Gündəm 

Aqrar Sığorta şaxtalı havanın kəndliyə vurduğu zərər ödəyirmi?

Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit hava şəraiti – qar yağıntısı, şaxtavurma və donvurma hallar digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsir edir.

Musavat.com xəbər verir ki, kəskin soyuq və şaxtalar bağlar və əkinlərə böyük zərər vurur. Bütün dünyada belə hallardan yaranan zərərə görə bağ və əkinlərə sığorta haqqı ödənir. Azərbaycanda bu praktika son illərdə tətbiq olunmağa başlayıb. Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən şaxta vurma (donvurma) və normadan artıq qar yağması riskindən də sığortalayır.

Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır. Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb və sürətlə artmaqdadır. Belə ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib.

Fonddan Musavat.com-un sorğusuna verilən cavaba əsasən Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib. Bildirilir ki, şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır. Belə ki, 2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir. Bunlardan 20-si müxtəlif meyvələrdir.

Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir. Sığorta haqqının 50 faizini isə fermerin yerinə dövlət ödəyir.

Aydın məsələdir ki, sığorta ödənişi yalnız sığorta olunan əkin və bağlara görə ödənilir. Bu səbəbdən fermer və təsərrüfat sahiblərinin öz sahələrini, meyvələrini sığortalatması lazımdır.

Musavat.com

Daha çox xəbərlər