Cəmiyyət 

Bazarda kartof gərginliyi: Satıcılar niyə ÜSYAN PÜSKÜRDÜLƏR?FOTO

Son günlər ölkə bazarlarında satılan kartofla bağlı xəbərlər alıcıları narahat edir. İddialara görə, istehlak bazarına texniki və yemlik sort kartof çıxarılır, əhaliyə isə ərzaq kartofu kimi təqdim olunur. İnsan orqanizmi üçün təhlükəli olduğu deyilən bu məhsul ölkəyə idxal edilərək dəfələrlə baha qiymətə satılır. Texniki kartof spirt, kraxmal və plastik istehsalında, yemlik kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə olunur. Həmçinin, məhsuldarlığı artırmaq üçün istehsal zamanı zəhərli pestisidlərdən istifadə edilir, buna görə də iri ölçülü və 400–700 qram arası kartoflar alınır.

Bəs bazarda vəziyyət necədir? Bazarda satılan kartofların hansı faydalıdır, hansı zərərli?

Musavat.com-un əməkdaşı Nizami rayonunda fəaliyyət göstərən bazarlardan birinə üz tutub.

Bazarın içi qış gününün sərt havasına baxmayaraq, canlı idi – piştaxtalarda iri kartoflar düzülsə də, alıcı sayı əvvəlki kimi çox deyildi.

WhatsApp Image 2026-01-26 at 18.25.53.jpeg (269 KB)

Satıcılar “texniki kartof” sözünü eşidən kimi elə bil “cin” gördülər. Bir satıcı əsəbi şəkildə bildirdi:

“Bunlar hamısı Gədəbəy, Qazax kartoflarıdır. Ay bala, mən texniki kartof satmıram. Hər yer doludur, 80–90 qəpiyə. Yaxşı kartofun keyfiyyətini onun bazar qiymətindən də müəyyən etmək olar. Kartofun “ayaq qiyməti” adlanan ilkin satış dəyəri bir kiloqram üçün 1 manat 70 qəpikdən yuxarıdırsa, bu, məhsulun nisbətən keyfiyyətli olduğunu göstərir. Hazırda bazarda Gədəbəy, İran və Qazax kartofu var. Deyirlər ki, başqa bölgələrdən gətirilir, inanmayın. “Setka”larda satılan kartoflar zay kartoflardır. Dadı da şirin olur. Əsas marketlərdə satırlar. O kartofları yaydan yığırlar anbarlara, sonra satırlar”.

Digər satıcı da söhbətə qoşulub alıcılara tövsiyələr verdi:

“Alıcılar yaxşı kartofu dərhal tanıya bilər. İri və bəzən kələ-kötür olanları almayın. Onu görəndə dərhal ayırmaq olur. Biz bazarda diqqətliyik, alıcını yanıltmaq istəmirik”.

Yeri gəlmişkən, son zamanlar qida rasionuna yenidən daxil olmuş məhsullardan biri də kumpirdir. Uşaqlar və gənclər arasında bu yemək populyarlaşıb, ailələr tez-tez alırlar. Satıcılar bildirirlər ki, kumpir hazırlamaq üçün əsasən iri ölçülü kartoflar seçilir – bir kartofun çəkisi 400–700 qram arasındadır.

Maraqlıdır ki, bazarlarda satılan bu iri kartofların bəzən texniki kartof sortlarından hazırlandığı deyilir. Satıcılar bunu alıcıya izah edərkən gərgin, amma eyni zamanda müdafiə olunmağa başladılar:

“Uşaqlar kumpiri çox sevir, ailələr tez-tez alır. Amma bizim işimizdə diqqətli olmaq lazımdır. Kumpir üçün istifadə olunan kartof iri, şirin və hamar olmalıdır. Texniki kartofdan hazırlansa, bişəndə tez dağılır və dadı pis olur”.

Aga-Salamov-506x900.jpg (70 KB)

Qida üzrə ekspert Ağa Salamova görə, texniki kartofun nişasta miqdarı yüksəkdir və bunu yalnız laboratoriya müayinəsi ilə dəqiqliklə müəyyən etmək mümkündür.

Onun sözlərinə görə, texniki kartof bişirilməyə başlayanda dağılmağa başlayır, normal kartof isə yalnız tam bişəndə yumşalır.

Texniki kartofu ayırmaq üçün diqqət yetirilməli əlamətlər də var:

“Üzərində yaşıl ləkələr olur, bu, solanin və xlorofilin çoxluğundan xəbər verir. Bundan əlavə, qabarcıqlı, kələ-kötür, iri və qeyri-standart ölçülü kartof növləri olur”.

Ekspert kumpirlə bağlı verilən suala da cavab verib:

“Kumpir satanlar xammal kimi aldıqları kartofun üzərinə diqqətlə baxmalıdırlar. Texniki kartof əlamətlərinə mütləq diqqət etsinlər, çünki bu kartof uşaqlar üçün zərərli ola bilər”.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Daha çox xəbərlər