Cəmiyyət 

“El, nə deyər?” pərdəsi arxasında gizlənən zorakılıq

Daxili İşlər Nazirliyi (DİN) qadınlara və uşaqlara qarşı törədilən ailə-məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi profilaktik tədbirlər həyata keçirir. Nazirlik bu məsələyə təkcə cinayət baş verdikdən sonra müdaxilə prizmasından yanaşmır, eyni zamanda risklərin əvvəlcədən azaldılması, maarifləndirmə və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi xətti üzrə də sistemli iş aparıldığını bildirir.

“El, nə deyər?” pərdəsi arxasında gizlənən zorakılıq DİN-in mətbuat xidmətinin açıqlamasında vurğulanır ki, məişət zorakılığına qarşı mübarizə yalnız hüquqi reaksiya deyil, həm də sosial məsuliyyət, ictimai şüur və maarifçilik məsələsidir. Bu sahədə həyata keçirilən tədbirlər hüquqi, sosial və maarifləndirici xarakter daşıyır və məqsəd zorakılığın kök səbəblərinə qədər enərək onu önləməkdir.
Açıqlamada xüsusilə diqqət çəkən məqamlardan biri zorakılığa məruz qalan qadınların tez-tez eşitdiyi, cəmiyyətdə artıq stereotipə çevrilmiş ifadələrdir:
“Ailə içində olur belə şeylər”, “El, nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr”…
Bu cümlələr ilk baxışdan adi təsəlli sözləri kimi səslənsə də, əslində zorakılığın davam etməsinə, gizlədilməsinə və normal hal kimi qəbul olunmasına xidmət edən təhlükəli sosial mexanizmdir. Nazirlik bildirir ki, “ailə məsələsi” pərdəsi arxasında gizlədilən zorakılıq bir qadının şəxsi taleyi deyil, bu, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş hüquq pozuntusudur.

Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir. Əksinə, zorakılığın dərinləşməsinə, davamlı hala gəlməsinə və nəticədə daha ağır fəsadlar doğurmasına şərait yaradır.
DİN vurğulayır ki, belə hallarla üzləşən şəxslər üçün operativ müraciət imkanları mövcuddur. Nazirliyin “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası, eləcə də sosial şəbəkə hesabları zorakılıq hallarına vaxtında reaksiya verilməsi, zərərçəkənlərin müdafiəsi və zorakılıq edən şəxslərin cəzasız qalmaması üçün fəaliyyət göstərir. Yəni, bu mexanizmlər yalnız şikayət qəbul etmək üçün deyil, eyni zamanda həyat qurtarmaq üçündür.
Çünki məişət zorakılığı təkcə ailədaxili problem deyil. Bu, gələcək nəsillərin psixologiyasına, uşaqların dünyagörüşünə, cəmiyyətin sağlamlığına birbaşa təsir edən təhlükəli sosial bəladır.

Bəs niyə hələ də məişət zorakılığı “ailə sirri” kimi qəbul olunur? Susmaq doğrudanmı çıxış yoludur, yoxsa faciənin başlanğıcı?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təsisçisi və sədri Mehriban Zeynalova məsələ ilə bağlı Musavat.com-a danışıb. O, qeyd edib ki, burada əsas məsələ təkcə operativ müdaxilə deyil, koordinasiya məsələsidir:

“Həqiqətən, polisin son zamanlar bu sahədə gördüyü işlər çox təqdirəlayiqdir. Bildiyim qədər, 102 xidmətinə müraciətlərin sayı digər qurumlarla müqayisədə daha çoxdur. Bu, artıq bir reallıqdır. Hətta digər qurumlara edilən müraciətlər belə, əksər hallarda polisə yönləndirilir. Bu faktın özü göstərir ki, ilkin reaksiya və operativ müdaxilə baxımından əsas yük məhz polisin üzərinə düşür.
Lakin burada əsas məsələ təkcə operativ müdaxilə deyil, koordinasiya məsələsidir. Ayrı-ayrılıqda hər bir qurum çalışır ki, nəsə etsin, müəyyən addımlar atsın. Uşaqlarla bağlı demək olar ki, kifayət qədər yaxşı bir sistem formalaşıb. Bu sahədə mexanizmlər daha oturuşmuş vəziyyətdədir. Amma qadınlarla bağlı bu sistem hələ də tam formalaşmayıb. Çünki qadınlarla bağlı cəmiyyətdə hələ də köklü stereotiplər mövcuddur. Hələ də qohumlar 30, 40, 50 yaşlı qadınlar üzərində öz hökmünü yeridir. Hələ də ailələr öz rahatlığını, öz mühitində sakitliyi qorumaq üçün qadınları yenidən zorakılıq mühitinə qaytarır. “Döz”, “qayıt”, “ailəni dağıtma”, “el nə deyər” kimi yanaşmalar faktiki olaraq zorakılığı davam etdirən sosial mexanizmə çevrilir”.

Mehriban Zeynalova - Ens.az - 4 dildə xəbərlər və ...

Mehriban Zeynalovanın fikrincə, problemin digər tərəfi isə reinteqrasiya proqramlarının olmamasıdır:

“Qadın sığınacağa gəlir, reabilitasiya prosesi keçir, psixoloji dəstək alır. Amma iqtisadi gücü olmadığı üçün əksər hallarda yenidən zorakılıq mühitinə qayıtmağa məcbur olur. Yəni zorakılığı dayandırmaq çağırışı çox yaxşıdır, amma bu məsələdə sistem qurulmalıdır. Zəncirin bütün həlqələrinin yerində olması vacibdir. Bu həlqələrdən biri də reabilitasiya prosesi başa çatdıqdan sonra həmin şəxsin iqtisadi imkanlarının gücləndirilməsi ilə bağlı proqramların olmasıdır. O cümlədən onun təhlükəsizlik məsələsi təmin olunmalıdır. Çünki elə təhlükələr var ki, fiziki güc tətbiq edilmir, amma sözlə, təhdidlə, psixoloji təzyiqlə insan daim qorxu altında saxlanılır. Psixoloji təzyiqlə bağlı məsuliyyət meyarları qanunvericilikdə daha aydın şəkildə göstərilməlidir ki, insanlar bilsinlər: bəli, bunu sübut edə bilərəm, bu hal hüquqi məsuliyyət yaradır və mən hansısa formada dəstək ala bilərəm.

Yəni bəli, işlər görülür, amma sistem tam şəkildə formalaşmayıb. Bu da bəzi hallarda güvən hissini azaldır. Bunun bir tərəfi ailələrdən, qohumlardan qaynaqlanırsa, digər tərəfi sistemin hələ də tam təkmilləşməməsindən irəli gəlir”.

Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

Xarici ölkə praktikasından hansını tətbiq etməyə ehtiyac var?” sualına Mehriban Zeynalova bu cür cavab verib:

“Biz hansısa modeli olduğu kimi ölkəmizə gətirib tətbiq edə bilmərik. Söhbət ondan gedir ki, məsələn, reabilitasiya prosesində həmin modeli olduğu kimi tətbiq edirik, amma bəzi hallarda bu, yeni travmalar yaradır. Çünki biz ənənəvi olaraq ailələrlə, qohumlarla işləməliyik. Amma bu hissə lazımi səviyyədə işlənmir.

Biz qadını ailə və qohum mühitindən ayırıb ona yeni güc verməyə çalışırıq, amma çox vaxt həmin insanın nə o qədər sosial potensialı, nə də intellektual hazırlığı olur ki, bu yeni mühiti təkbaşına daşıya bilsin. Eyni zamanda, cəmiyyət də bu gücü kifayət qədər qiymətləndirə bilmir.
Məsələn, bizdə uşaqlıqdan hədəf qoymaq, həyat mövqeyini formalaşdırmaq vərdişi zəifdir. Sığınacağa gələn qadınlardan soruşuruq: “Hədəfin nədir? Boşandıqdan sonra gələcək planın nədir?” Görürük ki, təməldə məqsəd və hədəf anlayışı formalaşmayıb. İnsan öz həyatının istiqamətini müəyyən edə bilmir.

Bu yaxınlarda İsveçdə ailə, qadın, uşaq məsələləri ilə məşğul olan qurumlarla tanışlıq imkanımız oldu. Məsələn, İsveçdə bu mübarizə üçün ayrıca dövlət büdcəsi ayrılır. Hər bir proqramın icrası üçün kifayət qədər maliyyə vəsaiti nəzərdə tutulur. Bu, sistemli yanaşmanın əsas şərtidir. Bizdə isə bu sahəyə kifayət qədər büdcə ayrılmır.

Nəticədə, operativ müdaxilə var, çağırış var, maarifləndirmə var. Amma sistemli, zəncirvari, uzunmüddətli və iqtisadi dayaqlara söykənən mexanizm hələ də tam formalaşmayıb. Zorakılıqla mübarizə təkcə cinayət baş verəndə reaksiya vermək deyil, zorakılığın qurbanının gələcək həyatını təhlükəsiz, müstəqil və dayanıqlı şəkildə qurmasına şərait yaratmaqdır”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər