“İslama görə dinin xüsusi bir rəngi yoxdur” — İlahiyyatçı
ARANTV.AZ xəbər verir ki, bu sözləri ilahiyyatçı İsmayıl Əhməd “İslamda rəng varmı?” sualına cavab verərkən bildirib.
Bu mənada rənglər arasından xüsusi olaraq hər hansı birinin tərcih edilməsi doğru olmaz. İslam universal, cahanşümul dindir, onu hər hansı bir regionla, yaxud millətlə, irqlə, zaman və məkanla məhdudlaşdırmaq düzgün olmadığı kimi, ayrıca bir rənglə də məhdudlaşdırmaq doğru deyil. Amma İslam insanları mənəvi mənada, məcazi və simvolik olaraq bir rəngə boyanmağa çağırış edir. Bu rəng Allahın “rəngidir”. Allah “Quran”da buyurur: “(Ey iman gətirənlər, deyin:) (Biz) Allahın rənginə boyandıq. Allahın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik” (Bəqərə, 138).
İlahi rəngə boyanmaq… Bu çağırışla Allah insanları ilahi-mənəvi dəyərlərə sarılmağa, mənəviyyatlı həyat sürməyə, saf iman və saleh əməl sahibi olmağa dəvət edir. Bax əslində, İslamın rəmzi elə bu mənada Allah rənginə boyanmaqdır.
Bununla bərabər, tarixdən şahidi olduğumuz kimi, İslam dininin ardıcılları İslam üçün rəmzi olaraq yaşıl rəngi tərcih etmişlər. Bu, bilavasitə dinin özü ilə, ilahi buyruqla bağlı deyil, sadəcə əsrlərdən bəri İslam mədəniyyətinin tərkib hissəsinə çevrilmiş bir ənənədir. Yəni qaynağı ilahi deyil, insanidir.
Müsəlmanların rənglər arasından məhz yaşıl rəngi seçməsinin də səbəbləri var. Biz, misal olaraq, yaşıl rəngin İslamın rəmzi kimi qəbul edilməsinin iki cəhətini göstərə bilərik. Bunlardan biri müsəlmanların dini prizmadan bu dünyaya olan baxışları, digəri isə axirət həyatına olan baxışlarıdır. Belə ki, yaşıl rəng bu dünyada sanki bir həyat rəmzidir, canlı təbiəti, təbiətin oyanmasını, həmişəyaşar olmasını, baharı təcəssüm etdirir. İslam dini də bir həyat dini olaraq bu rənglə təsvir olunur.
Axirət həyatına gəldikdə, Quranda cənnətin təsviri sanki yaşıl rəng ilə səciyyələndirilir; ağaclar altından çaylar axan meşəliklər, bağ-bağça təsviri göz önündə yaşıl rəngi canlandırır. Hətta bir ayədə cənnət əhlinin geyindiyi libasın (Kəhf, 31), başqa bir ayədə isə söykənəcəkləri balışın (Rəhman, 76) yaşıl rəngdə olduğu qeyd edilir. Başqa bir ayədə də iki cənnət bağından söhbət düşdükdə barəsində belə deyilir: “Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar” (Rəhman, 64).
Din də insanı gözəl iman və gözəl əməllər sahibi olub cənnətə – əbədi səadətə səsləyir. Bu mənada yaşıl rəng əbədi səadət rəmzinə çevrilir və dinin rəmzi kimi qəbul edilir.
Yeri gəlmişkən, Quranın 9 ayəsində yaşıl rəngə rast gəlinir ki, onlardan bəzilərində bu dünya – təbiət aləmi, bəzilərində isə axirət həyatı – cənnət haqqında bəhs edilir.
Rəvayətlərdə Məhəmməd peyğəmbərin (s) geyimində daha çox yaşıl rəngə üstünlük verdiyi, yaşıl rəngli libasları sevdiyi haqda məlumatlar var.
Bütün bu kimi subyektiv amillər, görünür, İslam mədəniyyətində yaşıl rəngin dinin rəmzi kimi qəbul edilməsində təsirli rol oynayıb. Əsrlər boyu yaşıl rəng İslam dinini, müsəlman mədəniyyətini simvolizə edib və bu, ölkəmiz də daxil olmaqla bir çox müsəlman dövlətlərin bayrağında da öz əksini tapıb. Amma bir daha qeyd edək ki, bu ənənə ilahi vəhydən qaynaqlanmır və tarixin axarında müsəlman mədəniyyətinin ərsəyə gətirdiyi bir hadisədir. Dinin tələbi, hökmü deyil, sadəcə bir ənənədir.
İslamın ilahi vəhydən qaynaqlanan rəmzi rəngi insanların ilahi rəngə boyanması, yəni Allah adamı olması, ilahi-mənəvi dəyərlər əsasında həyat sürməsidir.

Ölkə.Az

