Azərbaycan cəzasızlıq mühitini dağıdır – Bu gün söz yox, hökm danışır
Azərbaycan Vətən müharibəsindən başlayaraq, təkcə hərbi və siyasi qələbə əldə etmədi, eyni zamanda, ölkə beynəlxalq münasibətlər tarixində nadir rast gəlinən bir presedent yaratdı. Öz ərazi bütövlüyünü və tam suverenliyini heç bir xarici hərbi yardım olmadan bərpa edən Azərbaycan, eyni zamanda xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmağa nail oldu. Artıq bu prosesin də sonuna yaxınlaşdıq. Belə ki, fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ermənilərə hökm oxunacaq.
Artıq bu, təkcə hüquqi proses deyil, dövlət iradəsinin, milli ədalətin və tarixi məsuliyyətin təntənəsidir.
Azərbaycana qarşı cinayətlərdə iştirak edən digər erməni separatçıları var ki, onları necə cəzalandıraq?

Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev Musavat.com-a bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin törətdikləri əməllər mahiyyətinə görə beynəlxalq cinayətlər kateqoriyasına daxildir:
“Belə əməllər, hüquqi qiymətləndirmə baxımından, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi ən ağır cinayət tərkiblərinə aid edilə bilər. Məhz bu cinayətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar beynəlxalq cinayət hüququnda fərdi cinayət məsuliyyəti doğurur, yəni məsuliyyət ümumi-siyasi müstəvidə yox, konkret şəxslərin konkret roluna, iştirak formasına və niyyətinə görə müəyyənləşdirilir. Bu baxımdan, təqsirləndirilən şəxslər haqqında irəli sürülən ittihamların hüquqi çəkisi ondan ibarətdir ki, söhbət sırf yerli məzmunlu cinayət iddialarından deyil, beynəlxalq hüququn ən sərt qadağaları ilə əhatə olunan əməllərdən gedir. Bu növ cinayətlərdə vəzifə tutmaq və ya siyasi status məsuliyyəti avtomatik yaratmır, lakin eyni zamanda belə statuslar məsuliyyətin formalarının (əmr vermə, təşkil etmə, planlaşdırma, icraya rəhbərlik, kömək/şəriklik, komandanlıq məsuliyyəti və s.) qiymətləndirilməsi üçün hüquqi əsas ola bilir.
Xüsusilə qeyd etmək lazımdır ki, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi beynəlxalq cinayətlər emosional-siyasi bəyanat yox, sübutlara əsaslanan hüquqi nəticə olmalıdır. Başqa sözlə, bu cinayət kateqoriyalarına hadisələrin konteksti (münaqişə şəraiti, mülki əhaliyə qarşı hücumun xarakteri), konkret şəxsin rolu və həmin rola uyğun niyyət və bilik elementi əsasında məhkəmə tərəfindən müəyyənləşdirilən hüquqi qiymətləndirmədir.
Bu yanaşma bir tərəfdən iddianın ciddiliyini saxlayır, digər tərəfdən isə beynəlxalq standartların tələb etdiyi hökm çıxmamış qəti ittiham dili riskini aradan qaldırır.
Təəssüf ki, beynəlxalq birlik törədilmiş bu növ cinayətləri gördüyü və müzakirə etdiyi halda, uzun müddət effektiv hüquqi cavab (real cinayət təqibi, məhkəmə qərarı ilə məsuliyyətin müəyyənləşməsi) formalaşmadı. Beynəlxalq cinayət hüququnda bu hal çox vaxt “cəzasızlıq mühiti” kimi xarakterizə olunur: cinayətlər barədə iddialar səslənir, lakin siyasi, institusional və ya yurisdiksiya səbəblərindən real mühakimə mexanizmi işə düşmür.
Bu boşluq nəticə etibarilə iki təhlükə yaradır: qurbanların ədalətə çıxışının gecikməsi, cinayətlərin təkrarlanması riskinin artması
Belə şəraitdə Azərbaycan Respublikasının öz gücü və resursları hesabına müvafiq olaraq həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi, beynəlxalq hüquqi baxımdan, dövlətin cinayət mühakiməsi suverenliyi və ədalətin təmin edilməsi öhdəliyi prizmasında izah olunur. Yəni məsələ təkcə siyasi iradə deyil, eyni zamanda beynəlxalq cinayət hüququnun tələb etdiyi əsas ideya – ağır cinayətlərin cəzasız qalmaması milli hüquq mexanizmi ilə həyata keçirilir.
Söhbət elə cinayət tərkiblərindən gedir ki, onlar beynəlxalq humanitar hüquq və beynəlxalq cinayət hüququnun ümumi prinsipləri ilə paralel məzmun daşıyır və milli qanunvericilikdə həmin öhdəliklərə uyğun təsbit oluna bilir.
Beynəlxalq hüquqi baxımdan bu prosesə ən güclü dəstəyi verən əsas sütun isə ədalətli məhkəmə təminatlarıdır. Ağır cinayət ittihamları nə qədər ciddi olsa da, beynəlxalq standartlara görə prosesin legitimliyi müdafiə hüquqlarının tam təmin edilməsi, sübutların rəqabətli qaydada araşdırılması, məhkəmə qərarının əsaslandırılması, apellyasiya mexanizmlərinin işləməsi ilə qəbul olunur. Bu təminatlar qorunanda, proses qisas kimi deyil, beynəlxalq hüququn tələblərinə müvafiq olaraq fərdi məsuliyyətin hüquqi müstəvidə müəyyən edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikası da bütün bu proseslər zamanı beynəlxalq hüquq normalarına müvafiq olaraq davranmış və təqsirkarların törətdikləri əməllərə görə cəzalandırılmasını önə çəkmişdir.
Qeyd etdiyimiz kimi, artıq yekunlaşma dövrü yaxınlaşır, ümid edirəm ki, hökm də tam ədalətli və qanunauyğun olacaq.
Ədalətli hökmün oxunması isə o deməkdir ki, bu, Azərbaycan üçün təkcə bir neçə şəxsin cəzalandırılması demək deyil, uzun illər müzakirə mövzusu kimi qalan ağır cinayət iddialarının hüquqi müstəvidə nəticələnməsi və cəzasızlıq mühitinin sındırılması deməkdir. Çünki müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi əməllər barədə ittihamlar nə qədər geniş səslənsə də, məhkəmə qərarı ilə tamamlanmadıqca onlar çox vaxt siyasi ritorika səviyyəsində qalır. Hökm isə həmin iddiaları deyilən yox, məhkəmə qaydasında araşdırılan və nəticə çıxarılan fakta çevirir. Bununla Azərbaycan beynəlxalq cinayət hüququnun əsas ideyasını – fərdi cinayət məsuliyyətini real şəkildə tətbiq etdiyini göstərmiş olur: Məsuliyyət etnik mənsubiyyətə, kollektiv kimliyə və ya ümumi siyasi mübahisəyə yox, konkret şəxslərin konkret roluna bağlanır.
Azərbaycanın ən böyük uğuru da məhz burada görünür. Proses nəticəsində ölkəmiz öz mövqeyini sadəcə siyasi bəyanatlarla deyil, hüquqi prosedurla möhkəmləndirir. Məhkəmə müstəvisində təqdim edilən materiallar – ifadələr, sənədlər, ekspertiza rəyləri, epizodların ardıcıllığı və iştirak formaları sonradan həm daxili, həm də beynəlxalq müstəvilərdə istinad oluna bilən sübut bazası yaradır. Bu, informasiya müharibəsində səsləndirilən tezislərdən daha güclüdür. Hüquqi standartlarla formalaşmış, protokollaşmış, qərarla yekunlaşmış faktlar toplusu. Beləliklə, Azərbaycan bir tərəfdən qurbanların ədalətə çıxışını təmin etdiyini nümayiş etdirir, digər tərəfdən isə münaqişə dövrünün ən ağır epizodlarını hüquqi reyestrə daxil etməklə tarixi və hüquqi yaddaşı sistemləşdirir.
Bir anlığa fikirləşək, əgər bunlar baş verməsəydi və bu şəxslərin Azərbaycanda həbs olunmaması halında isə mənzərə əks istiqamətdə inkişaf edə bilərdi.
Birincisi, məsuliyyət məsələsi böyük ehtimalla yenə də beynəlxalq səviyyədə danışılır, amma nəticə yoxdur mərhələsində qalardı. Siyasi bəyanatlar, hesabatlar, qarşılıqlı ittihamlar çoxalar, lakin konkret şəxslər üzrə konkret qərar ortaya çıxmazdı.
İkincisi, sübutlar və şahid ifadələri zamanla zəifləyərdi, sənədlərin toplanması çətinləşər, şahidlərin xatirələri solğunlaşar, bəzi epizodlar sübut baxımından daha mürəkkəb hala gələrdi (Birinci Qarabağ müharibəsində olduğu kimi).
Üçüncüsü, cəzasızlıq mühiti davam edərdi və bu, həm qurbanların ədalət gözləntisini zədələyər, həm də gələcəkdə oxşar cinayətlərin qarşısının alınması üçün caydırıcılıq təsirini azaldardı. Nəticədə daha çox qisasçılıq hissi inkişaf edərdi. Bundan əlavə, həbs olunmadıqları ssenaridə məsuliyyətin fərdlər üzərində qurulması əvəzinə mübahisə yenidən kollektiv məsuliyyət kimi təhlükəli çərçivələrə sürüşə bilərdi.
Nəticə etibarilə, bu şəxslərə ədalətli hökm oxunması Azərbaycanın həm hüquqi, həm də institusional baxımdan nəyi ortalığa qoya bildiyini göstərdi. Dövlət öz suveren hüququ çərçivəsində ağır cinayət iddialarını araşdırmaq iradəsini, sübutlarla danışmaq bacarığını və cəzasızlıq mühitini dağıtmaq gücünü ortaya qoydu. Əgər onlar Azərbaycanda həbs olunmasaydı, çox güman ki, məsuliyyət yenə də hamının bildiyi, amma heç kimin hüquqi nəticəyə çatdırmadığı bir mövzu olaraq qalacaq, ədalət isə zamanın içərisində uzanıb zəifləyəcəkdi”.
Cavanşir ABBASLI
Musavat.com

