Cəmiyyət 

Plastik cərrahlar yenə “ömür kəsir”

Pasiyentlər həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verir

Bakı sakini Nigar İsmayılova (1983-cü il təvəllüdlü) paytaxtdakı MediHall klinikasında bədən konturu əməliyyatı keçirdikdən bir neçə gün sonra, fevralın 13-də vəfat edib.

Baş Prokurorluğun Mətbuat Xidməti Haqqin.az saytının sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.media mövzu ilə bağlı araşdırma aparıb.

Müəyyən edilib ki, “Medi Hall” hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər “MedAura” klinikasında fəaliyyət göstərib və həmin dövrdə pasiyentlərin çoxsaylı şikayətləri ilə üzləşib. Araşdırmalar zamanı o da məlum olub ki, Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədovanın üz quruluşu tamamilə dəyişərək tanınmaz hala düşüb. Digər bir neçə pasiyentdə də ciddi estetik və sağlamlıq problemləri qeydə alınıb.

Bundan əlavə, iddialara əsasən, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqovanın vəziyyəti abdominoplastikadan bir gün sonra pisləşib və o, təkrar əməliyyata alınıb. Qanaxma nəticəsində Arzu ikinci əməliyyat masasında keçinib. Mərhumun ailəsi onda heç bir yanaşı xəstəliyin olmadığını, ölümün həkim səhlənkarlığı ucbatından baş verdiyini bəyan edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Məhəmmədovanın adının olmadığını açıqlayıb.

Belə aydın olur ki, çoxsaylı pasiyentin sağlamlığına zərər vuran və ölümlə nəticələnən əməliyyatlar icra edən Nigar Məhəmmədova fəaliyyətini davam etdirir. Uzun müddət “MedAura”da baş həkim, daha sonra Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışan həkimin hazırda “Medi Hall”da baş həkim vəzifəsini icra etdiyi məlum olub.

Bu hadisə estetik cərrahiyyə sahəsində nəzarət mexanizmlərinin qənaətbəxş olmadığını bir daha sübut edir. Adı dəfələrlə uğursuz, ölüm və şikəstliklə nəticələnən əməliyyatlarda hallanan Nigar Məhəmmədova və onun çalışdığı klinikalar barədə hələ ki ciddi araşdırma aparılmayıb.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi | Modern.az

Tanınmış həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Biz dəfələrlə demişik ki, bu sertifikat imtahanları ləğv olunmalı, əvəzində akkreditasiya və kredit-bal sisteminə keçilməlidir. Bu modeldə hər bir həkimin lisenziya almazdan əvvəl bütün sənədləri yoxlanılır və ona konkret müddət üçün fəaliyyət icazəsi verilir. Həmin müddət başa çatdıqdan sonra isə həkimin nə qədər kredit-bal topladığı, peşəkar inkişaf səviyyəsi, ixtisasartırma fəaliyyəti, eləcə də fəaliyyəti dövründə yaranmış problemlər araşdırılır və yalnız bundan sonra lisenziyanın uzadılması barədə qərar qəbul olunur. Dünyanın əksər ölkələri məhz bu sistemlə işləyir. Əks halda, imtahanı müxtəlif yollarla keçən, amma real peşəkar bacarığı sual doğuran həkimlərin olması qaçılmazdır. Bu səbəbdən sertifikasiya imtahanları ləğv edilməli, kredit və lisenziya sisteminə keçid təmin olunmalıdır. Bu, məsuliyyəti artıran və hüquqi məsuliyyəti konkretləşdirən yeganə effektiv mexanizmdir. Belə boşluqlar olduqda isə təbii ki, bundan sui-istifadə edənlər tapılır”.

Həkim əlavə edib ki, baş vermiş bu hadisə isə mütləq araşdırılmalıdır: “Ölümün səbəbi birbaşa və obyektiv şəkildə müəyyən edilməlidir – bu, son dərəcə vacib məsələdir. Yalnız ölüm səbəbi dəqiq müəyyən edildikdən sonra burada hansı səhvə yol verildiyini demək mümkündür. Digər tərəfdən, məsələni tibbi komissiya araşdıracaq və onların rəy və nəticəsi həlledici əhəmiyyət daşıyacaq”.

Tural Abbaslının xanımı namizədliyini irəli sürməsinin “sirrini” açdı -  Globalinfo.az

Səhiyyə iqtisadiyyatı üzrə ekspert Nərmin Abbaslı da “Yeni Müsavat”a diqqətçəkən fikirlər söyləyib: “Qeyd olunan hadisə olduqca ağırdır. Bir insanın həyatını itirməsi və ya sağlamlığının bərpası, mümkün olmayan dərəcədə zərər görməsi heç bir halda “pasiyentin günahı” kimi sadələşdirilə bilməz. Burada həm hüquqi, həm tibbi, həm də etik müstəvidə ciddi boşluqlar var.  Əgər Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında həkimin adı yoxdursa, bu, onun ixtisaslaşma sahəsi üzrə qanuni fəaliyyət göstərmədiyini göstərir. Bəs nəzarət mexanizmi haradadır? Bu həkimlərin aidiyyəti üzrə fəaliyyət göstərib-göstərmədiyini yoxlayan mexanizm demək olar ki, bizdə işlək deyil ki, belə özbaşınalıqlar baş verə bilir. Bir klinikanın adı mütəmadi olaraq uğursuz əməliyyatlarda hallanan şəxsi baş həkim təyin etməsi, həmin müəssisənin də daxili nəzarət mexanizminin sıfıra bərabər olduğunu göstərir.

Pasiyent heç vaxt öz ölümünə görə günahkar deyil, amma müasir dövrdə “pasiyent ehtiyatlılığı” deyilən bir anlayış var. Sosial şəbəkələrdəki parıltılı reklamlar və “marketinq hiylələri” çox vaxt insanların riskləri düzgün qiymətləndirməsinə mane olur. Pasiyentlər bəzən həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verirlər. Amma bu yenə də pasiyentə qarşı edilən tibbi səhlənkarlığa bəraət qazandırmır. Dövlət nəzarət mexanizmləri elə qurulmalıdır ki, lisenziyası olmayan və ya adı ölüm hallarında hallanan şəxs sərbəst şəkildə fəaliyyətini davam etdirə bilməsin. Bu məsələdə günahı pasiyentdə axtarmaq yox, problemi görməzdən gəlmək əvəzinə həllinə çalışmaq lazımdır. Həkimin öz ixtisasından kənar riskli əməliyyatlar etməsi, klinikanın mənfəət naminə buna şərait yaratması və aidiyyəti qurumların əvvəlki şikayətlər əsasında preventiv tədbirlər görməməsi insanların həyatları bahasına başa gəlir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Daha çox xəbərlər