Gündəm 

Həmin Yanvarın 20 anı

Bu qanlı əməliyyatın əsas məqsədi Azərbaycan xalqının azadlıq, müstəqillik və milli suverenlik uğrunda yüksələn iradəsini boğmaq idi, lakin nəticə tam əksinə oldu…

Bu gün Azərbaycan xalqı tarixinin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələrinin 36-cı ildönümünü qeyd edir. Həmin hadisələr nəticəsində Sovet qoşunları Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüb, 744 nəfər yaralayıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub.

Bu qanlı əməliyyatın əsas məqsədi Azərbaycan xalqının azadlıq, müstəqillik və milli suverenlik uğrunda yüksələn iradəsini boğmaq idi. Lakin nəticə tam əksinə oldu. 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizə əzmini daha da gücləndirdi. Həmin gecə tökülən qanlar milli oyanışın və müstəqillik yolunun dönüş nöqtəsinə çevrildi. Beləliklə, 20 Yanvarın 20 ən mühüm anını xatırlamağa çalışaq.

1. Milli azadlıq hərəkatının güclənməsi
__________________
1988–1990-cı illərdə Azərbaycanda SSRİ-dən ayrılmaq, müstəqillik qazanmaq tələbi ilə kütləvi mitinqlər və xalq hərəkatı güclənmişdi. Bu proses Moskvanı ciddi şəkildə narahat edirdi.

20 Yanvar sekilleri kayzen qara yanvar 8 1 Uncategorized

2.Qarabağ münaqişəsi və mərkəzin ədalətsiz mövqeyi
________________
Dağlıq Qarabağla bağlı Ermənistanın ərazi iddiaları, azərbaycanlıların öz yurdlarından qovulması və Moskvanın bu proseslərə laqeyd yanaşması Azərbaycanda etirazları daha da artırdı.

3. Sovet rəhbərliyinin imperiya maraqları
________________

SSRİ rəhbərliyi (xüsusilə Mixail Qorbaçovun komandası) Azərbaycanı güc yolu ilə ram etməklə digər respublikalara da “dərs” vermək istəyirdi ki, müstəqillik meylləri yayılmasın. Bakıdan əvvəl 1989-cu il 9 apreldə Tiflisə sovet qoşunlarının müdaxiləsi nəticəsində 3-ü yeniyetmə və çoxu qadın olmaqla, 20 nəfər həlak olmuşdu.

4. Azərbaycanı kimlər idarə edirdi?
____________________
Hər il 20 Yanvar qətliamının ildönümündə ictimaiyyət 1990-cı ildə Sovet qoşunlarının Azərbaycana kimin çağırdığını müzakirə edir.
1990-cı il Yanvarın 20-də sovet qoşunları Bakıda qətliam törədərkən Azərbaycanda aşağıdakı şəxslər rəhbər postları tuturdular:
Əbdürrəhman Vəzirov – Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi;
Ayaz Mütəllibov – Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
Vaqif Hüseynov – Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri;
Artur Rasi-Zadə – Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini;
Həsən Həsənov – Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi.
Əbdürrəhman Vəzirov Moskvaya yaxın, mərkəzdən asılı siyasət yürüdən fiqur sayılırdı. Vəzirov xalq hərəkatını təhlükə kimi qiymətləndirirdi. Qanlı Yanvar gecəsi Vəzirov Bakıda deyildi, sonradan isə faktiki olaraq siyasi səhnədən çəkildi.

20 Yanvar sekilleri kayzen qara yanvar 6 1 Uncategorized

6. Müxalifətdə kimlər vardı?
_________________________
1988–1990-cı illərdə əsas müxalif siyasi qüvvə Azərbaycan Xalq Cəbhəsi (AXC) və onun ətrafında formalaşan milli-demokratik hərəkat idi. AXC SSRİ-dən ayrılma, Qarabağın müdafiəsinin gücləndirilməsi, milli hüquqların bərpası
tələbi ilə mitinqlər təşkil edirdi. 1989–1990-cı illərdə Bakıda fasiləsiz aksiyalar keçirilirdi və mitinqlər əsasən dinc xarakter daşıyırdı. Amma kütləyə nəzarət mexanizmləri zəif idi, proseslər bəzən emosional və nəzarətsiz məcraya düşürdü. Hərəkat liderləri siyasi təcrübəsiz idi və Sovet dövlət mexanizminin sərt reaksiyasını düzgün hesablaya bilmədilər. Bakıya ordu yeridiləcəyi barədə gələn xəbərlərə baxmayaraq, kütlənin təhlükəsizliyi tam təmin olunmadı.

6. Bakıda fövqəladə vəziyyətin gizli elan edilməsi
_________________________
1990-cı il Yanvarın 20-də fövqəladə vəziyyət əhaliyə əvvəlcədən xəbər verilmədən tətbiq edildi. Bu da böyük insan tələfatına səbəb oldu.

7. Daha hansı rayonlara qoşun yeridilib?

20 Yanvar faciəsi əsasən, Bakıda baş versə də hadisələr Sumqayıt, Lənkəran, Neftçala, Cəlilabad, Şirvan (Əli-Bayramlı), Salyan və Astara rayonlarında da qeydə alınıb. Bu ərazilərdə sovet qoşunları yeridilib, fövqəladə vəziyyət tətbiq olunub, etirazlar zorakılıqla yatırılıb.
8. Milli azadlıq hərəkatının sürətlənməsi
_______________________________
20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik iradəsini sarsıtmadı, əksinə, azadlıq hərəkatını daha da gücləndirdi.
Azərbaycan xalqının sürətlə təşkilatlanması, milli şüurun yüksəlməsi və müstəqillik ideyasının geniş yayılması SSRİ-nin dağılmasını sürətləndirdi.

9.SSRİ-yə inamın tam itirilməsi
_______________________
Sovet ordusunun dinc əhaliyə qarşı silah işlətməsi mərkəzi hakimiyyətin mahiyyətini açıq şəkildə göstərdi. Bu hadisədən sonra sovet ideologiyasına və Moskvaya olan inam qırıldı.

20 Yanvar sekilleri kayzen qara yanvar 12 1 Uncategorized

10. Şəhidlik və milli yaddaş
______________________
20 Yanvarda həlak olanlar Azərbaycan xalqının milli azadlıq uğrunda ilk şəhidləri kimi tarixə düşdü. Şəhidlər Xiyabanı milli müqəddəs məkan oldu.

11. Dövlət müstəqilliyinə aparan yol
___________________________
Faciədən bir il sonra – 1991-ci il 18 oktyabrda – Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 20 Yanvar bu yolun ən ağır, lakin həlledici mərhələsi sayılır.

12. Beynəlxalq reaksiyalar
__________________________
ABŞ, Avropa ölkələri və aparıcı beynəlxalq media orqanları (BBC, “The New York Times”, “Le Monde” və s.) Sovet ordusunun Bakıda törətdiyi zorakılığı pislədi, hadisəni dinc əhaliyə qarşı hərbi müdaxilə kimi qiymətləndirib. “Amnesty International” və digər beynəlxalq hüquq-müdafiə qurumları mülki şəxslərin öldürülməsini insan hüquqlarının kobud şəkildə pozulması kimi tanıdı.

13. Türk dünyası və müsəlman ölkələri
__________________________
Türkiyə başda olmaqla bir sıra müsəlman ölkələrində Azərbaycanla həmrəylik aksiyaları keçirildi, faciə açıq şəkildə pisləndi.

14.Heydər Əliyevin 20 Yanvara verdiyi siyasi qiymət
_____________________________
1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada – Azərbaycanın SSRİ-dəki Daimi Nümayəndəliyində – mətbuat konfransı keçirərək sovet rəhbərliyini, şəxsən Mixail Qorbaçovu Azərbaycan xalqına qarşı cinayət törətməkdə ittiham etdi. Heydər Əliyevin mövqeyi 20 Yanvarın unutdurulmamasında, tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında və hadisəyə dövlət səviyyəsində düzgün siyasi qiymətin verilməsində həlledici rol oynadı.

15.Dövlət səviyyəsində hüquqi qiymət
_______________________
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Sovet rəhbərliyinin məsuliyyəti rəsmi şəkildə tanındı, 20 Yanvar ümummilli matəm günü elan olundu.

16.Əsas günahkar kimlərdir?
____________________
SSRİ KP MK-nın baş katibi Mixail Qorbaçov;
SSRİ Müdafiə Nazirliyi;
SSRİ Daxili İşlər Nazirliyi;
Sovet ordusunun ali komandanlığı.
Məhz onların qərarı ilə Bakıda fövqəladə vəziyyət elan edilmədən əvvəl ordu şəhərə yeridildi və dinc əhaliyə qarşı silah tətbiq olundu.

20 Yanvar sekilleri kayzen qara yanvar 13 1 Uncategorized

17.“Qara Yanvar” olmaya bilərdimi?
______________________
Teorik olaraq bu mümkün, amma praktiki olaraq çox çətin idi. Çünki 1990-cı ilin yanvarında Sovet İttifaqı artıq siyasi və ideoloji böhran içində idi. Mərkəzi hakimiyyət imperiyanı saxlamaq üçün zorakılığa üstünlük verirdi. Baltik ölkələri, Gürcüstan, Qazaxıstan və s. yerlərdə də oxşar proseslər baş verirdi.

18. Yenə erməni təxribatları- “Qara plaşlılar…”
Daşnakların 1988-ci ilin fevralında “uğurla” sınaqdan keçirdikləri “Sumqayıt ssenarisi” 1990-cı ilin yanvarında Bakıda da tətbiq olundu. Sumqayıtda olduğu kimi, Bakıda da həmin günlərdə gəncləri təkcə ermənilərə deyil, digər millətlərə qarşı da qızışdırıcı çağırışlara səsləyən “qara plaşlılar” – ermənilər peyda olmuşdu. Azərbaycan dilində sərbəst danışan həmin “qara plaşlılar” gəncləri ermənilərə və digər millətlərə qarşı barışmaz olmağa çağırır, qətllər törətməyə, onları paytaxtdan qovmağa sövq etməyə çalışırdılar. Sonra bəzi erməni qətlini “kütləviləşdirib”, siyasiləşdirməyə, onu Rusiya və dünya mətbuatına öz istədikləri, şişirdilmiş şəkildə çatdırmağa, dünya ictimai fikrini öz mənafeləri naminə dəyişdirməyə nail ola bildilər.

19. 20 Yanvar olmasaydı…
_______________________________
20 Yanvar faciəsi Azərbaycan tarixində milli oyanışın ən ağrılı, lakin ən həlledici mərhələlərindən biridir. Əgər bu hadisə baş verməsəydi, xalqın Sovet rejiminə olan inamı bir müddət də davam edə bilərdi. Qanlı müdaxilə cəmiyyətə göstərdi ki, azadlıq yalnız qətiyyətli mübarizə ilə mümkündür.
Bu faciə xalqın qorxu hissini sındırdı, milli birliyi gücləndirdi və müstəqillik ideyasını ümumxalq məqsədinə çevirdi. Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın azadlıq istəyinin zorakılıqla boğulduğu aydın şəkildə görünməyə başladı.
Nəticə etibarilə, 20 Yanvar olmasaydı, Azərbaycan müstəqilliyə gedən yolu yenə seçə bilərdi, lakin bu yol daha uzun, daha çətin və daha az qətiyyətli olardı.

20 Yanvar sekilleri kayzen qara yanvar 18 1 Uncategorized

20. Xalqın birlik günü
________________________
“Qara Yanvar” təkcə faciə deyil, Azərbaycan xalqının azadlıq iradəsinin, milli birliyinin və müstəqil dövlət qurmaq əzminin simvoludur.20 Yanvar faciəsinin əsas günahkarı Sovet totalitar rejimi və onun mərkəzi rəhbərliyidir.
Bu hadisə güc yolu ilə bir xalqın iradəsini sındırmaq cəhdi idi və tarixdə dövlət cinayəti kimi qalır.

Musavat.com 

Daha çox xəbərlər