“Azəristiliktəchizat” Bakıda bu binanın sakinlərinə “toy tutur”
Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi, ev 68 ünvanında yaşayan sakinlər iki gündür istiliksiz qalıblar. Binada yerləşən 60 mənzilin sakinləri bayram günlərini soyuq evlərdə keçirməyə məcbur olublar.
Bina sakini Elxan Hüseynli Musavat.com-a müraciət edərək bildirib ki, problemin aradan qaldırılması üçün dəfələrlə “Azəristiliktəchizat” ASC-nin qaynar xəttinə zəng edilsə də, nəticə olmayıb:
“Artıq iki gündür evlərdə istilik yoxdur. Mənzillərdə azyaşlı uşaqlar var. Bayram günüdür deyə zənglərimizə cavab verən də tapılmır. Kimə müraciət edəcəyimizi bilmirik. Heç kim bizimlə maraqlanmır. İstiliyi niyə kəsiblər, səbəbini də açıqlayan yoxdur”.
Sakinlərin sözlərinə görə, havaların soyuq keçdiyi bir vaxtda istiliyin kəsilməsi xüsusilə uşaqlar və yaşlılar üçün ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, oxşar hal ötən ilin dekabr ayında da yaşanmışdı. Həmin vaxt ərazidə yerləşən iki binanın istilik sistemi tamamilə dayanmış, problem günlərlə həllini tapmamışdı.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mövqeyini dərc etməyə hazırıq.
Şahanə Rəhimli
Musavat.com

