qadağan olunan hər hansı məhsul vergitutma obyekti və ya predmeti ola bilməz”.

A.Əmiraslanov müzakirə olunan qanun layihəsi kontekstində bəzi vacib məqamları qeyd etdi:

“Cəmiyyətdə elə bir təsəvvür yaranmamalıdır ki, sanki elektron siqaretlərin qadağan edilməsi təşəbbüsləri fonunda ənənəvi siqaretlərin və ya alternativ tütün məmulatlarının istifadəsi təqdir və ya təşviq olunur. Bu qətiyyən belə deyil! Çünki mövcud qanunvericilik aktları əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə istisnasız olaraq tütün və tütün məmulatlarının bir tərəfdən reklamını qadağan edir, digər tərəfdən də onların istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan maddələri özündə ehtiva edir.

Bu gün dövlətimizin həyata keçirdiyi vergi siyasəti də siqaretin bütün seqmentlərinin istifadəsinin məhdudlaşdırılmasına yönəldilib. Əksər dünya ölkələrində olduğu kimi Azərbaycan hökuməti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq tütün və tütün məmulatları üzrə aksiz vergilərinin tədricən artırılması siyasətini həyata keçirir. Belə ki, həmin tövsiyəyə görə siqaretin bütün seqmentlərinin pərakəndə qiymətlərinin ən azı 75 faizi vergilərdən ibarət olmalıdır. Ölkəmizdə bu rəqəm hələ indi 60 faizə çatmaq üzrədir.

Xatırlatmaq istərdim ki, biz ötən günlərdə 2026-cı ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsində elektron siqaretlər istisna olmaqla, ənənəvi siqaretlər və alternativ tütün məmulatları üzrə aksiz vergilərinin artırılmasını nəzərdə tutan dəyişikliklər etdik. Başqa sözlə, bu fərqli seqmentlər üzrə aksiz vergiləri 20 faiz, 60 faiz, hətta 500-600 faiz həddində artırılmış oldu.

1-ci oxunuşda müzakirə etdiyimiz indiki layihə isə elektron siqaretlərə münasibətdə aksiz artımını deyil, daha radikal yanaşmanı, yəni onların tamamilə qadağan edilməsini nəzərdə tutur”.

Komitə sədri dedi ki, belə bir qadağanın tətbiq edilməsi həmin məhsullar üzrə rüsum və vergi daxilolmalarının itirilməsinə gətirib çıxarsa da, layihənin Milli Məclisdə qəbul edildikdən sonra ali icra hakimiyyəti tərəfindən dəstəklənəcəyinə inanır:

“Çünki dövlət siyasətinin prioritet istiqamətlərindən biri vətəndaşın təhlükəsizliyini və sağlamlığını mühafizə etməkdən ibarətdir. Dövlət bu kimi məsələlərdə heç bir vaxt fiskal maraqlar güdmür, əksinə vətəndaşa yönəlik prinsip və dəyərləri əsas götürür.

Heç şübhəsiz, elektron siqaretlərin qadağan edilməsi ilə dövlət bu məhsullara tətbiq edilən idxal rüsumları, aksizlər, əlavə dəyər vergisi üzrə büdcə itkilərinə məruz qalacaqdır. Bununla belə, elektron siqaret idxalına görə xaricə valyuta axınının qarşısı da müəyyən qədər alınmış olacaqdır. Çünki, indiyə kimi elektron siqaretlərə olan tələbat yerli istehsalın deyil, idxalın hesabına ödənilirdi.  Biz bu məhsulları idxal etməklə xarici ölkələrə məxsus istehsalçı şirkətlərin fəaliyyətini maliyyələşdirmiş olurduq. İndi isə nəzərdə tutulan qadağalar bu təyinat üzrə valyuta vəsaitlərinin  ölkədən çıxmasını məhdudlaşdıracaq. İqtisadçı həmkarlarımız bunun makroiqtisadi sabitlik və valyuta bazarı üçün hansı pozitiv təsirlərə malik olduğunu yaxşı bilirlər.

Hörmətli həmkarlar!

Biz bu təşəbbüsü dəstəkləməklə yanaşı, bir məqamı da nəzərə almalıyıq ki, elektron siqaretlərin dövriyyəsi indiyə kimi qanunla qadağan edilmədiyinə görə sahibkarlar bu fəaliyyətlə siqaret biznesinin bir seqmenti olaraq məşğul olublar, iş yerləri açıblar, rüsum və vergi ödənişləri həyata keçiriblər. Bu baxımdan həmin sahibkarların sərt qadağalar rejiminə maddi itkilərə məruz qalmadan keçməsi zərurəti yaranır.

Birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-cı ilin fevralından 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Məlumat üçün bildirmək istərdim ki, 3 komitənin birgə iclasından sonra yeni rejimə mərhələli uyğunlaşma ilə bağlı elektron siqaret bazarının iştirakçıları tərəfindən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə çoxsaylı müraciətlər daxil olub”.

A.Əmiraslanov bir məqama da diqqət çəkdi:

“Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik. Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik.

Elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər. Və bu tədbirlər ardıcıl və paralel olaraq sistemli maarifləndirmə işləri ilə müşayiət edilməli və tamamlanmalıdır. Eyni zamanda qanunun səmərəli icrasını təmin etmək üçün effektiv institusional mexanizm yaradılmalı, icraçı qurumların səlahiyyət və məsuliyyətləri dəqiq müəyyənləşdirilməlidir.

Qanun layihəsinin ictimai maraqlara cavab verdiyini, vətəndaşların, xüsusilə də gənc və yeniyetmələrin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alaraq, onun 1-ci oxunuşda müzakirəsini və dəstəklənməsini məqsədəuyğun hesab edirik”.

Layihə səsvermə ilə qəbul edildi.

E.Paşasoy,
Musavat.com

 

Daha çox xəbərlər