Gündəm 

Ana Vətən Partiyasında Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib

ARANTV.AZ  xəbər verir ki, 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Ana Vətən Partiyasında silsilə tədbirlər çərçivəsində geniş tərkibli görüş təşkil olunub. Tədbirdə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı, Milli Məclisin deputatı, gənclər siyasətinə daim xüsusi diqqət göstərən Ceyhun Məmmədov, ictimaiyyət nümayəndələri, partiya fəalları və müxtəlif sahələrdə uğur qazanan gənclər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhidlərin ruhuna ehtiram tədbir iştirakçıları tərəfindən dərin hörmət və minnətdarlıqla anılıb.Tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri Günay Ağamalı gəncləri bayram münasibətilə səmimi-qəlbdən təbrik edərək bildirib ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, mədəni və iqtisadi həyatında aparıcı qüvvəyə çevrilib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində gənclər üçün geniş imkanlar yaradılıb, onların bilik və bacarıqlarının inkişafı, sağlam və vətənpərvər ruhda formalaşması dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyən edilib. Günay Ağamalı vurğulayıb ki, Ana Vətən Partiyası da öz fəaliyyətində gənclərin roluna xüsusi önəm verir və onları hər zaman dəstəkləyir.Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında bildirib ki, Azərbaycan gəncliyi bu gün dövlətin diqqət və qayğısını hər addımda hiss edir. Onun sözlərinə görə, müasir dövrün çağırışlarına cavab verən savadlı, təşəbbüskar və milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsi ölkənin davamlı inkişafının əsas təminatçısıdır. Deputat gəncləri ictimai-siyasi proseslərdə daha fəal iştirak etməyə, dövlətçiliyin möhkəmləndirilməsi yolunda öz bilik və potensiallarını səfərbər etməyə çağırıb.Tədbirdə çıxış edən digər iştirakçılar da Azərbaycan gəncliyinin artan rolundan, onların sosial, mədəni və siyasi fəallığından danışaraq, gənclər siyasətinin ölkənin gələcəyi baxımından mühüm strateji əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, bu gün gənclər təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da Azərbaycanı layiqincə təmsil edirlər.Tədbirin bədii hissəsi milli ruhun əsl təntənəsinə çevrilib. İstedadlı gənclərin ifasında səslənən muğamın dərin fəlsəfəsi, sazın köklərdən gələn kəsərli avazı, həmçinin milli rəqslərimizin coşqulu təqdimatı tədbirə xüsusi rəng qatıb, iştirakçılarda böyük ruh yüksəkliyi yaradıb. Bu çıxışlar Azərbaycan mədəniyyətinin zənginliyini və gənclərin milli irsə bağlılığını bir daha nümayiş etdirib.Sonda Ana Vətən Partiyasının sədri Günay Ağamalı partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən, fəallığı ilə seçilən bir qrup gəncə təşəkkürnamələr təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, gənclərə göstərilən bu etimad onların daha böyük məsuliyyətlə çalışmasına stimul verir.Tədbir xatirə şəkillərinin çəkilməsi, səmimi ünsiyyət və xoş təəssüratlarla başa çatıb. Görüş iştirakçıları bu cür tədbirlərin gənclərin birliyinin möhkəmlənməsində və ictimai fəallığının artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Daha çox xəbərlər