Məktəblərin yanında siqaret satışı
Vəkil deyir ki, protokol tərtib edilib, həmin şəxslər məsuliyyətə cəlb edilə bilər
“10 ildən çoxdur ki, Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunub. Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən tütünə qarşı mübarizə konvensiyalarına qoşulub”.
Bu sözləri Demokrat.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O deyib ki, qanun qəbul olunmasına baxmayaraq, qanunda bir neçə dəyişiklik edilib. Onun sözlərinə görə, siqaretlərin tək-tək satışı qadağandır, amma yenə də satılır: “Təhsil və səhiyyə müəssisələrinin yaxınlığında siqaret satışı qadağandır, amma yenə də satılır. Bütün bunlar göstərir ki, Azərbaycanda tütünə meyllilik yüksəkdir. Hətta demək olar ki, Türkiyədən sonra ikinci yerdədir. Türkiyədə qadınlar da kütləvi şəkildə siqaret çəkir və bu tendensiya Azərbaycana da keçib. İndi isə bazara elektron siqaretlər daxil olub. Guya siqareti tərgitmək üçün nəzərdə tutulub, amma onların da insan sağlamlığına ziyanı var. Azad İstehlakçılar Birliyi olaraq çalışırıq ki, həm qaçaqmal elektron siqaretlərin, həm də ənənəvi qaçaqmal siqaretlərin qarşısını alaq. Siqaretlərin qiyməti də artırılmalıdır ki, əlçatanlıq azalsın və istifadə halları aşağı düşsün”.
Qanun qadağan etdiyi halda, niyə siqaretin tək-tək satışına imkan verilir? Məktəblərin yaxınlığında siqaret satışını yığışdırmaq nəyisə dəyişəcəkmi?
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il dünyada təxminən 5 milyondan artıq insan tütün çəkməkdən, 600 min insan isə tütün çəkənlərin tüstüsünün təsirindən həyatını itirir. Passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruzqalma dünyada ildə 1,2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan siqaret istifadəsi ilə bağlı səbəblərdən vəfat edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir. Tədqiqatlarla müəyyənləşdirilib ki, siqaret tüstüsündə 4000-dək kimyəvi maddə var. Onların 250-si zərərli maddə, 50-si isə konserogen (xərçəng törədən) maddələrdir.
Siqaret uşaqlar üçün son dərəcə təhlükəlidir və onların sağlamlığına ciddi ziyan vurur. Uşaqlar həm birbaşa siqaret çəkdikdə, həm də böyüklərin çəkdiyi siqaret tüstüsünə məruz qaldıqda risk altına düşürlər. Onların ağciyərləri hələ tam inkişaf etmədiyi üçün siqaret tüstüsü nəfəs darlığına, astmaya və tez-tez bronxit kimi xəstəliklərə səbəb ola bilər. Bundan əlavə, tüstü uşaqların immun sistemini zəiflədir və onların daha tez-tez xəstələnməsinə yol açır.
Nikotin uşaqların beyin inkişafına da mənfi təsir göstərir, diqqət və yaddaş problemləri yarada bilər. Erkən yaşda siqaret tüstüsünə məruz qalmaq gələcəkdə ürək-damar xəstəlikləri riskini artırır. Uşaqların siqaret çəkilən mühitdə böyüməsi onların gələcəkdə siqaretə başlama ehtimalını da yüksəldir. Hətta uşaq özü siqaret çəkməsə belə, evdə və ya avtomobildə tüstünün olması passiv siqaret hesab olunur və bu da sağlamlıq üçün təhlükəlidir. Buna görə də uşaqların tüstüsüz və sağlam mühitdə böyüməsi çox vacibdir.
Beynəlxalq təcrübədə məktəblərə yaxın ərazilərdə tütün məmulatlarının satışı adətən məhdudlaşdırılır və ya tam qadağan olunur. Bu, uşaqları siqaretə erkən yaşda maraqdan və əlçatanlıqdan qorumaq məqsədi daşıyır və bir çox ölkədə qanunvericiliklə tənzimlənir. Bir çox ölkədə məktəblərin ətrafında müəyyən məsafə limiti qoyulur. Məsələn, 100, 200 və ya 500 metr radiusda tütün məhsullarının satışı qadağan edilir. Bu məsafə ölkədən ölkəyə dəyişir, amma məqsəd eynidir – şagirdlərin gündəlik keçdiyi yerlərdə siqaretin görünməsini və alınmasını azaltmaq.
Bəzi ölkələrdə isə məsafədən asılı olmayaraq məktəblərin yaxınlığında yerləşən köşklərə və mağazalara lisenziya verilmir. Yəni tütün satışı üçün xüsusi icazə (lisenziya) tələb olunur və bu icazə məktəb zonalarında qüvvədə olmur. Beynəlxalq təcrübədə geniş yayılmış başqa bir qayda da reklam və vitrin qadağalarıdır. Hətta satışa icazə verilən yerlərdə belə, siqaretlərin vitrinlərdə açıq nümayişi qadağan edilir ki, uşaqlar onları görüb maraqlanmasın.
Ümumdünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə tövsiyələrində də məktəblər ətrafında satışın və reklamın məhdudlaşdırılması əsas tədbirlərdən biri kimi göstərilir. Yəni beynəlxalq səviyyədə qəbul olunan yanaşma ondan ibarətdir ki, məktəb mühiti tamamilə tütündən uzaq və təhlükəsiz olmalıdır.

Ramil Süleymanov
Vəkil Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, birinci növbədə bilmək lazımdır ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, təhsil və tərbiyə müəssisələrinin ərazilərində, o cümlədən tibb müəssisələrində və tibbi reabilitasiya müəssisələrinin ərazilərində tütün məmulatlarının çəkilməsi qadağandır: “Həmin qanunun 13-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, onlara tütün məmulatlarının təklif olunması, yaxud onlardan tütün məmulatlarının alınmasının tələb edilməsi və ya bu prosesə cəlb edilməsi qanunla qadağan olunur. Eyni zamanda bildirmək istəyirəm ki, qanunun 14.3-cü maddəsinə əsasən, tütün və tütün məmulatlarının, eləcə də tütün çəkmək üçün nəzərdə tutulan vasitələrin reklamı qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanuna uyğun olaraq, müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, digər yerlərdə tütün çəkilməsinə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanların bu prosesə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən isə tütün məmulatlarının ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə tətbiq olunur”.
Vəkilin dediyinə görə, tütün məmulatlarının çəkilməsi o qədər məhdudlaşdırılıb ki, bir çoxlarının bilmədiyi halda taksi nəqliyyatında tütün istifadəsinə görə də vətəndaşların cərimələnməsi qanunvericilikdə nəzərdə tutulur. Tütün məmulatlarının satışı ilə bağlı ticarət qaydalarının pozulmasına görə qanunvericilikdə 50 manatdan 80 manata qədər, yetkinlik yaşına çatmayanlara satış zamanı isə 100 manat məbləğində cərimə müəyyən edilib.
Bütün bu məhdudiyyətlərə baxmayaraq, dövlət tütün çəkilməsinin qadağan olunması ilə bağlı yalnız inzibati tədbirlərlə kifayətlənmir. Qanunvericiliyə əsasən, hüquqi və fiziki şəxslərə məxsus ərazilərdə, o cümlədən dövlət müəssisələrinin ərazilərində tütün çəkilməsinin qadağan olunduğunu bildirən məlumatlandırıcı nişanların yerləşdirilməsi də nəzərdə tutulub.
İstənilən halda, tütün məmulatlarının tək-tək satışının qadağan olunması da daxil olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması halları aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən inzibati protokol tərtib oluna, şəxslər məsuliyyətə cəlb edilə bilər”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”

