Soyuqlar nə zaman bitir? – Böyük və kiçik çillə
Azərbaycan xalq təqvimində qış fəsli təkcə təqvim ayları ilə deyil, həm də çillə dövrləri ilə ölçülür. Xalq arasında havaların kəskin soyuması, şaxtalar, güclü küləklər və çovğunlar adətən Böyük çillə və Kiçik çillə ilə əlaqələndirilir.
Bu anlayışlar yüzillər boyu formalaşmış müşahidələrə və təbiət hadisələrinə əsaslanır.
Bəs Böyük çillə nədir?
Böyük çillə qışın ən uzun və ən sərt dövrü hesab olunur. Xalq təqviminə görə, Böyük çillə hər il dekabrın 21-dən yanvarın 30-dək davam edir və 40 gün çəkir. “Çillə” sözünün özü də məhz “qırx” mənasını verir. Bu dövrdə, havanın temperaturu kəskin enir, şaxtalar güclənir, dağlıq və aran ərazilərdə qar yağışı artır və günlər qısa, gecələr isə uzun olur. Xalq arasında Böyük çillə qışın ən sərt dövründə davam edən ən çətin mərhələ sayılır. Kənd təsərrüfatı ilə məşğul olan insanlar bu dövrdə torpaq işlərini minimuma endirər, ehtiyatlarını daha səmərəli istifadə etməyə çalışardılar.
Bəs Kiçik çillə nədir?
Kiçik çillə Böyük çillədən sonra gəlir və yanvarın 31-dən fevralın 19-dək, yəni 20 gün davam edir. Adından da göründüyü kimi, müddəti qısa olsa da, Kiçik çillə də kifayət qədər sərt hava şəraiti ilə yadda qalır. Bu mərhələdə isə, qısamüddətli, lakin kəskin soyuqlar müşahidə olunur. Güclü küləklər və çovğunlar baş verir, hava şəraiti tez-tez dəyişkən olur. Xalq inanclarına görə, Kiçik çillə “Böyük çillənin acığı”dır. Yəni qış öz son gücünü məhz bu dövrdə göstərir. Əsrlər boyu aparılan müşahidələr göstərib ki, Azərbaycanın iqlim şəraiti məhz bu dövrlərdə daha sərt olur. Elmi baxımdan da bu təsadüfi deyil. Bu zaman Günəş şüalarının düşmə bucağı zəifləyir, Yer səthi daha az isinməyə başlayır, atmosfer prosesləri soyuq hava kütlələrinin bölgəyə daxil olmasına şərait yaradır. Bu səbəbdən xalq meteoroloji hadisələri təqvimlə deyil, təbiətin ritmi ilə ölçərək çillə anlayışını formalaşdırıb.
Kiçik çillədən sonra Boz ay başlayır. Boz ay yazın yaxınlaşmasının xəbərçisi hesab olunur, lakin hava hələ də qeyri-sabit qalır. Xalq arasında deyildiyi kimi, “Boz ayın havasına güvən olmaz”.\Sfera.az

