Prezidentin Rusiyaya getməməsinin səbəbi
Kreml Bakının qərarını anlayışla qarşıladı; deputat: “Münasibətlərdə həllini tapmamış ciddi problem var”
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.
Dövlət başçısı MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.
Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub. Qeyd edək ki, Kreml İlham Əliyevin MDB sammitində iştirak etməməsi ilə bağlı açıqlama yayıb.
Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin sıx qrafik səbəbindən Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etməməsini anlayışla qarşılayır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, biz bunu tam anlayışla qarşılayırıq. Həqiqətən də dövlət başçılarının çox sıx qrafiki var, xüsusilə dekabr ayında, Yeni il ərəfəsində”, – o qeyd edib.
Peskov əlavə edib ki, buna baxmayaraq, Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edirlər: “Biz Azərbaycanla konstruktiv əməkdaşlıq və tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirməyə davam edirik. Azərbaycan da təşkilatın bütün formatlarında iştirakını davam etdirir”.

Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bəzi təxminlərini bölüşüb: “Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsinin təməlində, qənaətimə görə, Azərbaycan-Rusiya münasibətlərində həllini tapmamış ciddi problem dayanır. Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından bir il keçməsinə baxmayaraq, Rusiya tərəfi nə kompensasiyanın ödənişi, nə günahkarların müəyyən edilərək cəzalandırılması, nə də siyasi-hüquqi məsuliyyətin açıq şəkildə qəbul edilməsi istiqamətində real addımlar atmayıb. Rusiya prezidentinin Düşənbədə verdiyi vədlərin icra olunmaması isə bu məsələnin artıq texniki və ya istintaq xarakterli deyil, siyasi etimad böhranına çevrildiyini göstərir. Hadisənin ildönümünə bir neçə gün qalmış bu fonda Azərbaycan Prezidentinin məhz Rusiyada keçirilən toplantılara qatılmaması xüsusi rəmzi məna daşıyır.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti MDB platformasından imtina etmir. İlham Əliyevin MDB-nin Düşənbədə keçirilmiş zirvə görüşündə iştirakı bunu açıq şəkildə sübut edir. Deməli, problem MDB institutu və ya çoxtərəfli regional dialoqla bağlı deyil. Problem zirvə görüşlərinin məhz Rusiya ərazisində keçirilməsi və bu ölkənin Azərbaycan üçün fundamental əhəmiyyət daşıyan bir məsələdə məsuliyyətsiz mövqe tutması ilə bağlıdır. Bu yanaşma diplomatik dildə selektiv iştirak siyasəti kimi xarakterizə olunur və açıq mesaj verir ki, hüquqi-siyasi məsuliyyət qəbul edilmədiyi, real addımlar atılmadığı halda, münasibətlərin problemsiz olduğu görüntüsü yaradılmayacaq.
Prezidentin iştirakdan imtinası Moskva üçün iki istiqamətdə siyasi siqnal anlamı daşıyır. Birincisi, Bakı açıq bəyanatlarla ritorikanı sərtləşdirmədən, real siyasi davranış vasitəsilə narazılığını ifadə edir. Bu, Azərbaycanın xarici siyasətində davamlı olaraq müşahidə edilən ölçülü-biçili və praqmatik diplomatiyanın tərkib hissəsidir. İkincisi, bu yanaşma regional balansın qorunmasına xidmət edir. Yəni Azərbaycan nə açıq qarşıdurma yolunu seçir, nə də baş verənləri susqunluqla qəbul edir.
Bu qərar eyni zamanda gələcəyə yönəlik strateji xəbərdarlıq kimi də dəyərləndirilə bilər. Əgər AZAL təyyarəsi ilə bağlı məsələ hüquqi və siyasi müstəvidə ədalətli şəkildə həllini tapmasa, verilmiş vədlər yerinə yetirilməsə və məsuliyyət açıq şəkildə qəbul olunmasa, Azərbaycan-Rusiya münasibətlərində yüksək səviyyəli siyasi təmasların intensivliyinin azalması qaçılmaz olacaq.
Beləliklə, Prezident İlham Əliyevin Rusiyada keçirilən zirvə toplantılarında iştirakdan imtinası nə təsadüfi, nə də sırf texniki qərardır. Bu, Azərbaycanın milli maraqlarına toxunan həssas və ciddi bir məsələdə Moskvanın məsuliyyətsiz davranışına verilən ölçülü, düşünülmüş və prinsipial siyasi reaksiyadır”.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bütün bunlarla bağlı öz Facebook profilində diqqətçəkən status paylaşıb: “Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezideni İlham Əliyevlə görüşdə ötən ilin dekabr ayında təyyarə qəzasında ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. Kreml sahibinin həmin görüşdəki cümləsi beləydi: “Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”. Putin söylədiklərinin heç birini yerinə yetirmədi, nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan başqa, Qazaxıstan təyyarə qəzası ilə bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki bütün faktlar ilk gündən bəlli idi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdığı diaspor təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspora rəhbərliyinə təyin etməyə başladı. Belə vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

