Türkiyə dost, Rusiya düşmən: erməni kəşfiyyatının hesabatı İrəvandakı kremlçiləri dəli etdi
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı son məruzə ölkə daxilində ciddi narazılıq və qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, erməni politoloq Vazgen Petrosyan sənədin Qərbin diktəsi ilə hazırlandığını və Ermənistanın real təhlükəsizlik risklərini əks etdirmədiyini bildirib.
Ekspertin sözlərinə görə, hesabatda geniş analitik yanaşma yoxdur, Ermənistanın təhlükəsizliyinə birbaşa təsir edən qlobal və regional təhdidlər faktiki olaraq kənarda saxlanılıb. Xüsusilə İran amilinin sənəddə demək olar ki, yer almaması Petrosyan tərəfindən ciddi boşluq kimi qiymətləndirilib. O vurğulayıb ki, İran Ermənistan üçün açar qonşu və mühüm strateji tərəfdaşdır, regionda təhlükəsizlik balansında əsas rol oynayır.
Politoloq məruzədə yer alan “Ermənistana qarşı hibrid təhdidlər” bölməsini isə hakimiyyətin illərdir təkrarladığı şablon tezislər toplusu adlandırıb. Onun fikrincə, Ermənistana qarşı həqiqətən hibrid müharibə aparılır, lakin bu müharibənin əsas məqsədi erməni cəmiyyətini inandırmaqdır ki, Türkiyə dostdur, Rusiya isə düşməndir. Petrosyan qeyd edib ki, məhz bu reallıq hesabatda qəsdən gizlədilir.

