Gündəm 

YAP-ın Aparat rəhbəri KİM olacaq? – ADLAR

Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Yeni Azərbaycan Partiyasında (YAP) Aparat rəhbəri postu boşalmış sayılır. Musavat.com xəbər verir ki, hakim partiyanın mərkəzi strukturlarında bu vəzifəyə kimin gətiriləcəyi yönündə müzakirələrin başladığı bildirilir.

Məlumata görə, YAP rəhbərliyi Aparat rəhbəri postuna daha çox partiya daxilində uzunmüddətli idarəçilik təcrübəsinə malik, Mərkəzi Aparatın iş mexanizmini yaxşı bilən şəxsin təyinatında maraqlıdır. Bu baxımdan bir neçə ad ehtimal olunan namizəd kimi hallanır.

Müzakirə olunan adlar sırasında YAP İdarə Heyətinin üzvlərindən, partiyanın regional strukturlarına nəzarətdə və təşkilati məsələlərdə aktiv rol oynayan funksionerlərin olduğu bildirilir. Xüsusilə partiya aparatında müxtəlif rəhbər vəzifələrdə çalışmış, eyni zamanda, Prezident Administrasiyası və ya yerli icra strukturları ilə koordinasiya təcrübəsinə malik şəxslərin şansı daha yüksək qiymətləndirilir.

Siyasi müşahidəçilərin fikrincə, yeni Aparat rəhbərinin seçimi YAP-ın qarşıdakı dövrdə təşkilati islahatları və struktur yenilənməsi ilə birbaşa bağlı olacaq. Bu vəzifəyə təyin olunacaq şəxsə partiyanın daxili intizamının qorunması, regional təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və seçki proseslərinə hazırlıq baxımından mühüm rol tapşırılacaq.

Mümkün namizədlər sırasında Aparat rəhbərinin müavini Əhliman Tağıyevin adı çəkilir. Digər ehtimal olunan namizəd YAP Veteranlar Şurasına və partiyanın ideoloji xəttinin formalaşdırılmasında aktiv iştirak edən Mübariz Qurbanlıdır. Siyasi müşahidəçilərə görə, onun ideoloji və inzibati təcrübəsi Aparat rəhbəri funksiyalarını icra etməyə imkan verə bilər.

Bəzi mənbələr isə istisna etmir ki, Aparat rəhbəri postuna Prezident Administrasiyası və ya icra hakimiyyəti sistemində çalışmış, lakin YAP-la sıx bağlı olan yeni bir kadr da gətirilə bilər. Bu ssenari partiyanın Mərkəzi Aparatında idarəçilik yanaşmasının yenilənməsi kimi də dəyərləndirilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Gözləntilərə görə, yaxın vaxtlarda Aparat rəhbəri postu ilə bağlı qərar rəsmiləşdirilə bilər.

Etibar Seyidağa,
Musavat.com

Daha çox xəbərlər