Xocalı soyqırımının 34-cü ili-Torpaqlarımızın işğalında Rusiyanın əli…
Qarşıdan Xocalı soyqırımının 34-cü il dönümü gəlir. Hər il bu faciənin ildönümü ərəfəsində qanlı səhifəni bir daha vərəqləyərkən, hadisələrin arxasındakı siyasi və hərbi reallıqları açıq şəkildə ifadə etmək zərurətinə daim ehtiyac yaranır. Xüsusilə də, keçmiş sovet ordusunun tərkibində fəaliyyət göstərmiş 366-cı motoatıcı rus alayının soyqırımda iştirakı yenidən gündəmə gəlir.
Eyni zamanda, Xocalı faciəsinin fonunda 20 Yanvar qətliamı da müzakirə mövzusuna çevrilir. Əslində Xocalıdan iki il öncə Bakıda dinc əhaliyə qarşı həyata keçirilən qətllər artıq Kremlin Azərbaycana münasibətinin mahiyyətini bir daha göstərmişdi.
“Fevralın 26-sı Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biri – Xocalı soyqırımının ildönümüdür. 1992-ci ildə baş vermiş bu dəhşətli cinayət nəticəsində yüzlərlə dinc sakin xüsusi qəddarlıqla qətlə yetirildi, minlərlə insan yaralandı, əsir götürüldü və itkin düşdü. Bu, təkcə bir şəhərin deyil, bütövlükdə insanlığın faciəsi idi”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, tarixi faktlar bu faciədə heç də ermənilərin tək günahkar olmadığını sübut edir:
“Sübutlar göstərir ki, Xocalıda törədilən soyqırımı yalnız erməni silahlı birləşmələrinin əməli deyildi. Hadisələrin gedişi və mövcud sənədlər sübut edir ki, keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində olmuş və o zaman Xankəndidə yerləşən 366-cı motoatıcı alay birbaşa bu hücumda iştirak etmiş, ağır texnika və canlı qüvvə ilə erməni silahlı dəstələrinə dəstək verib. Onu da unutmayaq ki, 1992-ci ildə artıq SSRİ yox idi, alay da Rusiyaya tabe idi”.

V.İskəndərov deyib ki, bu fakt artıq təkzibolunmaz tarixdir: “Yəni Xocalı faciəsi və o faciədə rus-erməni işbirliyi təsadüfi hadisə deyildi. Ondan iki il əvvəl – 1990-cı il yanvarın 20-də Qara Yanvar zamanı sovet qoşunları Bakıya yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətmişdi. Həmin gecə Azərbaycanın müstəqillik iradəsi tanklar altında əzilməyə çalışıldı. Bu hadisə Moskvanın, Kremlin imperiya təfəkkürünün və işğalçı mahiyyətinin açıq təzahürü idi. 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı prosesi də məhz rus-erməni hərbi-siyasi tandemi çərçivəsində həyata keçirilib. Silah-sursat, hərbi texnika və peşəkar hərbçilərin iştirakı olmadan belə genişmiqyaslı işğalın həyata keçirilməsi mümkün olmazdı. Bu reallıq artıq tarixçilər və siyasi analitiklər tərəfindən dəfələrlə vurğulanıb. Azərbaycan torpaqlarının işğalı sırf etnik münaqişə deyil, geosiyasi maraqların məhsulu idi. Ermənistan bu prosesdə alət rolunu oynayırdı. Əslində isə məqsəd regionda təsir rıçaqlarını qorumaq və Azərbaycanın müstəqil siyasət yürütməsinin qarşısını almaq idi”.
Deputatın sözlərinə görə, bu baxımdan Xocalı soyqırımı və 20 Yanvar qətliamı eyni zəncirin halqalarıdır–imperiya düşüncəsinin, işğalçı siyasətin və regionda süni münaqişələr yaratmaq strategiyasının nəticəsidir ki, bunun da arxasından yalnız və yalnız Rusiyanın kölgəsi görünür:
“Bu gün Azərbaycan dövləti və xalqı həmin faciələri unutmur. Tarixi yaddaş həm ədalətin bərpası, həm də gələcək nəsillərin həqiqətləri bilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xocalı qurbanlarının xatirəsi qarşısında baş əyir, 20 Yanvar şəhidlərini ehtiramla yad edirik. Tarix göstərir ki, işğalçı siyasət uzunömürlü olmur. Ədalət gec də olsa öz yerini tutur. Azərbaycan xalqı bunu öz birliyi və iradəsi ilə sübut edib. Erməni cinayətkarlar ədalət mühakiməsi qarşısında cavab verirlər. Heç kəs şübhə etməsin ki, onlara bu işdə silah-sursat dəstəyi verənlər, onları xalqımıza qarşı cinayətlər törətməyə sövq edənlər də zamanı gələndə mühakimə olunacaqlar”.
Cavanşir ABBASLI
Musavat.com

