Gündəm 

Amnistiyanın sevindirdiyi 15 min adam – davamı olacaq

Beş mindən çox məhkumun  azadlığa çıxması cəzaçəkmə müəssisələrinin yükünü azaldacaq

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar verilmiş amnistiya aktı 15.119 şəxsə tətbiq edilib. Əfv olunanlardan 5.148 nəfəri müddətli həbs cəzasından, 8.914 nəfəri isə həbslə bağlı olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1045 şəxsin cəzası altı ay azaldılıb. Daha 12 nəfər cinayət məsuliyyətindən (ədliyyə orqanlarının istintaq yurisdiksiyası altında) azad edilib.

İslah müəssisələrində cəza çəkənlərdən 15 nəfəri Böyük Vətən Müharibəsində iştirak etdiklərinə görə, 15 nəfəri isə əfv fərmanı verildiyi tarixə qədər 60 yaşına çatdıqlarına görə azadlığa buraxılıb. Əfv olunanlardan 1216-sı ciddi ictimai təhlükə törətməyən cinayətlər, 13054-ü az ağır cinayətlər, 849-u isə ağır cinayətlər törədib.

Əfv olunanlardan 14345-i kişi (18-i yetkinlik yaşına çatmayan) və 774-ü qadındır.

Əfvin tətbiqi davam edir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əfv sərəncamının 19 min 200 nəfərə şamil edilməsi nəzərdə tutulurdu: “Hazırda isə onlardan 15.119 şəxsə tətbiq edilib. Ədliyyə Nazirliyi və onun Penitensiar xidməti üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər və davam edirlər.

Məhkumların sayı nəzərdə tutulan limitdən artıq idi. Bu da təbii ki, həbsxanalarda nəzarət işinin çətinləşməsinə səbəb olurdu, həm də məhkumların qanunla onlara verilən hüquqları müəyyən qədər çətinliklə reallaşırdı. Məhkumlar konkret yer sayından çox olduqlarına görə onların şərait səviyyəsini gündəmdə saxlamaq asan olmurdu. Bu baxımdan amnistiya aktının olması vacib və gözlənilən idi. Əfv sərəncamının icrasının bitməsinə bir neçə ay var, amma göründüyü kimi, icranın böyük hissəsi yerinə yetirilib. Güman edirəm ki, yaxın vaxtlarda sərəncamın icrası yaxın vaxtlarda tamamlanacaq”.

Əliməmməd Nuriyev də namizədliyini geri götürdü

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, 2 ay müddətinə amnistiya aktının 15.119 şəxsə tətbiq edilməsi icranın yüksək səviyyədə təşkilini göstərir: “Amnistiya aktının ən riskli məsələsi də məhz onun icrası idi. Bu baxımdan rəqəmlər də ortaya maraqlı məqamları çıxarır. Amnistiya yalnız azsaylı təhlükəsiz kateqoriyaya yox, qanunda nəzərdə tutlmuş geniş çevrəyə şamil olunub. Məhkəmə və icra qurumları arasında bu məsələdə çox yaxşı koordinasiya yaranıb. Nəticədə icra prosesi nəzərdə tutlan müddətə və daha tez həyata keçirilir.

Amnistiya aktının icra xüsusiyyəti odur ki, fərdi qiymətləndirmə ilə aparılır. Yəni avtomatik mexanizm deyil. Məsələnin humanitar və sosial aspektinə də diqqət yetirək. 15 mindən artıq şəxsə tətbiq edilibsə, bu, 15 min ailə, sosial mühit deməkdir. 15 min şəxs yeni həyata başlayıb”.

Ə.Nuriyev bildirir ki, şəxs barəsində amnistiya aktı doğru tətbiq edilməzsə, onun şikayət vermə imkanı var: “Bu, amnistiya aktında nəzərdə tutulur. Ona görə də biz qarşıdakı müddətdə şikayətlərlə qarşılaşa bilərik. Ümumilikdə isə hazırkı şəraitdə amnistiya aktının belə icra olunması məsələyə peşəkar yanaşma, həm də bu aktın məsuliyyətlə icra olunmasını göstərir.  

5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad edilərək, azadlığa çıxması cəzaçəkmə müəssisələrinin yükünün azalmasına gətirib çıxarır.  Bu müəssisələrdə müəyyən bir sıxlıq var idi. Sıxlığın azalması həm məhkum axınının yüksək səviyyədə idarə edilməsinə, həm də məhkumlarla personal arasında münasibətlərin yaxşılaşmasına kömək edir. Yerlər azalırsa, yerdə qalan məhkumların saxlanma şəraiti də yaxşılaşacaq və intizamına müsbət təsir göstərəcək. Eyni zamanda məhkumlara dövlətin çəkdiyi xərc də azalır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi amnistiya qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Qeyd edək ki, indiyə kimi 13 amnistiya aktı qəbul edilib.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Daha çox xəbərlər