Region Xəbərləri 

Sülh dövrünün başlanğıcı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri  

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verildi. 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir.

Cənab İlham Əliyevin  mükafata layiq görülməsi Azərbaycanın  sülh siyasətinə beynəlxalq dəstəyi nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli bir dövlət olaraq dünyaya bir örnəkdir. Bu gün Azərbaycan milli və dini birgəyaşayışın ən sivil formasını dünyaya göstərir.

Tarixi Zəfərimiz ölkəmizdə Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu baxımdan ki, ölkəmizdə yaşayan bütün xalqların, millətlərin nümayəndələri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etdi, tarixi Zəfərimizə böyük töhfələrini verdilər. 2021-ci ildə  ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının birinci günü müxtəlif xalqların musiqi yaradıcılığının nümayişi  bu kimi məqamların təqdimatı oldu. “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdik. Ölkələr belə inkişaf etməlidir. Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur.

Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində   “Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir” söyləyərək vurğuladı ki,  biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq. Biz sülh şəraitində yaşamağı öyrənirik. Bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığını bildirən cənab İlham Əliyev qeyd etdi ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.

Mükafatın təqdimolunma mərasimində səsləndirilən  fikirlər bir daha bu reallığı təsdiqlədi ki, sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirildi. Cənab İlham Əliyevin  Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanındığı xüsusi qeyd edildi. Tarixi sülh razılaşması nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışlandı.

Daha çox xəbərlər