Gündəm 

Qlobal enerji diplomatiyasının nəbzi Bakıda döyünür

Təbii sərvətlərdən gələn gəlirlərdən səmərəli istifadə olunduqda…

Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda da öz sözünü deməyə müvəffəq olub. Belə ki, hazırda Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.  Elə bu kimi səbəblərdən bu gün Bakı dünya üzrə enerji siyasətçilərinin, şirkət rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin diqqət mərkəzindədir.

İyunun 1-də  Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Bu tədbirin əhəmiyyəti Türkiyə Prezidenti Ərdoğanın və Birləşmiş Krallığın Baş naziri Starmerin, həmçinin ABŞ Prezidenti Donald Trampın tədbirə ünvanladıqları nəzakətli məktublarında da əks olunub.  Məsələn, Trampın məktubuda deyilir ki, Azərbaycan bu sahədə kifayət qədər uğular əldə edib: “Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur”. 

Tədbirdəki çıxışında bu nüansa toxunan Prezident İlham Əliyev bildirib ki, enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Bu da səbəbsiz deyl. Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular: “Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz”.

Prezident, həmçinin vurğulayıb ki, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir: “Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir”.

Prezidentin fikrincə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir: “Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir”.

Ötən əsrin 90-cı illərin əvvəlində Azərbaycanın çətin günlər yaşadığını vurğulayan Prezident daha sonra bildirib ki, müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi: “Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu”. Azərbaycan təbii sərvətlərdən gələn vəsaitlə demək olar ki, bütün problemlərini həll etdi. Yoxsulluq səviyyəsi 5 faizə endi, işsizlik də təqribən eyni rəqəm səviyyəsinə endi. Xarici borcumuz əhəmiyyətli dərəcədə azaldı və s. Yeri gəlmişkən, bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.  Azərbaycan həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdı. Ən əsası 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu quruldu. Bu məqamda Prezidentin bu sözlərini də xatırlamaq yerinə düşər: “Ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı… Beləliklə, Azərbaycanın inkişafı, – istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, – bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Yeri gəlmişkən qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP kimi strateji qaz dəhlizləri vasitəsilə Azərbaycan uzun müddətdir ki, regional və Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır və indi bu rolu Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişləndirir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensialın neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəyi şübhəsizdir. Bu mənada demək olar ki, ölkəmiz enerjiyə keçid istiqamətində də əhəmiyyətli addımlar atmaqda davam edir.  Xatırladaq ki, hazırda   Azərbaycan qazını 16 ölkə alır. Onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər