Balıq bazarında idxal məhsulları yerli istehsalı üstələyir – SƏBƏB
Hazırda Azərbaycanın balıq bazarında idxal məhsulları üstünlük təşkil edir.
Musavat.com-un məlumatına görə, bu fikirləri bu gün keçirilən brifinqdə Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.
Onun sözlərinə görə, gələcəkdə balığa olan tələbatın yerli istehsal hesabına tamamilə qarşılanacağı ehtimalı azdır:
“Azərbaycanda əsas tələbat farel, qızılbalıq və çəki kimilərədir. Nərəkimilərin də ciddi potensialı var. Dəniz krevetləri, Atlantik okeana aid somon kimi məhsullar isə Azərbaycanın iqlim şəraitinə, su hövzələrinin duzluluğuna uyğun deyil. Buna görə də idxal olunması təbiidir”.
Ceyhun Əliyev diqqətə çatdırıb ki, qonşu ölkələr olan İran və Türkiyə kimi ölkələrdə yem daha ucuz başa gəlir:
“Buna görə də maya dəyəri daha aşağıdır. Akvakultura təsərrüfatlarının subsidiyalaşdırılması əsas hədəflərimizdəndir”.
Nigar HƏSƏNLİ,
Musavat.com

