Azərbaycan və Ermənistan birgə minaaxtarma komissiyası yarada bilərmi? – ilginc reaksiya
Bu günlərdə Ağdərədə növbəti mina partlayışı nəticəsində ərazilərin minalardan təmizlənməsi işi ilə məşğul olan vətəndaşımız ağır xəsarət alıb.
Ümumilikdə 44 günlük müharibədən sonrakı dövrdə 400 nəfərdən artıq insan mina partlayışı nəticəsində həlak olub, yaxud yaralanıb. Bakı israrla tələb etsə də, Ermənistan mina xəritələrini vermədi, yaxud saxta xəritələr təqdim etdi.
Görünür, sərhəd kmissiyaları kimi, hər iki ölkənin hərbi mütəxəssislərindən, xüsusilə də vaxtilə minaların basdırılmasında iştirak edən hərbçilərdən ibarət komissiyaların yaradılmasına ehtiyac var.
Yoxsa bu məsələ beynəlxalq məhkəmənin predmeti olmalıdır?
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Ermənistanın işğalçı dövlət kimi hələlik nə maddi, nə də siyasi məsuliyyəti müəyyən edilməyib: “Azərbaycan tərəfi Ermənistanın piyadalar əleyhinə minalardan Azərbaycan əhalisinə qarşı irqi zəmində, terror törətmək məqsədi ilə istifadə etməsi barədə Beynəlxalq Ədalət Məhkəməsinə iddia verib. Həmin iddiada Ermənistanın minalardan irqçi məqsədlə istifadəsinin dayandırması ilə bağlı təxirəsalınmaz tədbirlərə dair qərar qəbul etməklə bağlı vəsatət də verilib. Lakin məhkəmə ərazilərin minalanmasının irqi zəmində olmadığı qənaətinə gələrək vəsatəti təmin etməyib. Hər iki ölkənin iddasına hələ mahiyyət üzrə baxılmayıb”.
Mina xəritələrinin verilməməsi və ya saxta xəritələrin verilməsinə gəldikdə, S.Məmmədov deyir ki, Ermənistan bu məsələdə də Azərbaycanla əməkdaşlıq etmir: “Bəhanə odur ki, minaların basdırılması ilə bağlı xəritələr yoxdur. Doğrudur, Ermənistan tərəfi vaxtilə nəzarətsiz qaydada yüz minlərlə minaları nəinki müdafiə xəttinə, həmçinin müdafiə məqsədi daşımayan bütün ərazilərə parakəndə qaydada basdırıb. Ərazilərimizi tərk edərkən basdırılan minalalar da kortəbii və hara gəldi basdırılıb deyə, bizim minatəmizləyənlər üçün mürəkkəb şərait yaranıb. Minalar hər yerdədir, meşələrdə, çay sahillərində və yataqlarında, dağ yamaclarında və s. Bu da minatəmizləmə işini mürəkkəbləşdirir və xərcləri artırır. Təəssüf ki, getdikcə qurbanlar da artmaqdadır. Həm mülki əhali, həm hərbiçilər, həm də xidməti vəzifələrini yerinə yetirənlər arasında bu itkilər davam edir”.
STM-in icraçı direktoru Azərbaycan və Ermənistanın birgə komissiya yaradılması ilə bağlı razılaşmanın əldə olunması fikrinə də münasibət bildirdi: “Bu işdə fayda yalnız həmin minalama işlərini həyata keçirən hərbçilərdən ibarət komissiyanın yaradılması halında əldə oluna bilər. Onlar heç olmasa minaların kütləvi basdırıldığı əraziləri göstərə və ya yerini deyə bilər. Ancaq erməni hərbçilər bunu edəsi deyil. Çünki Azərbaycan xalqına qarşı niftət, intiqam hissi kifayət qədər yüksək olaraq qalır”.
E.Paşasoy,
Musavat.com

