Cəmiyyət 

Şəhər quruculuğu YENİ MƏRHƏLƏDƏ

QHT sədri: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının məntiqi davamıdır

Ərazilərin planlı inkişafı, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və insan amilinin urbanizasiya siyasətində əsas meyara çevrilməsi bu gün Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2026-cı ili Azərbyacanda “Şəhərsalma və Memarlıq İli” elan etməsi də məhz bu yanaşmanın strateji səviyyədə təsdiqi, postmünaqişə dövründə ölkənin yeni inkişaf mərhələsinə keçidinin ideoloji və praktik ifadəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesləri fonunda bu qərar şəhərsalmanın təkcə texniki deyil, sosial, mədəni və milli məzmun daşıyan dövlət siyasəti kimi formalaşdığını göstərir.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında “Şəhərsalma və Memarlıq İli”nin mahiyyəti, gözləntilər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdü.

WUF13 kontekstində yeni imkanlar

Həmsöhbətimiz bildirdi ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir: “Belə ki, ölkənin inkişaf modeli təkcə iqtisadi artıma deyil, həm də planlı urbanizasiya və insan mərkəzli şəhər mühitinin inkişafına əsaslanır.  Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycanın postmünaqişə dövründə yeni inkişaf mərhələsinə keçdiyini, şəhərsalmanın sosial rifah elementi kimi qəbul edildiyini təsdiqləyir. Bu təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesləri fonunda meydana gəldiyini deyə gələ bilərik. Azad edilmiş ərazilərdə salınan şəhər və kəndlər müasir memarlıq, milli dəyərlər və tarixi irsin vəhdəti əsasında qurulur. Bu, Azərbaycanın həmin torpaqlarda qalıcı, hüquqi və mədəni varlığının nümayişidir. “Şəhərsalma və Memarlıq İli” bu prosesləri vahid dövlət siyasəti kimi möhkəmləndirir və quruculuğu milli dirçəlişin simvoluna çevirir. Həm də onu nəzərə almaq lazımdır ki, Azərbaycan Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) və digər beynəlxalq tədbirləri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini dünya ictimaiyyətin diqqətinə çatdırmaq üçün əlavə imkan kimi dəyərləndirir. Biz bu tədbirlər çərçivəsində beynəlxalq ictimai rəyə əlavə təsir etmək imkanı qazanırıq”.

İnkişafın mərkəzində insan amili

QHT sədri qeyd etdi ki, “Şəhərsalma və Memarlıq İli” ilə bağlı icra oluna tədbirlərin şəhər mühitinin keyfiyyəti və vətəndaşların gündəlik həyat səviyyəsinə təsiri baxımından qiymətləndirsək iki məqamı nəzərə almalıyıq: “Birincisi, əsasən Bakı və Bakı ətrafı ərazilərdə şəhər mühitinin keyfiyyətinin sistemli şəkildə yaxşılaşdırılması istiqamətində görüləcək işlərdir. Daha funksional nəqliyyat infrastrukturu, yaşıl zonalar, əlçatan ictimai məkanlar, təhlükəsiz və rahat yaşayış mühiti vətəndaşların gündəlik həyat səviyyəsinə birbaşa müsbət təsir göstərəcək. Eyni zamanda, şəhərsalma prosesində sosial inklüzivlik, ekoloji dayanıqlıq və əlçatanlıq prinsiplərinin güclənməsi gözlənilir ki, bu da şəhərləri sadəcə yaşayış məkanı deyil, insan üçün komfortlu həyat mühiti kimi formalaşdıracaq. Əlbəttə, bu proses bu il baş tutmayacaq. Lakin buna baxmayaraq prosesin başlanması ilə bağlı cari ildə artıq addımlar atılmaqdadır. Xüsusən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na ümidlər böyükdür. Prezident İlham Əliyev tərəfindən bu məsələyə bir neçə dəfə münasibət bildirilib və xüsusi müşavirə keçirilib. Eyni zamanda, nəzərə almalıyıq şəhər böyüyüb, bu proses davam edir. Yəni, daxili miqrasiya hələ də davam edir.

İkinci məqam Qarabağ və Şərqi Zəngəzurla bağlıdır. Bu prosesdə maliyyə vəsaitlərinə xeyli ehtiyac var, amma prosesi düzgün formada qurmaqla həmin ərazilərlə daha keyfiyyətli nəticələrə nail olmaq mümkündür. Bu istiqamətdə yaxşı nümunələrimiz var.  Hesab edirəm ki, əhalinin ata-baba yurdlarına qayıdışı mərhələli formada aparılmaqla bu ehtiyacların düzgün ödənilməsinə riayət olunur”.

Vətəndaş cəmiyyəti prosesin iştirakçısı kimi

Cəsarət Hüseynzadə diqqətə çatdırdı ki, şəhərsalma və memarlığın ayrıca il kimi elan edilməsi mərkəzi və yerli icra strukturları arasında daha sıx əməkdaşlığın, bu sahənin normativ-hüquqi bazasının təkmilləşdirilməsinin və ictimai nəzarətin güclənməsinin vacibliyini ön plana çıxarır. Prosesdə vətəndaş cəmiyyətin də iştirakı xüsusi rola malik olmalıdır. Xüsusilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı QHT-lərin aktiv rolu və fəaliyyəti gözlənilir.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər