Qida məhsullarının etiketində şəffaflıq: AQTA bu prosesi NECƏ YOXLAYIR?…
Müasir dövrdə qida məhsullarının etiketləri yalnız məhsulun kimliyini göstərən bir vasitə deyil, həm də istehlakçının sağlamlığı və məlumatlı seçimi üçün həyati önəm daşıyan bir informasiya mənbəyidir. Etiketlərdəki məlumatların dəqiqliyi və şəffaflığı istehlakçıların qida təhlükəsizliyinə olan inamını gücləndirir və eyni zamanda qanunvericiliyə uyğun istehsalın təmin edilməsinə xidmət edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu sahədə aparılan nəzarət tədbirləri, qanun pozuntularının qarşısının alınması və istehlakçıların məlumatlandırılması istiqamətində görülən işlər istehlakçı hüquqlarının qorunmasında mühüm rol oynayır.
Bu baxımdan mövzu ilə bağlı əsas nüanslara işıq tutmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.
AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, həyata keçirilən planlı və plandankənar yoxlamalar, həmçinin dövri olaraq aparılan monitorinqlər çərçivəsində qida məhsullarının üzərindəki etiket məlumatlarının “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununu 17-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılır. Uyğunsuzluq aşkar edildiyi hallarda sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati məsuliyyət tədbirləri görülür. Həmçinin etiket məlumatlarında uyğunsuzluq aşkar edilmiş məhsullar satışdan çıxarılır və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində icrası məcburi göstərişlər verilir.

Sorğumuz çərçivəsində ortaya çıxan vacib məqam isə etiket məlumatlarının sağlamlıq baxımından əhəmiyyətidir. Bu kontekstdə AQTA-ya “Qida məhsullarının etiketlərində allergen maddələrin göstərilməsi hansı normativ sənədlərlə tənzimlənir və bu tələblərə əməl olunmaması istehlakçı sağlamlığı üçün risk kimi qiymətləndirilirmi” məzmununda sual verdik. Qurumdan sorğumuza gələn cavab belə
oldu: “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir: − qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri); − xərçəngkimilər; − mollyusklar; − yumurta; − balıq; − yer fındığı; − soya; − süd və süd məhsulları (laktoza daxil olmaqla); − qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, braziliya qozu, fıstıq, makadamiya); − kərəviz; − xardal; − küncüt; − kükürd dioksid və sulfitlər; − acıpaxla”.
Əlavə olaraq o da diqqətə çatdırıldı ki, bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır. Allergenlərin etiketdə düzgün göstərilməməsi istehlakçılar üçün ciddi sağlamlıq risklərinə gətirib çıxara bilər. Xüsusilə allergiyası olan şəxslərdə allergik reaksiyalar, anafilaktik şok və digər təhlükəli nəticələr yarana bilər. Buna görə də allergen məlumatının təqdim edilməsi istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsi üçün vacib şərtdir.
Etiketlərdəki sağlamlıq və allergen məlumatlarından sonra növbəti diqqət mərkəzi qida məhsullarında “təbii”, “orqanik” və “GMO-suz” kimi ifadələrin istifadəsi və bu ifadələrə nəzarətdir. Bu istiqamətdə AQTA-ya verilən sorğuda istehsalçılardan hansı sübutedici sənədlərin tələb olunması və nəzarətin necə həyata keçirildiyini dəqiqləşdirdik:“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır. Bu sahədə qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və belə halların qarşısı qətiyyətlə alınır. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ekoloji təmiz kənd təsərrüfatı kimyəvi-sintetik maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsini və heyvanların yetişdirilməsini, habelə ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılmasını əhatə edir. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, eləcə də satışa çıxarılan məhsullar hesab olunur. Bu sahədə uyğunluğun təmin edilməsi məqsədilə ekoloji müşahidə həyata keçirilir, istehsal və emal prosesləri araşdırılır, müşahidə və təhlillər aparılaraq müvafiq orqanlara və təsərrüfat subyektlərinə məlumatlar təqdim olunur. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları yalnız müvafiq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən “EKO” və ya “EKO-keçid” sözləri göstərilməklə markalana bilər və bu markalanma qida təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə uyğun həyata keçirilir”.
Bu məqamda diqqət yetirmək lazımdır ki, qida məhsullarının etiketlərinin düzgün və tam Azərbaycan dilində təqdim olunması istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. “İdxal olunan qida məhsullarının etiketlərinin Azərbaycan dilində tərtib olunmaması və ya natamam olması hallarında həmin məhsulların satışına icazə verilməməsi mexanizmi necə tətbiq edilir” sualına AQTA-nın cavabı belə oldu: “Aparılan planlı və plandankənar yoxlamalar, həmçinin dövri olaraq monitorinqlər zamanı qanunvericiliyə uyğun şəkildə Azərbaycan dilində markalanması aparılmayan idxal olunmuş qida məhsulları aşkar edildiyi hallarda həmin məhsulların satışı dayandırılır, sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati məsuliyyət tədbirləri görülür. Bundan əlavə, sahibkara icrası məcburi göstərişlər verilərək etiket məlumatlarının Azərbaycan dilinə tərcüməsi təmin edildikdən sonra məhsulların satışına icazə verilir”.

Gələcəyə baxışda isə AQTA qida məhsullarının etiketlənməsi və istehlakçıların məlumatlandırılması sahəsində prioritet işlər müəyyən edir:”İstehlakçıların sağlamlığının və maraqlarının daha yüksək səviyyədə qorunması məqsədilə qida məhsullarının etiketlənməsi və istehlakçıların məlumatlandırılmasını əhatə edən yeni texniki-normativ sənəd hazırlanır. Hazırlanmaqda olan sənəd qida məhsulları haqqında təqdim edilən informasiyanın sağlamlıq, iqtisadi, ekoloji, sosial və etik mülahizələri nəzərə alaraq istehlakçılara məlumatlı seçim etmək və qida məhsulundan təhlükəsiz istifadə etmək imkanı yaradacaq. Bu yanaşma istehlakçıların sağlamlığının və qanuni maraqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Bununla yanaşı, etiketləmə zamanı məlumatların aydın, dəqiq və istehlakçını çaşdırmayan formada təqdim

