İbadət və ictimai həmrəylik
İlahiyyatçıya görə, Ramazan fürsət ayıdır
Fevralın 19-dan etibarən milyonlarla insan oruc ibadətinə başlayacaq. Ramazan yalnız aclıq və susuzluq deyil, həm də səbir, mərhəmət, paylaşma və daxili intizam ayıdır.
Ramazan ayı İslamın beş əsas şərtindən biri olan oruc ibadəti ilə xarakterizə olunur. Oruc tutan şəxs sübh azanından gün batana qədər yeməkdən, içməkdən və orucu pozan digər hallardan çəkinir. Lakin bu ayın mahiyyəti təkcə fiziki imtina ilə məhdudlaşmır. Ramazan insanın özünü hesaba çəkməsi, mənəvi balansını bərpa etməsi, gündəlik həyatın qayğıları içində unudulan dəyərlərə yenidən qayıtması üçün fürsətdir. Bu ayda namazlara daha həssas yanaşmaq, Qurani-Kərimi oxumaq və mənasını anlamağa çalışmaq, ehtiyacı olanlara yardım etmək, qohumluq əlaqələrini möhkəmləndirmək, qeybət, yalan və aqressiyadan uzaq durmaq tövsiyə olunur. İnanclara görə, bu ayda edilən yaxşı əməllərin savabı qat-qat artıqdır.
Təəssüf ki, hər il Ramazan ayına qarşı müəyyən mənfi yanaşmalar müşahidə edilir. Bəzən dini ibadətlər gerilik və ya fanatizm kimi təqdim olunur, sosial şəbəkələrdə oruc tutanlara qarşı istehzalı münasibətlər sərgilənir. Halbuki müasir dünyada din və mənəviyyat şəxsi seçim və vicdan məsələsidir. Ramazan kiməsə zorla qəbul etdirilən bir praktika deyil. Bu, fərdin inancı və daxili ehtiyacı ilə bağlıdır. Dözümsüzlük isə istənilən istiqamətdə – istər dini, istərsə də dünyəvi baxışlara qarşı – cəmiyyət üçün zərərli tendensiyadır. Qarşılıqlı hörmət və anlayış sağlam ictimai münasibətlərin əsasını təşkil edir.
Ramazan ayı yalnız Azərbaycanda deyil, dünyanın bütün müsəlman ölkələrində və müsəlman icmalarının yaşadığı regionlarda qeyd olunacaq. Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Pakistan, İndoneziya, İran və digər ölkələrdə milyonlarla insan oruc tutacaq. Eyni zamanda Avropa ölkələrində, ABŞ-də, Kanadada və Rusiyada yaşayan müsəlman icmaları da bu müqəddəs ayı qeyd edəcəklər. Ramazan coğrafiya tanımır, fərqli millətləri və mədəniyyətləri eyni mənəvi dəyər ətrafında birləşdirir.

Elvüsal Məmmədov
İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ramazan fürsət ayıdır. Onun sözlərinə görə, bu ay tövbə edib Allaha qayıtmaq istəyənlər, qəflət içində ilahi göstərişləri yarımçıq yerinə yetirənlər və yaxşıya doğru dəyişmək istəyənlər üçün böyük imkandır. O qeyd edir ki, Ramazanı tövbə etməklə, bağışlanma diləməklə, dua və ibadətlə, daxili dəyişiklik niyyəti ilə keçirmək lazımdır.
İlahiyyatçı Qədr gecələrinin mahiyyəti barədə də danışıb: “Qədr gecəsi vaxtı dəqiq bilinən və bununla mahiyyəti adiləşən bir gecə deyil. Qədr son on gecəni ibadət, itaət, tövbə, Allahdan bağışlanma diləmək, nəfsi tərbiyə etmək və dua ilə keçirməyin adıdır. Bu gecə günahları avtomatik bağışlayan sehrli bir vasitə deyil; bağışlanma üçün insanın səmimiyyətlə Rəbbinə üz tutması vacibdir. Qədr gecəsi təsadüfən qarşıya çıxan və hər şeyi dəyişən mistik hadisə deyil, Ramazanın son günlərini layiqincə dəyərləndirmək üçün İlahi təşviqdir. Bəlkə də məhz buna görə bu gecə son on günün içində gizlədilib ki, hər gecə Qədr gecəsi kimi qəbul edilsin və ibadət simvolik mərasimə deyil, həqiqi mənəvi dönüşə çevrilsin. Son günləri fürsət bilmək və bu ayı mənəvi yenilənmə ilə başa vurmaq hər bir mömin üçün ən böyük qazancdır”.
Yeri gəlmişkən, Azərbaycanda builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub. Bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə verdiyi fətvada əksini tapıb. Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib: “Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək”.
Hazırladı: Afaq Mirayiq

