Ramazan ayı insanın mənəvi kamilləşməsi üçün MÜHÜM FÜRSƏTDİR – MÜSAHİBƏ
Xoş gəldin, on bir ayın Sultanı…
İlahiyyatçı: Ramazan ayı insanı daha məsuliyyətli, daha mərhəmətli və daha anlayışlı olmağa çağırır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, müqəddəs ayın ilk günü fevralın 19-na təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edib, Uca Allah- Təaladan müqəddəs orucluq ayında ibadətlərin qəbula yetməsini diləyib. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir.
Bununla əlaqədar ilahiyyatçı, “Mirtağı” məscidin imamı Seyyid Murad Paşazadə “İki sahil”ə müsahibəsində Ramazanın dini, mənəvi və ictimai əhəmiyyətindən bəhs edib.

– Ramazan ayının müsəlmanların həyatında rolu nədən ibarətdir?
– Bildiyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən elan olunan fətvalar həm dini qaydalara, həm də elmi-astronomik hesablamalara əsaslanır. Bu qərar cəmiyyətimizdə ibadətlərin vaxtında və düzgün şəkildə icrasına şərait yaradır. Ramazan ayının fevralın 19-da başlanması möminlər üçün aydınlıq yaradır və dini birlik baxımından mühüm əhəmiyyət daşıyır.
Ramazan İslam dünyasında mənəvi tərbiyə ayı kimi qəbul olunur. Bu ay insanın nəfsini tərbiyə etməsi, səbirli olması, pis əməllərdən çəkinməsi və xeyirxah işlərə yönəlməsi üçün xüsusi fürsətdir. Oruc yalnız yeməkdən və içməkdən imtina deyil, eyni zamanda pis sözlərdən, qəzəbdən, ədalətsiz davranışdan uzaq durmaq deməkdir. Ramazan ayı insanı daha məsuliyyətli, daha mərhəmətli və daha anlayışlı olmağa çağırır. Allah-Təala bu ayı Ona iman edən insanlar üçün fəzilətli edir. Ramazan ayı və onun orucu İlahi əmridir, bu barədə Qurani-Kərimin “Bəqərə” surəsində belə buyurulur: “Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun…”
– Bu müqəddəs ayda hansı ibadət və əməllər xüsusilə tövsiyə olunur?
– Ən başlıca ibadətlərdən biri Qurani-Kərimin oxunması və mənasının dərk edilməsidir. Bununla yanaşı, ehtiyacı olan insanlara yardım göstərmək, sədəqə vermək, kimsəsizlərin qayğısına qalmaq Ramazanın əsas ruhunu təşkil edir. Ailə üzvləri və qohumlarla münasibətlərin möhkəmləndirilməsi, küsülülərin barışdırılması da bu ayın savab əməllərindəndir.

– Ramazan ayının cəmiyyətə təsiri barədə nə deyə bilərsiniz?
– Ramazan ayı cəmiyyət daxilində həmrəylik və qarşılıqlı dəstək mühitini daha da möhkəmləndirir. Bu dövrdə insanlar bir-birinin halına daha həssas yanaşır, ehtiyacı olanlara yardım göstərmək mənəvi borc kimi qəbul olunur. Sosial məsuliyyət hissinin güclənməsi nəticəsində xeyriyyə aksiyaları, ianə kampaniyaları və könüllü təşəbbüslər daha geniş miqyas alır. Xüsusilə aztəminatlı ailələrə, ahıllara və tənha insanlara göstərilən diqqət cəmiyyətin humanist dəyərlər üzərində formalaşmasına mühüm töhfə verir.
Bununla yanaşı, Ramazan ailə münasibətlərinin möhkəmlənməsinə də müsbət təsir göstərir. İftar süfrələri ətrafında insanların bir araya gəlməsi ünsiyyəti artırır, mehribanlıq və anlayış mühitini gücləndirir. Küsülülərin barışması, qohumluq əlaqələrinin bərpası bu ayda daha çox müşahidə olunur. Nəticə etibarilə Ramazan təkcə fərdi ibadət ayı deyil, həm də cəmiyyətin mənəvi dəyərlər əsasında birləşdiyi, sosial həmrəyliyin gücləndiyi mühüm bir dövrdür ki, bu da uzunmüddətli perspektivdə sağlam və dayanıqlı ictimai inkişaf üçün möhkəm zəmin yaradır.
– Gənclər üçün Ramazanın hansı mənəvi dərsləri var?
– Ramazan ayı gənclər üçün yalnız oruc tutmaqla məhdudlaşan bir ibadət dövrü deyil, eyni zamanda iradə tərbiyəsi və mənəvi kamilləşmə məktəbidir. Bu ay gənclərə nəfsinə nəzarət etməyi, səbirli olmağı və öz davranışlarına məsuliyyətlə yanaşmağı öyrədir. Gün ərzində yeməkdən və içməkdən uzaq qalmaqla yanaşı, mənfi düşüncələrdən, kobud sözlərdən və zərərli vərdişlərdən çəkinmək insanın daxili intizamını möhkəmləndirir. Ramazan ayı vaxtın düzgün bölgüsünə xüsusi diqqət yetirməyi təşviq edir. İbadət, təhsil, əmək fəaliyyəti və ailə həyatı arasında tarazlıq yaratmaq gənclərin gələcək həyatında da nizam-intizamlı olmalarına mühüm təsir göstərir. Ramazanın fəlsəfəsini dərindən dərk edən gənclər mərhəmət, paylaşmaq və başqasının halını anlamaq kimi ali dəyərləri həyatlarının əsas prinsipinə çevirirlər. Nəticə etibarilə bu müqəddəs ay onların həm mənəvi, həm də vətəndaşlıq baxımından məsuliyyətli, dürüst və faydalı fərd kimi formalaşmasına güclü zəmin yaradır.
– Sonda oxucularımıza hansı mesajı vermək istərdiniz?
– Arzu edərdim ki, hər kəs Ramazan ayını yalnız formal ibadət dövrü kimi deyil, daxili dəyişiklik və saflaşma fürsəti kimi dəyərləndirsin. Bu ayda edilən xeyirxah əməllər, göstərilən mərhəmət və anlayış il boyu davam etsə, cəmiyyətimiz daha sağlam və daha güclü olar. Uca Allah tutulan orucları və edilən duaları qəbul etsin.
Orxan Vahidoğlu, “İki sahil”

